“Rusiya qonşuluğundakı ölkələrə nəzarət üçün neoimperialist cəhdlərini davam etdirir”.
Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel Gürcüstanın “Civil.ge” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Rusiya bunun üçün şantaj siyasətindən istifadə edir: “Söhbət gücdən yox, beynəlxalq hüquqa hörmətdən gedir. Hazırda Avropanın yorulmasından söhbət gedə bilməz. Biz nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcəyik”.
J.Borelin sözlərinə görə, Aİ Rusiyanı təcrid etməyə və Kremlin müharibəni maliyyələşdirməsinin qarşısını almağa çalışır: “Məhz buna görə Avropa İttifaqı Rusiyaya qarşı indiyədək 11 sanksiya paketi qəbul edib. Bizim ittifaq bu mühüm məsələdə birlik nümayiş etdirir. Biz tərəfdaş ölkələrdən, xüsusən də Avropa İttifaqına üzv olmaq istəyən dövlətlərin xarici siyasətlə bağlı qərarlarımıza uyğunlaşmasını gözləyirik”.