SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev və qohumlarının əməlindən zərərçəkənlər SOCAR prezidenti Rövnəq Abdullayevə müraciət ediblər.
AFN.az-a bu barədə zərərçəkənlərin özləri məlumat veriblər. Bildiriblər ki, V.Əliyevin baldızı oğlu Nicat Qarayev tərəfindən aldadılmaqları ilə bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılmasına baxmayaraq, V.Əliyevin hələ də vəzifədə olması istintaqın gedişatına təsir göstərir: “Baxmayaraq ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsində cinayət işi Vaqif Əliyevin oğlu Orxan Əliyevin müraciəti əsasında açılıb, biz əminik ki, Nicat Qarayevin bütün əməllərinin arxasında Vaqif Əliyev dayanıb. Bunu sübut edən dəlilləri də istintaqa təqdim etmişik. Lakin Vaqif Əliyev vəzifəsindən, nüfuzundan istifadə edərək istintaqda özünü “təmizə çıxarmağa” çalışır. Biz zərərçəkənlər olmağımıza rəğmən adıçəkilən idarədə ən çoxu müstəntiqlə görüşüb izahat verə biliriksə, Vaqif Əliyev birbaşa Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevlə görüşür, onunla iki saatlıq hansısa söhbətdən sonra çıxıb müstəntiqə izahat verib gedir. Bu isə tərəflər arasında ayrı-seçkilik deməkdir. Rövnəq Abdullayevə teleqram vuraraq bizi qəbul etməsini xahiş etmişik. Əgər o, müraciətimizə reaksiya verərsə ondan istintaq müddətində Vaqif Əliyevin SOCAR-dakı, oğlu orxan Əliyevin isə “Azfen”dəki işindən müvəqqəti də olsa kənarlaşdırılmasını, bizə dəymiş zərərin ödənilməsinin təmin olunmasında yardım etməsini xahiş edəcəyik”.
Zərərçəkənlər teleqammanı sentyabrın 20-də vurmalarına baxmayaraq, hələ bir reaksiya olmadığını bildiriblər: “Əgər Rövnəq müəllim bizi qəbul etməsə üzümüzü prezident İlham Əliyevə tutacağıq. Onun bu məsələdə məhz zərərçəkənlərin tərəfində olacağına şübhəmiz yoxdur”.
Qeyd edək ki, V.Əliyevin baldızı oğlu N.Qarayev “Azfen” BM-də layihə rəhbəri kimi işlədiyi dövrdə onlarla insanı etibardan sui-istifadə etməklə aldadıb, ümumilikdə 4 milyondan çox pulu dələduzluq yolu ilə mənimsəyib. Zərərçəkənlər iddia edirlər ki, onun bu əməlində xalasının həyat yoldaşı Vaqif Əliyev və oğlu Orxan Əliyev də iştirakçı olublar: “Sadəcə sonradan məbləğin şişdiyini gördükdə qaytarmamaq qərarına gələrək Nicatı “qurban” etdilər”.
Məsələ ilə bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Mənbə AFN.az