“Priqojinin ölümünün Putinin qisas əməliyyatı olması versiyasını qəbul etmirəm…”

 

“Bundan sonra “Vaqner”in qalıqları özünü necə aparacaq, hansı resurslar hesabına mövcudluğunu qoruyub-saxlamağa çalışacaq? Bu, çox ciddi sualdır. Çox güman ki, “Vaqner” bununla da ləğv olunacaq…”

 

“Belə başa düşürəm ki,  “Vaqner”  hər zaman Rusiya ordusuna bir alternativ kimi və yaxud paralel ordu qruplaşması kimi Kremlin əlində bir vasitə olub. Və bu hərbi birləşmə Rusiya ordusunun siyasi iddialara düşməsinə qarşı istifadə olunub. Nəticədə “Vaqner”  ordunu gözdən salmağa, onun rəhbərlərini təhdid etməyə yönəlmiş bir qruplaşma kimi fəaliyyət göstərib. Və Kremllə Rusiya ordusu arasında münaqişələr dərinləşdikcə artıq müəyyən qətiyyətli addımlara ehtiyac yarandı”.

 

Bu fikirləri Moderator.az-a açıqlamasında  “Vaqner” lideri Priqojin və qruplaşmanın əsas komandanlığının ölümü ilə nəticələnmiş uçaq qəzası barədə danışan siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib.

 

“Məsələn, 23-24 iyun qiyamı deyilən həmin Priqojinin hərəkətləri birmənalı şəkildə ordu rəhbərliyinə qarşı idi. Və iki gün əvvəl hələ Afrikada olan “Vaqner” rəhbərinin birdən Rusiyaya qayıtması, onun bütün şirkət komandanlığı ilə birlikdə guya Sankt-Peterburq istiqamətində uçuş etməsi, – halbuki, Priqojinin təyyarəsi Putinin Valdaydakı iqamətgahından 50 km aralı məsafədə vurulubdur,- göstərdi ki, Rusiyada daxili siyasi mübarizə kəskinləşib. Və Putinin əlində mühüm vasitələrdən biri olan “Vaqner” ordu tərəfindən sıradan çıxarılıb…

 

Bundan sonra “Vaqner”in qalıqları özünü necə aparacaq, hansı resurslar hesabına mövcudluğunu qoruyub-saxlamağa çalışacaq? Bu, çox ciddi sualdır. Çox güman ki, “Vaqner” bununla da ləğv olunacaq. Həmin birləşmənin Rusiya ordusuna loyal üzvləri orduya inteqrasiya olunacaq, qalanları isə tərksilah olunaraq kənarlaşdırılacaq. Sonluq ən müxtəlif şəkillərdə ola bilər. Mən hadisələri belə görürəm. Priqojinin guya Putin tərəfindən cəzalandırılması, guya  onun təyyarə qəzasındakı ölümünün Putinin qisas əməliyyatı olması versiyasını qəbul etmirəm. Bu yanlışdır”- deyə açıqlamasının davamında analitik vurğulayıb.

 

Sultan Laçın 

 

Mənbə

Share: