Dostlarından mərhum Zülfüqar Hüseynzadəyə ÜRƏK SÖZLƏRİ

Bu gün Moderator.az saytının rəhbəri, mərhum Zülfüqar Hüseynzadənin doğum tarixidir, yaşayasdı 52 yaşı tamam olacaqdı.

Zülfüqar Hüseyzadə bu il iyunun 18-də doğulduğu Kəlbəcər rayonunun Başlıbel kəndində qəfil ürəktutmasından vəfat etmişdi.

Dostları mərhum jurnalsti doğum günündə xatirələrlə yad ediblər.

Modern.az saytı Zülfüqar Hüseynzadə ilə bağlı ürək sözlərini təqdim edir.

Millət vəkili Fazil Mustafa:


“Eh Zülfüqar, sənin itkini addımbaşı hiss edənlərdən biri də mənəm. Sənə “Ən operativ jurnalst” deyirdim. Statusu yerləşdirəndən 2-3 dəqiqə sonra linki göndərirdi. Dünyada hamımız qonağıq, ancaq sənin ölümün də ən maraqlı ölümlərdən oldu. Hər kəsə arzuladığı yerdə ölmək nəsib olmur. Kəlbəcər diriləndən sonra sən içində illərdir daşıdığın Kəlbəcər dərdindən qurtularaq öldün. Sənin kimi insanların doğum günü doğma ocağının azadlığa qovuşduğu gündür. O dünyaya apardığın xoşbəxtliyi bizlər hiss edirik. O həm də bizlərin xoşbəxtliyidir: Vətən torpağını azad görən hər kəsin. Ruhun və ruhumuz şad olacaq, bilirəm”.

“Bizim yol.info” saytının baş redaktoru Bahəddin Həzi:


“Bu gün, əslində onun doğum günüdür. Amma artıq özü yoxdur deyə gün də dönüb olub anım günü. Zülfüqar Hüseynzadə, bu ölüm çox ağır oldu; qəflətən və erkəndi. Allah rəhmət eləsin!”.
 

 Eks-deputat Gülər Əhmədova:


“Dünən gecə evdə onun söhbətini edirdik. Zülgfüqar barədə bütün yaxşı fikirlərlə razıyam. Mən onu “qızılqələm” adlandırırdım. Arada bizə gələndə, “niyə yazı göndərmirsiniz, tənbəlləşmisiniz”, – deyirdi. Ən çətin dövrümdə yanımda olan iki jurnalistdən biri Zülfüqar, digəri Pərviz Həşimli idi. idi. Təmənnasız və dürüst… Allah Zülfüqara rəhmət etsin. Doğrudan da çox operativ olaraq statusları yazıya çevirirdi. Yaxşı dost, yaxşı jurnalist idi. Qəbri nurla dolsun”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Etibar Seyidağa:
 

“Bu gün onun doğum günü və doğum günündə cismən yoxluğunun verdiyi iztirab bizi məhv edir. Ona zəng edib təbrik edərdim, mənə “sağ ol”u elə gözəl formada deyərdi və özünə məxsus ifadələrlə zənginləşdirərdi ki, sanardım mənim ad günümdür və mənə xoş sözlər söyləyir. İndi onu şəxsən təbrik edə bilməmək çox ağırdır. Ruhunun bizimlə olduğuna isə şübhə yoxdur, yəqin ruhu eşidir. Yaxşı ki, doğuldun! Yaxşı ki, bu dünyada bir Zülfüqar Hüseynzadə oldu! Onun “Votsap” söhbətlərimizdəki şirin səsini dinləyib bu dəfə başqa cür təbrik etdim”.

TNS İnformasiya Agentliyinin rəhbəri Tural Səfərov:


“Dəyərli qardaşım, əziz dostum Zülfüqarın yoxluğuna alışmaq çox çətindir. Onun bizi vaxtsız tərk etməsi ürəyimizə dağ çəkdi.
Zülfüqar Hüseynzadə Vətənini özündən də çox sevən böyük vətənpərvər, dəyərli Azərbaycan aydını idi. O, media cameəsində hər kəs tərəfindən peşəkar jurnalist və redaktor kimi qəbul edilirdi. Zülfüqar etibarlı dostluğun etalonunu yaratmışdı. Çətinliklər onu öz yolundan, mövqeyindən döndərə bilməmişdi. O, xalqının, vətəninin taleyini öz taleyinə çevirmişdi. Vətənə xidməti onun həyat kredosu idi.

Uzun illər doğma yurdu Kəlbəcərin, Başlıbelin nisgili ilə yaşamışdı. Həmişə deyirdi ki, dünyanın ən gözəl yeri Başlıbeldir. Kəlbəcər sözünü işlətmədiyi bir söhbətimizi belə xatırlamıram.

Yaxşı yadımdadır, bir dəfə Naxçıvana gəlmişdi, birlikdə Batabata getdik. Zor bulağın yanında dayanıb dağlara baxdı, dərin köks ötürdü, Kəlbəcərin havasını uddum dedi və gözləri doldu. Xahiş etdi ki, bir gecə Batabatda qalaq. Dedim ki, burda qalmağa şərait yoxdur, Ağbulağa gedək, orda da Kəlbəcər havası var. Səhər saat 7-də oyandım ki, qaldığımız istirahət mərkəzinin qarşısında durub gözlərini dağa, Kəlbəcərə sarı zilləyib. Yenə gözləri dolmuşdu. Dedi ki, qardaş, Kəlbəcəri görmədən ölmək istəmirəm.

“Allah gecindən versin. Kəlbəcər azad olunacaq və biz səninlə Başlıbelə gedəcəyik”,- deyə cavab verdim.

Kəlbəcər işğaldan azad edildikdən bir neçə gün sonra görüşdük. Dedim ki, qardaş, Şahbuza, Batabata gedək? Özünəməxsus yumor hissi ilə cavab verdi: “Ta neynirəm Batabatı. Kəlbəcər qayıdıb e. Başlıbelə gedəcəyəm, sizi dəvət edəcəyəm, gəlin gözəllik görün”.

Zülfüqar Tanrının sevdiyi, seçdiyi bənədələrindən idi ki, özündən də çox sevdiyi Başlıbeldə dünyasını dəyişdi.

Zülfüqar Hüseynzadə ölməyib, o, əbədi olaraq Başlıbelə “köçüb”.

Gözün arxada qalmasın dəyərli qardaşım, sənin yadigarların – bir müddət bir yerdə çalışdığımız Moderator.az-da, övladın Hüseyn də vaxtilə sahib çıxdığın, tək qoymadığın, təhdidlərə, böyük vədlərə baxmayaraq, prinsipiallıq göstərib qoruduğun bizim kimi dostlarına əmanətdir.

Məkanın cənənət olsun qardaş. Səni heç vaxt unutmayacağıq. Əziz xatirən səni tanıyanların qəlbində əbədi yaşayacaqdır”.

Təhsil eksperti Nadir İsrafilov:


“Fridrix Nitsşenin bir sözü var: “Özün haqqında xoş sözlər eşitmək istəyirsənsə, öl”. Bu sözlər ona aid deyildi, çünki o, hələ sağlığında özü haqqında xoş sözlər eşidən insanlardan idi. Bu gün doğum gününü qeyd etməli olduğumuz Zülfüqar Hüseynzadənin xatirəsinə həsr olunmuş tədbirə yığışmaq zorunda qalmışıq. Əbəs yerə deyilməyib ki, zamanla anlar ki, insan, zaman deyilmiş, gedəni geri gətirəcək olan. Çünki, bəlkə də zaman, inanılan ən böyük yalan…”.

“Türküstan.az” saytının əməkdaşı Bəxtiyar Səlimov:

“Onun yoxluğunu ifadə etməyə söz tapa bilmədim. Zülfüqardan mənə qalan şirin xatirələr və acı göz yaşı oldu. Allah sənə rəhmət eləsin, əziz qardaş!”.

Mənbə

Share: