Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan və onun görkəmli şəxsiyyətləri” adlı məqalə müsabiqəsinin bağlanış mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Misirdəki səfirlyinin, Azərbaycan Milli Məclisinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan cəmiyyətin sədri, Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki koordinatoru, tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, “Azərbaycan və onun görkəmli şəxsiyyətləri” adlı məqalə müsabiqəsi “Heydər Əliyev İli” çərçivəsində start verilmiş silsilə layihələrdən biridir. Azərbaycanın dahi şəxsiyyətinin həyat və fəaliyyətindən bəhs edən cəmiyyət sədri ölkəmizdə 30 il öncə baş verən ictimai-siyasi proseslərin canlı şahidi olduğunu xatırladıb. Bildirib ki, böyük risklərə və təhlükələrə baxmayaraq, Heydər Əliyev olduqca mürəkkəb dövrdə xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb. Misli görünməmiş məharətlə Azərbaycanın vətəndaş qarşıdurmasına, parçalanmaya sürüklənməsinin qarşısını alıb, dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına və dönməz xarakter almasına nail olub.
Tədbirdə çıxış edən Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov bildirib ki, xalqımızın görkəmli övladının 100 illik yubileyinin Misirdə geniş şəkildə qeyd olunması əlamətdar hadisədir. Çünki məhz Heydər Əliyev müasir Azərbaycanın Misir və ərəb dünyası ilə münasibətlərinin təməlini qoyan dahi şəxsiyyət olub. Bu məqam sübut edir ki, ulu öndər uzaqgörənliklə ərəb və müsəlman dünyası ilə siyasətin gələcəyini görürdü. “İndiki yüksəliş istiqamətində inkişaf edən əlaqələr bunun əyani sübutudur. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev öz ardıcıl addımları sayəsində münasibətlərimizi yeni zirvələrə qaldırmağa nail olub”.
Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov müsabiqə iştiraakçılarını təbrik edib. Belə tədbirlərin Heydər Əliyev irsinin təbliğı, gələcək nəsillərə çatdırılması, iki dost ölkə arasında əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığına diqqətə çatdırıb. Ulu öndərin müsəlman ölkələri ilə münasibətlərə hər zaman xüsusi həssaslıqla yanaşdığını, 90-cı illərin əvvəllərində müstəqil Azərbaycan dövlətinin rəhbəri kimi Misirə rəsmi səfəri ilə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verdiyini xatırladıb. Prezident İlham Əliyevin də Misirə rəsmi səfəri zamanı bu əlaqələrin yeni mərhələyə qədəm qoymasına nail olduğu, Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin bu ilin əvvəlində Azərbaycana rəsmi səfərinin də bu baxımdan əlamətdar hadisə olduğu vurğulanıb.
Onun sözlərinə görə, hazırda iki ölkənin parlamentləri arasında əlaqələr sürətlə inkişaf edir. Milli Məclisin sədri Sahibə Qafarovanın Misirə səfəri, eləcə də Misir Senatı və Nümayəndələr Palatası sədrlərinin Azərbaycana səfəri bu istiqamətdə münasibətlərin möhkəmləndirilməsinə xidmət edir.
Sonra iyul ayında elan edilmiş müsabiqənin qaliblərinin adları açıqlanıb. 6 qalibə pul mükafatı və müsabiqə iştirakçılarına diplomlar təqdim edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə müsabiqənin 5 qalibinin Azərbaycana səfəri nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqənin nəticələri ərəb mətbuatında geniş işıqlandırılıb.