Ötən gün elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin orta aylıq əməkhaqqısını açıqlayıb. Nazirin sözlərinə görə, 2023-cü ilin sentyabr ayı üçün müəllimlərin orta aylıq əməkhaqqısı 830 manat təşkil edib.
O bildirib ki, 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu. Nazir sertifikatlaşdırma imtahanlarından sonra müəllimlərin maaşlarında artım olacağını vəd edib.
Dövlət Statistika Komitəsinin ən son məlumatına görə, Azərbaycanda orta aylıq nominal əməkhaqqı 922 manata yaxındır. Buradan belə nəticə çıxır ki, ölkəmizdə müəllimlər orta aylıq əməkhaqqıdan 10% aşağı maaş alır. Mətbuatda və sosial şəbəkələrdə müəllimlərin orta aylıq əməkhaqqısı müzakirələrə səbəb olub.
Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhuun Məmmədov Modern.a-a açıqlamasında maaşların tədricən qalxacağını bildirib.
“Mən hesab edirəm əvvəlki illərlə müqayisədə müəllilərin orta aylıq əmək haqqında xeyli fərqlər var. Bu gün müəllimlərin maaşı xeyli yüksəkdir, qalxıb. İllər öncə bu maaşlar təxminən 300-400 ətrafında cərəyan edirdisə, bu gün bu maaşlar daha çoxdur. Əlbəttə ki, bu tam yetərli olmasa da, illər öncə ilə müqayisədə yaxşıdır, normaldır. Söhbət 10 minlərlə insandan, onların maaşlarının artırılmasından gedir.
Düşünürəm ki, bu irəliləyişdir. Biz bir neçə il ərzində müəllimlərin maaşının bir neçə dəfə qalxmasına nail olmuşuq. Bu təhsilin keyfiyyətinə ciddi təsir göstərir. Heç bir müəllim 300-400 manata gedib işləmək istəmir. Getdikcə maaşlar qalxacaq, artacaq. Bu da təhsilin keyfiyyətinə, məzmununa təsir edəcək. Birdən birə hamının maaşını ən yüksək səviyyəyə qaldıra bilmərik. Zaman, müddət lazımdır”.
Milli Məclisin deputatı Fazil Mustafa müəllimlərin maaşlarının Avropa ilə müqayisədə az olduğunu diqqətə çatdırıb.
“Müəllimlərin maaşlarının qaldırılması istiqamətində addımlar atılır. Bunun da yüksək səviyyəyə çatdırılması düşünülür. Bu, müsbət tendensiyadır. Ölkədə ən yüksək maaş alan kateqoriya güc strukturlarından sonra müəllimlər olmalıdır. Müəllimlər bu vəsaitlə normal yaşayışlarını təmin etmə imkanına sahib olmurlar. Bu səbəblə də məcbur repititorluq fəaliyyyətinə üz tutmalı olurlar. Halbuki yüksək maaş olsa müəllim özü də məktəbə daha çox bağlanar, faydalı töhfə verə bilər. Xüsusilə də uşaqların dərs müddətində hazırlanması, onların daha yetkin formalaşmasına kömək edə bilərlər. Bu baxımdan maaşların indiki səviyyəsi Avropa ilə müqayisədə ürəkaçan deyil, qalxmalıdır. Amma imkanlara da baxmaq lazımdır. Müəllimlərin maaşı məsələsini artırmaq normal tendensiyadır, buna vaxtaşırı gedilməlidir. Müəllimin normal təminatı olmasa, gələcəyimiz üçün layiqli vətəndaşların yetişdirilməsində də problemlər yaşanacaq”.