Putinə baş qaldıran, müəmmalı qəzada ölən Priqojin KİMDİR…

Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. “Vaqner” muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var.

 

Təyyarə avqustun 23-də Moskva vaxtı ilə saat 18:40 radələrində Tver vilayətinin Boloqovski rayonunun Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. “Flightradar24″ün məlumatına görə, RA-02795 quyruq nömrəli “Embraer Legacy 600” təyyarəsi müntəzəm olaraq Moskva-Peterburq marşrutu ilə uçurdu. “Vaqner” təyyarəni 2020-ci ilin sentyabrında alıb.

 

“Vaqner”ə yaxın teleqram kanalları təyyarənin hava hücumundan müdafiə vasitəsi ilə vurulduğunu iddia edir. Qəzanın səbəbi hələlik məlum deyil.

 

İyun ayında Priqojinlə Rusiya ordusunun rəhbərliyi arasında gərginlik pik həddə çatıb. Priqojin iyunun 23-ü axşam saatlarında Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbələrinin endirildiyini və çoxlu sayda muzdlunun öldüyünü iddia edib. Rusiya Müdafiə Nazirliyi onun iddialarını təkzib edib. 

 

Ertəsi gün muzdlular Rostov və Voronejdəki hərbi obyektlərin tam ələ keçirildiyini açıqlayıblar. “Vaqner” lideri hərəkətlərinin hərbi çevriliş olmadığını diqqətə çatdırıb. Milli Antiterror Komitəsi isə məlumat yayıb ki, Yevgeni Priqojinin bəyanatları ilə əlaqədar silahlı üsyana çağırış faktı üzrə cinayət işi açılıb. O da əlavə edilib ki, “Vaqner” rəhbərinin “adından yayılan” iddiaların heç bir əsası yoxdur.

 

Ardınca Prezident Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. Bəzi teleqram kanallarında muzdlularla hərbçilər arasında toqquşmaların yaşandığını yazıb. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün “Vaqner”in geri çəkiləcəyini bildirib. Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.

 

Modern.az oxucuların marağını nəzərə alaraq Priqojinin tərcümeyi-halını təqdim edir.

 

62 yaşlı Priqojin Leninqradda (indiki Sankt-Peterburq) anadan olub və 80-ci illərdə həbsxana həyatı yaşayıb. Həbsdən sonra o, doğma şəhərində hotdoq satmağa başlayıb, tezliklə supermarketlər şəbəkəsində pay sahibi olub və sonradan öz restoran şəbəkəsini və şirkətini yaradıb.

 

Onun restoranı məşhur yeməkləri ilə şöhrət qazanıb və həmin vaxt Sankt-Peterburq şəhərinin rəhbərinin müavini olan Vladimir Putin də daxil olmaqla bir çox yüksək vəzifəli şəxsləri qonaq edib.

 

 

Tezliklə Priqojinin “Konkord” şirkətlər qrupu dövlət tenderlərində iştirak edib, bir çox müqavilələr imzalayıb və fəaliyyətini daha böyük səviyyəyə qaldırıb. Kremllə imzalanan ketrinq (yemək xidməti – red.) müqavilələrinə görə uzun illər “Putinin aşpazı” ləqəbi ilə tanınıb.  “Business Peterburq” nəşri 2019-cu ildə “Milyarderlərin reytinqi”ndə Yevgeni Priqojinin sərvətini 14,6 milyard rubl qiymətləndirib.

 

Onun Putinlə nə qədər yaxın olduğu məlum deyil, lakin onlar bir-birlərini yaxından tanıyırlar və hər iki şəxs Sankt-Peterburqda doğulub və böyüyüb.

 

Priqojin ötən ilin sentyabrında etiraf edib ki, o, “Vaqner” özəl hərbi şirkətini 2014-cü ildə, Rusiyanın Krımı ilhaq etdiyi il yaradıb. Lakin Priqojin etirafına qədər bu məlumatı təkzib edib və bu iddia ilə çıxış edən bir çox jurnalisti məhkəməyə verib. Qruplaşma 2014-cü ildə Ukraynanın şərqindəki Donbas bölgəsinin bir hissəsini ələ keçirən separatçılara dəstək verib, Liviya, Suriya, Mərkəzi Afrika Respublikası və Malidə döyüşüb.

 

“Vaqner” ötən ay amansız döyüşlərdən sonra Ukraynanın şərqindəki Baxmut şəhərini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi ilə Priqojin arasında gərginlik Baxmut uğrunda döyüşlər zamanı açıq fazaya keçib. O, döyüş planına və sursat çatışmazlığına görə Rusiya müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimovu sərt tənqid edib və onlar haqqında ağır söyüşlər istifadə edib.

 

ABŞ və Avropa İttifaqı Priqojinə sanksiya tətbiq edib. Qərb, həmçinin onu İnternet Araşdırmalar Agentliyi kimi tanınan trol fabrikini maliyyələşdirməkdə günahlandırır. Agentlik ABŞ seçkilərinə təsir göstərməkdə ittiham olunur.

Mənbə

Share: