Hindistan okean dibinə insan tərəfindən idarə olunan sualtı aparat buraxmağı planlaşdırır, ilk sınaqlar gələn ilin ilk aylarında keçiriləcək.
Bu barədə Hindistanın Yer elmləri nazirinin müavini M.Raviçandran bildirib.
“Dərinsulu okean missiyası hazırlanır. İlk sınaqları 2024-cü ilin birinci rübündə 500 m dərinlikdə keçirəcəyik”, – “Times Now” telekanalı alimin sözlərindən sitat gətirib.
Sınaq buraxılışları uğurlu olarsa, qurğunun 6 km dərinliyə endirilməsi planlaşdırılır.
Dərinsulu missiya Sanskrit “Samudrayaan” adlanır ki, bu da sanskrit dilindən “dəniz gəmisi” kimi tərcümə olunur. Çennai şəhərinin sahillərində Benqal körfəzinə sanskrit dilində “balıq” mənasını verən “Matsya 6000” adlı aparat endiriləcək. Onun göyərtəsində üç tədqiqatçı olacaq. Dərinsulu missiyasının məqsədlərindən biri faydalı qazıntıların kəşfiyyatıdır.
Milli Okean Texnologiyaları İnstitutundan olan “Matsya 6000”in yaradıcıları bu ilin iyun ayında Atlantik okeanının dibinə buraxılan “Titan” batiskafının başına gələnləri nəzərə aldıqlarını iddia edirlər.
Hindistanın aparatı üç nəfərin daşınması üçün nəzərdə tutulub və diametri 2,1 m olan kürə formasında hazırlanıb. O, 80 mm qalınlığında titan ərintisindən hazırlanıb və 6 km dərinlikdə 600 bar təzyiqə tab gətirə bilir.