
Çin hərbi nümayəndə heyətinin sentyabr ayında Yaponiyaya planlaşdırılan səfəri qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Pekinin müvafiq bildirişi Yaponiya ilə Çin arasında hərbi mübadilə üzrə layihənin əlaqələndirici mərkəzi olan Sasakava sülh fonduna göndərilib. Səfərin ləğvinin konkret səbəbi göstərilməsə də, ekspertlər bu qərara “Fukusima-1” atom elektrik stansiyasında radioaktiv maddələrdən təmizlənən suyun okeana atılmasının təsir göstərdiyini güman edirlər.
Yaponiya ilə Çin arasında hərbi mübadilə cari ildə koronavirus məhdudiyyətlərinin ləğvindən sonra bərpa olunmuşdu. Yaponiya Müdafiə Nazirliyinin nümayəndə heyəti iyul ayında Pekinə səfər etmişdi. Çin hərbçilərinin cavab səfəri isə sentyabrın sonlarına planlaşdırılmışdı.
2011-ci ilin martında Yaponiya sahillərində baş vermiş güclü sunami nəticəsində “Fukusima-1” AES-in enerji təminatı və soyutma sistemləri sıradan çıxmış və üç reaktorda nüvə yanacağı əriməyə başlamışdı.
2021-ci ilin aprelində Yaponiya hökuməti reaktorların soyudulmasında istifadə olunan və böyük ölçüdə radioaktiv maddələrdən təmizlənən 1,34 milyon ton suyun bir hissəsinin okeana axıdılmasına icazə verib. 2024-cü il martın 31-dək atom elektrik stansiyasından okeana 31,2 min ton su buraxılması planlaşdırılır.
Tokionun bu qərarı bir sıra dövlətlərin və ilk növbədə Çinin sərt etirazına səbəb olub. ÇXR buna cavab olaraq avqustun 24-dən Yaponiyadan dəniz məhsullarının idxalını tam dayandırıb.