Yaxın vaxtlarda Rusiya və Türkiyə Prezidentlərinin görüşü gözlənilir. Görüşün harada nə vaxt baş tutacağı məlum deyil. Avqustun 2-də tərəflər arasında telefon danışığı zamanı dövlət başçılarının görüşü müzakirə edilib. Həmin gün Türkiyə mətbuatı Putinin tezliklə Rusiyaya səfər edəcəyi barədə məlumat yayıb. Ancaq Rusiya hakimiyyətinə yaxın kütləvi informasiya vasitələri məlumatı təkzib etdi.
Bir neçə gün öncə TASS informasiya agentliyi görüşün Soçidə baş tutacağını iddia edib. Agentlik anonim mənbələrə istinadən yazıb ki, Ərdoğan sentyabrın 4-də Rusiyaya səfər edəcək və burada Putinlə görüşəcək. Bu gün isə Kremlin sözçüsü Dmitri Peskov görüşün tezliklə keçiriləcəyini açıqlayıb. “Görüşün dəqiq nə vaxt və harada baş tutacağı barədə ən qısa zamanda məlumat verəcəyik”, – deyə o qeyd edib.
Mətbuatda görüşün gündəliyi barədə müxtəlif məlumatlar yayılıb. Şübhəsiz ki, Putin və Ərdoğanın gözlənilən görüşünün əsas mövzusu bir müddət əvvəl Rusiyanın iştirakını dayandırdığı “Taxıl sazişi” olacaq. Türkiyə lideri rusiyalı həmmkarı ilə telefon danışığında Rusiya-Ukrayna müharibəsində gərginliyi artıracaq addımların atılmamasının lazım olduğunu ifadə edib və Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb. O, Qara Dəniz Təşəbbüsünün uzun müddət dayandırılmasının heç kimə fayda verməyəcəyini, ən çox taxıla ehtiyacı olan və aşağı gəlirli ölkələrin zərər görəcəyini söyləyib.
Türkiyə mətbuatının yazıdığına görə, Putin və Ərdoğanın görüşündə Zəngəzur dəhlizi də müzakirə ediləcək. Eyni zamanda Türkiyə-Azərbaycan-Ermənistan münasibətləri müzakirə ediləcək mövzulardan biri olacaq. Eyni zamanda Qarabağ məsələsi ətrafında da müzakirə olacaq.
Ermənistan və Azərbaycan arasında gərginliyin artdığı bir mərhələdə Putin-Ərdoğan görüşü olduqca vacibdir. Müşahidəçilər deyir ki, Cənubi Qafqazdakı mövcud reallıqlar Türkiyə-Rusiya münasibətlərindəki balans üzərində qurulub. Nəticədə balansda dəyişiklik olan zamanı mövcud reallıqlarda da dəyişikliklərin olacağı qaçılmaz olar. Belə olan halda Ərdoğan-Putin görüşü Azərbaycan üçün yeni imkanlar yarada bilər.
Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri vurğulayıb ki, Türkiyə və Rusiya prezidentlərinin görüşü, həqiqətən də, bütün dünyanın diqqətindədir:
“Görüş həm Rusiya-Türkiyə münasibətləri, həm də dünyanın gündəmində olan yeni taxıl sazişinin imzalanması ilə əlaqədardır. Çünki Ankara intensiv olaraq yenidən BMT, Rusiya, Ukrayna və Türkiyə arasında yeni bir sazişin imzalanması ilə bağlı ciddi fəaliyyət göstərir. Həm BMT, həm də Rusiya və Ukrayna ilə intensiv danışıqlar aparılır. Düşünürəm ki, prezidentlər arasında əsas müzakirə mövzusu məhz bu olacaq. Qara dəniz ekvatoriyasında çox ciddi hərbi təhlükə ortaya çıxıb. Bu gün bir tərəfdən Rusiya Ukraynanın hərbi və logistik imkanlı dəniz limanlarını vurur, digər tərəfdən Ukrayna Rusiyanın limanlarına qarşı hücum edir. Ən azından Rusiyanın iki gəmisinin vurulması göstərdi ki, Rusiya ixracatı və Rusiya limanına yanaşmaq istəyən heç bir gəmi təhlükəsiz deyil. Belə bir təhlükənin Qara dəniz ekvatoriyasında daha böyük yanğına çevrilməməsi üçün Türkiyə Prezidenti konkret tələblər ortaya qoyacaq. Çünki Türkiyə ən azından özünün də daxil olduğu bu ekvatoriyada yeni müharibə yanğının böyüməsinə imkan vermək istəmir. Bu yöndə Rusiya mütləq Türkiyəni dinləməlidir”.
Politoqun fikrincə, bu görüşdə Türkiyə-Rusiya münasibətləri ciddi müzakirə predmeti olacaq.
“Məlum olduğu kimi son günlər Türkiyənin xarici siyasəti Rusiya mediasında ciddi şəkildə tənqid olunmaqdadır. Hətta Türkiyəni hədələyən açıqlamaları da biz müşahidə edirik. Bu Rusiya-Türkiyə münasibətlərində sərinlik açıq görünür. Bu, Azov komandirlərinin Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyə səfərində ona təhvil verilməsi ilə başladı. Anlaşma belə idi ki, Azov komandirləri yalnız müharibə bitəndən sonra təhvil verilə bilər. Türkiyə birtərəfli olaraq bunun doğru olmadığını düşündü və Azov komandirlərini Zelenskiyə təhvil verdi. Bu da müəyyən mənada Rusiyanəın baxış bucağından Türkiyənin etibarlı ölkə olması məsələsinə kölgə saldı”.
N.Miri Ərdoğanın Qarabağla bağlı bir sıra təkliflər verəcəyini söyləyib:
“Azərbaycan-Ermənistan, Qarabağ məsələsi də Rusiya Prezidenti ilə müzakirə olunacaq. Düşünürəm ki, Türkiyə Prezidenti bu məsələdə Rusiya Prezidenti Vladimir Putinə təkliflər də verəcək. Rusiya bu gün hələ də Qarabağ probleminin həllində, eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında ən böyük əngəldir. Rusiya Qarabağda varlığını qorumaq üçün müxtəlif təxribatlara əl atır. Qarabağda mövcud qanunsuz silahlı birləşmələri çıxarmaqda məsul olsa da, bu öhdəliyi yerinə yetirmir. Əksinə bu terrorçuları bəsləyir, logistik dəstək verir. Hətta silah təchizatına yardım edir. Bu da açıq göstərir ki, Rusiya Qarabağda yerəşdirdiyi hərbi kontingenti 2025-ci ildə çıxarmaq fikrində deyil. Bununla bağlı Türkiyə Prezidentinin konkret açıq mesajı da olmuşdu. Ortada bir anlaşma var. Rusiya Prezidenti unutmamalıdır ki, anlaşmaya əsasən, 2025-ci ildə qoşunlarını buradan çıxarmalıdır. Bu məsələ müzakirə predmeti olacaq. Rusiya bu məsələyə töhfə verərsə, Qarabağ məsələsinin birbaşa həlli, Qarabağdakı ermənilərin reinteqrasiyasına əngəl olmazsa, Qarabağdakı silahlı erməni qalıq qoşunları və terroçu birləşmələrin çıxarılmasına kömək edərsə, Rusiyanın Cənubi Qafqazda geosiyasi maraqlarının təminatı üçün Türkiyə hərəkət keçə və bunun üçün yardım edə bilər. Türkiyə bunu təklif edə bilər.Rusiya bununla razılaşmazsa, Rusiyanın Türkiyədən sıxışdırılması ilə bağlı Qərb siyasətinə Türkiyənin qoşula bilər. Çünki Rusiya Türkiyəni Cənubi Qafqaza geniş mənada buraxmaq istəmirsə, hələ də özünü yeganə dominant güc kimi görmək istəyirsə, Qarabağ, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin çözülməsinə yardım etmirsə, Türkiyə nə üçün bu istiqamətdə Rusiya ilə əməkdaşlıq etməlidir. Əksinə bu gün ABŞ və Avropa Birliyinin etdiyi kimi Rusiyanın bölgədən sıxışdırılmasına töhfə verə bilər. Bu baxımdan sözügedən danışıqlar Türkiyənin Rusiyaya verdiyi sonuncu şans ola bilər”.
Ekspert Rusiyanın alternativinin olmadığını düşünür:
“Əks təqdirdə Qərbin dəstəyi ilə də Qarabağda müəyyən irəliləyiş əldə etməklə inteqrasiya prosesini tənzimləmək olar. Bu istiqamətdə konkret fəaliyyət var. Avropa Birliyi rəhbərliyi istər Şarl Mişel, istər onun Cənubi Qafqazdakı nümayəndəsi Klaar səviyyəsində ciddi şəkildə Azərbaycan-Ermənistan, hətta Qarabağ separatçıları yönündə fəaliyyəti biz müşahidə edirik. Qarabağ məsələsini qismən yoluna qoymaq olarsa, eyni zamanda ərzaq təchizatı və digər məsələləri Azərbaycanın təklifləri fonunda həll etmək mümkün olarsa, inteqrasiya prosesini stimullaşdırmaq olar. Belə olan halda sülh müqaviləsinin imzalanmasına ən böyük əngəl olan Qarabağ məsələsi qismən irəliyə doğru gedər. Bu da sülh müqaviləsinin imzalanmasını mümkün edər. Bu da əslində rus qoşunlarının Qarabağdan çıxarılması üçün ən ciddi addım və zəmin olacaq. Bundan sonra rus qoşunlarının Qarabağda qalmasına ehtiyac olmayacaq. Qarabağda gərginlik müstəvisi, dialoqa getməklə bağlı imtina prosesini Rusiya çox məharətlə istifadə edir.Bu silahı Rusiyanın əlindən ala bilsələr, Rusiyanı Qarabağda saxlamaq mümkün olmayacaq. Türkiyənin, o cümlədən digər dövlətlərin daxil olduğu proseslə bağlı Putinə təklif veriləcək. Başqa dövlətlərdənsə Türkiyə, Rusiya və Azərbaycan üçlüyü çərçivəsində bu məsələni tənzimləmək təklifi veriləcək. Hesab edirəm ki, bu təklif çox konstruktiv təklifdir. Bunu qəbul edib, etməmək Rusiyanın məsuliyyətidir. Etməsə gələcək perspektivdə Rusiyanı bu prosesdə saxlamaq mümkün olmayacaq. Çünki sülhə əngəlləyəci davranışlarına niyə imkan versinlər?
Bunu nə Azərbaycan, nə Ermənistan, nə də Ermənsitanın havadarları olan Qərb dünyası istəyir. Ona görə Rusiya bu həssas məqamları ciddi şəkildə nəzərə almalıdır. Bunun konkret nəticəsi də iki prezident arasındakı görüşdən sonra məlum olacaq”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə vurğulayıb ki, bu görüşdə ciddi nəticələr çıxa bilər:
“Əvvəla Rusiya yenidən taxıl sazişinə qayıda bilər. Ancaq müqavilənin şərtləri dəyişə bilər. Türkiyənin Liviya və Suriya ilə bağlı müəyyən tələbləri var. Onlar müzakirə oluna bilər. Şübhəsiz ki, Türkiyənin Qarabağla bağlı ciddi mövqeyi var. Bu mövqe həm sülh sazişi, həm Qarabağ ermənilərinin Azərbaycan cəmiyyəti ilə reinteqrasiyası, həm də Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti ilə bağlıdır. Yəni onların 2025-ci ildə bölgədən çıxarılması məsələsi var. Artıq bu haqda Ərdoğan bir dəfə mətbuat konfrasında fikrini bildirib. Onlar müddətləri başa çatdıqdan sonra bölgədən çıxmalıdır. Sülhyaratma prosesində Ərdoğanın xüsusi mövqeyi var. Sülhyaratma prosesi sürətlə getməli və bu ilin sonuna qədər sülh müqaviləsi imzalnmalıdır. Buna qədər erməni separatçılarının olduğu bölgədə qayda-qanun yaradılmalıdır. Bu da Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlıdır. Yəqin bununla bağlı hər iki ölkə rəhbəri arasında xüsusi fikir mübadiləsi aparılacaq”.
Q.Hüseynli görüşdə ortaq mövqe əldə edilə biləcəyini vurğulayıb.
“Mənim zənnimcə, burada da ortaq mövqe əldə edilə bilər. Onsuz da Qarabağ erməniləri Azərbaycan cəmiyyətinə inteqrasiya yolunu tutublar. Ağdam-Xankəndi yolu ilə bağlı müsbət fikirlər səslənməkdədir. Bu məsələdə Azərbaycanın dövlətinin özü də kompromislərə gedir. Zəngəzur dəhlizində də Türkiyə çox israrlıdır. Mənim zənnimcə, bu yolun açılması Rusiyanın da maraqlarına uyğundur. Ona görə də Ərdoğanla Putin bu məsələdə konsensusa gələ bilərlər. Hər ikisinin səyləri nəticəsində bu yolun açılması xeyli sürətlənə bilər. Bir sözlə Cənubi Qafqazda bir neçə problem var ki, Ərdoğan və Putin o məsələlərdə razılıq əldə edə bilərlər”.