
Sabir Rüstəmxanlı: “Hərbi Prokurorluğun aşkara çıxardığı erməni cinayətlərinin ədəbiyyatımızda yer alması zəruridir”
Xəbər verdiyimiz kimi, Hərbi Prokurorluq Qubadlı və Zəngilanda I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə məxsus olduğu ehtimal edilən meyit qalıqları aşkarlayıb. Meyidlər üzərində aparılan ilkin araşdırmalar nəticəsində onların ağır işgəncələrlə qətlə yetirildiyini məlum olub.
Xatırladaq ki, Hərbi Prokurorluq bundan öncə də xalqımıza qarşı törədilən soyqırım cinayətləri ilə bağlı ciddi faktlar, inkaredilməz sübutlar ortaya qoyub.
Maraqlıdır, bəs ermənilərin xalqımıza qarşı törətdiyi bu cinayətlər ədəbiyyatımızda da öz əksini tapmalıdırmı?
Moderator.az-a açıqlama verən millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı bu cinayətlərin ədəbiyyatımızda da yer almasının vacibliyini vurğulayıb:
“Məlum olduğu kimi, ədəbiyyat həyatın, cəmiyyətin güzgüsüdür. Bu o deməkdir ki, həyatımızda, cəmiyyətimizdə, dünyamızda olan hər şey bu güzgüdə öz əksini tapmalıdır. Bu baxımdan ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər, əlaqədar dövlət qurumlarının, eləcə də Hərbi Prokurorluğun erməni vəhşilikləri ilə bağlı üzə çıxardığı faktların da ədəbiyyatda öz əksini tapmasına ehtiyac var. Bu, tariximiz, qan yaddaşımız baxımından da vacibdir. Bu baxımdan hesab edirəm ki, xalqımızın göstərdiyi qəhrəmanlıqlar kimi, məruz qaldığı soyqırımları da həm ədəbiyyatımızda, həm də tariximizdə öz əksini tapmalıdır”.
Seymur ƏLİYEV