Rusiyanın kosmik sahəsinin nüfuzuna güclü zərbə…

Rusiyanın kosmik sahəsinin nüfuzuna güclü zərbə…

“Luna-25” planetlərarası kosmik stansiyası Ay səthi ilə toqquşaraq məhv olub

 

“Missiyanın əsas məqsədi enmə texnologiyasının işlənilməsi, çüxurun qazılması və su nümunələrinin öyrənilməsi olub…”

 

“Bu layihəyə hələ 1997-ci ildə başlanılıb, 2000-ci ildə buraxılış nəzərdə tutulub, lakin dəfələrlə təxirə salınıb…”

 

Rusiyanın üç gündən sonra Aya enməli olan planetlərarası “Luna-25” stansiyası enişdən öncəki orbitə keçə bilməyib.

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın kosmik uçuşlara cavabdeh olan “Roskosmos” dövlət agentliyi məlumat yayıb.

 

“Bu gün (19.08.23-red.) “Luna-25”-in içuş proqramına uyğun olaraq saat 14:10-da stansiyanın enişdən öncəki orbitə keçməsi üçün impuls verilib.

 

Əməliyyatın icrasının gedişində avtomatik stansiyanın bortunda ştatdankənar vəziyyət yaranıb və bu, verilən parametrlər üzrə manevr etməyə imkan verməyib”, – məlumatda deyilir.

 

Bu lakonik məlumatdan manevr zamanı “verilmiş parametrlərdən” nə qədər kritik sapma olduğu və vəziyyəti düzəltmək imkanının qalması aydınlaşmır.

 

Aydan 18 km yüksəkliklə olan enişdən öncəki  orbitə keçid üzrə manevr sadə deyil və xeyli yanacaq tələb edir.

 

Bu orbitdə aparat iki sutka ərzində Ay ətrafında 24 dövrə vurmalı və sonra cənub qütb rayonunda peykin səthinə enməlidir.

 

Missiyanın əsas məqsədi enmə texnologiyasının işlənməsi, həmçinin çüxurun qazılması və  uçucu birləşmələrin, ilk növbədə kometlər tərəfindən gətirilmiş donmuş su nümunələrinin öyrənilməsi olub.

 

Əgər həqiqətən böyük həcmdə su tapılacaqsa, bu, kosmonavtları gələcəkdə Yerdən su daşınmasından  xilas edər, habelə oksigenin və perspektivdə hidrogenin alınması üçün baza olardı.

 

Bu arada isə SİTA agentliyi “Roskosmos”a istinadən “Luna-25” stansiyasının məhvi barədə rəsmi məlumat yayıb.

 

“Luna-25” avtomatik stansiyanın Ayın səthi ilə toqquşması səbəbindən mövcudluğuna son qoyulub, SİTA-nın məlumatında deyilir.

 

Bu zaman “Roskosmos” agentliyinin nümayəndələri bəyan edib ki, stansiyanın məhv olması barədə məlumat ilkin xarakter daşıyır.

 

“İlkin təhlilin nəticələrinə görə, impulsun faktiki parametrlərinin sapması nəticəsində “Luna-25″ hesablanmayan orbitə keçib və Ay səthi ilə toqquşması nəticəsində onun mövcudluğuna son qoyulub”, – məlumatda deyilir.

 

Bundan öncə məlumat verilib ki, Rusiyanın stansiyası Ayda Amerikanın “Apollon” kosmik gəmilərinin enmə modullarının şəklini çəkə bilməyib.

 

Qeyd edək ki, “Luna-25” stansiyasının uçuşu uzun müddət ərzində hazırlanıb. Bu kosmik layihəyə hələ 1997-ci ildə başlanılıb, buraxılış isə 2000-ci ilə planlaşdırılıb. 

 

Buraxılış müddəti dəfələrlə maliyyə qıtlığı, texniki nasazlıqlar, sonradan Qərbin sanksiyaları ucbatından təxirə salınıb.

 

Nəticədə “Luna-25” yalnız 11 avqust 2023-cü ildə buraxılıb. Və stansiyanın Ayın səthi ilə toqquşaraq məhv olması Rusiyanın kosmik sahəsinin nüfuzuna güclü zərbədir.

Mənbə

Share: