Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla “Taxıl sazişi”ni müzakirə etmək niyyətindədir.
Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Türkiyə hökuməti iyulun 17-də icrası dayandırılmış “Taxıl sazişi” ətrafında vəziyyətin inkişafının üç ssenarisini müzakirə edir. Hakan Fidan məsələni rusiyalı həmkarı Sergey Lavrov və Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə müzakirə etməyi planlaşdırır. Bu məsələ ilə bağlı Türkiyə və Rusiya Prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş də keçirilə bilər.
Birinci ssenariyə görə, mövcud vəziyyətdən çıxış yolu tapılmayacaq və bu, ərzaq böhranının kəskinləşməsinə gətirib çıxaracaq. Bu isə Rusiya, Ukrayna və ABŞ-ın maraqlarına uyğun gəlmir. Belə olan halda tərəflər arasında dialoq kanalları tamamilə bağlanacaq, hərbi gərginlik artacaq.
İkinci ssenari birtərəfli hərəkətlər və ikitərəfli razılaşmalar əsasında alternativ yolların yaradılmasını, xüsusən də Ukraynanın kənd təsərrüfatı məhsullarının Dunay vasitəsilə və ya qurudan Avropaya çatdırılmasını nəzərdə tutur.
Üçüncü ssenariyə görə, Rusiyanın bəzi narahatlıqları aradan qaldırıldıqdan sonra “Taxıl dəhlizi” əvvəlki formatda fəaliyyətini bərpa edəcək.