Dayə sevgisi ilə böyüyən uşağın azalan ana sevgisi

Vəfa Rəşidova: “Ana 3 yaşına qədər övladına özü baxmalıdır, çünki…”

Əməkdar artist, müğənni Elza Seyidcahan qadın qətlləri ilə bağlı xanımları günahlandırıb. Bu barədə o, “BBC News Azərbaycanca”ya müsahibəsində deyib.

“Faciələrin qarşısını ancaq qadınlar özləri ala bilər. Qarşı tərəfi qıcıqlandırmamaq, özündən çıxartmamaqla. Kişi ilə uşağın kimi davranmalısan. Uşaq qaçır, qab sındırır, ana hər şeyə dözür… Kişilər uşaqlardan betərdir. Qadında beynin iki, kişidə bir tərəfi işləyir. Kişini coşduranda əlindən xəta çıxır. Qadınların çoxu ailə yox, karyera xəstəliyindədirlər. Uşaqları atırlar, dayəyə verirlər. Əgər uşağı dayəyə verəcəksənsə, niyə doğursan? Bu, nə zəmanədir? Bir qadın ki, ərin paltarını yumur… Dayə ərin paltarını, corabını yuyur. Sabah da əri alır arvadın əlindən. Sonra da deyir, dayə aldı ərimi əlimdən. Ərin paltarını özün yu, uşağa özün bax, bacarırsansa, işə də get. Əgər bacarmırsansa, otur evdə, işləmə”, – deyə Seyidcahan qeyd edib.

Elza Seyidcahan düzmü dedi? (“Əgər uşağı dayəyə verəcəksənsə, niyə doğursan?) Uşağa dayənin baxması onun ana-ataya sevgisini azaldırmı? Bu, uşağın psixikasında, gələcək həyatında hansı neqativ izlər buraxa bilər? Ümumiyyətlə, hansı yaşa kimi uşağa dayə tutmaq olmaz? Nəhayət, uşağı dayəyə verməklə bağçaya vermək arasında fərq varmı?

Məlum olduğu kimi, bəzən analar övladlarını saxlamaq, bəzən isə karyera naminə işləməyə üstünlük verirlər. Belə olan şəraitdə isə uşaqlar yaxın qohumlara çox zaman isə dayələrə etibar edilir.

Dayə seçərkən analar çox zaman övladına yaxşı baxan səmimi, dürüst, etibarlı insan tapmağa çalışırlar. Əslində uşağın etibarlı yerdə olması, qorunması, yeməyinin yedirilməsi, yuxu zamanı yatırdılması analar tərəfindən kafi hesab edilsə də, təəssüf ki, yetərli deyil.

Belə ki, mütəxəssislərə görə, körpənin inkişafı üçün boyunun uzanması və çəkisinin artması məqsədilə doğru qidalarla qidalandırılmaqla yanaşı, sevgi də lazımdır. Uşaqla isti və sevgi dolu ünsiyyət quran, ana yox ikən onun yerinə onu qucağına alan, onunla danışan, əylənən birinin olması mütləqdir.

Psixoloqların sözlərinə görə, laylalar, qarşılıqlı baxışıb gülümsəmələr, körpələrin ilk ünsiyyət bacarıqlarıdır. Və bildirirlər ki, uşağı hər “dayəyəm” deyənə etibar etmək olmaz. Bəzən 3-4 uşaq böyüdən qadınlar düşünürlər ki, yaxşı dayə ola bilərlər. Çox zaman yaşlı qadınlar dayə ola biləcəkləri haqqında elan verirlər. Amma hər bir valideyn övladını yaxşı anaya yox, yaxşı mütəxəssisə etibar etməlidir. Çünki 3-4 övlad böyüdən qadının əsəbləri uşaq böyüdükcə pozula, gərginləşə bilər.

Mütəxəssislərə görə, buna görə dayə seçərkən yaxınların, qohumların məsləhəti ilə deyil, bu işlə məşğul olan xüsusi insanların yardımından istifadə etmək lazımdır. Dayə uşağın yaşına uyğun davranış qaydalarını bilməlidir. Bunun üçün isə xüsusi kurs keçmiş dayələrə üstünlük verilməlidir. Dayə 0-3 yaşlı uşağa uyğun davranış qaydalarını bilməli, uşaq və böyük arasında qarşılıqlı münasibət qurmağı bacarmalı, uşaqla oyun oynamalı, sərhəd qoymağı bacarmalı, uşağın yaşıdları ilə münasibət qurmasına yardım etməli, onun ünsiyyət, danışma və dil inkişafını dəstəkləməli, yeyib-içməsinə xüsusi nəzər yetirməli, təmizliyinə fikir verməli, geyinib-soyunmasına yardım etməlidir.

Psixoloqlar həmçinin vurğulayır ki, uşağı ən azı 2 ayından sonra dayəyə etibar etmək olar.

Dayə yaxşı təhsil almış, şüurlu, mehriban, sağlamfikirli olmalıdır. Uşaq üçün seçilən dayə ən azı 20 yaşında olmalıdır. Çox azyaşlı və yaşlı şəxslərə o qədər də etibar etmək olmaz. Hər bir ana övladının dayəyə alışmasına yardım etməlidir. Uşağa onunla olacağını, ona baxacağını, onu yedirəcəyini başa salmalıdır.

Son dövrlərdə internet mediada “dayə və uşaq” problemləri ilə tez-tez qarşılaşırıq. Bəzi valideynlər evlərinə kamera qoyub dayəni izləyir, bəziləri isə sadəcə uşağın dediyi ilə qane olurlar. Mütəxəssislər bildirirlər ki, uşaq üçün ana ilə olan münasibətdən önəmli heç bir şey olmadığından ən azı 3 yaşına kimi hər bir ana öz övladına baxmalıdır.

Mövzu ilə bağlı psixoloq Vəfa Rəşidova “Yeni Müsavat”a danışıb: “Son illərdə  ən çox müzakirə olunan məsələlərdən biri də dayə mövzusudur. Bəzi insanlar bu məsələyə sərt, tənqidi yanaşır, bildirirlər ki dayə mövzusu onlar üçün məntiqə sığmır və sairə, amma bir sıra insanlar da var ki, buna normal yanaşır.

Vəfa Rəşidova: “Öyrəşdiyimiz həyatın sağlamlığımız üçün fəsadları var”

Vəfa Rəşidova 

Mən hesab edirəm ki, sadəcə, dayə məsələsini düzgün anlamaq lazımdır. Misal üçün, bir çoxları elə düşünür ki, əgər dayə tutublarsa, deməli, bütövlükdə uşağın hər bir qayğısını sona qədər dayə çəkməlidir. Amma əslində belə deyil. Normativdə də budur ki, dayə ana-atanın evdə olmadığı saatlarda ona diqqət və qayğını göstərir, valideynlər işini bitirib evə gəldikdən sonra  mütləq şəkildə evdə uşaqla vaxt keçirməlidir. Belə olmadığı haqda, uşaq daim dayənin qayğısı altında qalır, valideyn sevgisindən məhrum olur ki, bu da onun psixikasında ciddi neqativ izlər buraxır.

Əksər hallarda uşaqlar bu neqativlikləri, ondan yaranan depressiya halını daxilində gizlədirlər. Zaman keçdikcə isə bu neqativliklər başqa travmalara çevrilir, sevgi doyumsuzluğu yaranır, uşaq valideyninə “sən mənə baxmadın, qayğı göstərmədin” kimi aqressiya nümayiş etdirir. Onu da qeyd edim ki, bir çox psixoloji problemlər elə sevgi doyumsuzluğundan yaranır.

Olur ki, uşaq sevgini daim dayədən aldığından onda dayədən asılılıq yaranır. Hətta pasiyentlərim arasında da olub ki, dayə ilə aralarında asılılıq yarandığından, müəyyən vaxtdan sonra dayə dünyasını dəyişəndə ağır depressiyaya düşüb. Hətta valideyninin yanında olması belə ona təsir etməyib, anasına qarşı heç bir hiss yaşamayıb.

Bu baxımdan valideynlər hər zaman övladlarına qarşı diqqətli yanaşmalı, ona qayğı, sevgi verməlidir. Körpə ikən övladını özü yatızdırmalı, nağıl danışmalı, boş zamanlarında övladı ilə oyunlar oynamalıdır və sairə. Yəni uşaq valideyninin sevgisini hiss etməli, yaşamalıdır. Dayə nə qədər uşağa qayğı göstərsə də, valideynin yerini doldura bilmir. Sonda da boşluqlar içərisində aqressiv, travmalar yaşayan bir fərd ortaya çıxır. Bir sözlə, dayə tutanda bundan sui-istifadə etmək lazım deyil”.

Psixoloq uşaqların nənə öhdəliyində böyüməsi məsələsinə də toxunub: “Azərbaycanda əksər valideynlər dayə tutmasa da, övladlarını nənənin öhdəliyinə verir, dayə kimi övladına baxmasını istəyir. Yəni uşağı nənəsinin üstünə atırlar ki, sən baxmalısan. Nənə zatən yorulub, ömür boyu övladlarına baxıb, böyüdüb, indi də sizin uşaqlarınızı böyütmək məcburiyyətində deyil”.

“Hansı yaşa kimi uşağa dayə tutmaq olmaz” sualımıza isə Vəfa Rəşidova bu cür cavab verdi: “Fikrimcə, ana 3 yaşına qədər övladına özü baxmalı, qayğısına qalmalıdır. Çünki  3-5 yaş uşağın eqosentrik dövrüdür, “mən”in formalaşdığı vacib etapdır. Yəni  3-5 yaşda fərd formalaşır, valideyn bu dövrdə nə qoyursa, övladı o olacaq. Həmin dövrü valideyn övladı ilə doya-doya keçirməlidir ki, boşluq məhz bu yaşda başlayır. 3-5 yaş arası keçiddən sonra dayə tutmaq olar. Amma uşağı 3-5 yaş arasında dayə formalaşdıranda uşaq həmin dayənin xarakterində, onun ruh halında formalaşır və ana-atası ilə aralarında olan bağlılıq qopur”.

Mənbə

Share: