
“Rusiyada demokratiyanın bərpası Rusiya xalqlarının, Avropa və bütün dünya xalqlarının mənafelərinə cavab verir”
“Diktatura rejimləri beynəlxalq sülhə və təhlükəsizliyə, öz qonşularının ərazi bütövlüyü və siyasi müstəqilliyinə təhlükədir…”
Avropa Şurası Parlament Assambleyasının hüquqi məsələlər və insan haqları üzrə Komitəsi Rusiyanı diktatura adlandırıb və Rusiyanın hazırkı prezidenti Vladimir Putinə 2036-cı ilədək hakimiyyətdə qalmasına imkan verən Konstitusiyaya 2020-ci ildə edilən dəyişikliklərlə bağlı narahatlığını ifadə edib.
Moderator.az xəbər verir ki, bu barədə “dw.com” nəşri yazıb.
“Fövqəladə uzun müddət ərzində güclü parlament, müstəqil məhkəmə sistemi, azad kütləvi informasiya vasitələri və fəal vətəndaş cəmiyyəti kimi çəkindirici və qarşılıqlı amillər olmadan vəzifədə qalmaq nəticəsində yaranmış mütləq prezident hakimiyyəti Rusiya Federasiyasını faktiki diktaturaya çevirib”, – parlamentarilər bəyan edib.
Komitənin yekdilliklə qəbul etdiyi qətnamə layihəsi Avropa Şurası Venesiya Komissiyasının “hazırkı prezidentin səlahiyyət müddətinin məhdudlaşdırılmasından imtina edilməsinin həm Rusiya Konstitusiyası, həm də beynəlxalq hüquq normalarını pozduğu” barədə gəldiyi nəticələri xatırladıb.
Parlamentarilərin fikrincə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi diktatura rejimlərinin “beynəlxalq sülhə və təhlükəsizliyə, öz qonşularının ərazi bütövlüyü və siyasi müstəqilliyinə təhlükə törətməsini” nümayiş etdirib.
“Rusiyada demokratiyanın bərpası ilk növbədə Rusiya xalqlarının, habelə Avropa və bütün dünya xalqlarının mənafelərinə cavab verir”, – Komissiya vurğulayıb.
Bundan başqa, Komitə Putin də daxil olmaqla Rusiya rəhbərliyinin Krımın ilhaqı, Donbasda müharibə və MH17 təyyarəsinin vurulmasından başlanan hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün gələcəkdə yaradılacaq xüsusi beynəlxalq cinayət tribunalına öz dəstəyini təsdiq edib.
Xatırladaq ki, 2022-ci ilin mart ayında Rusiya Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq Avropa Şurasından xaric edilib.
Oktyabr ayında Avropa Şurası Parıament Assambleyası Rusiya rejimini terrorçu, bu ilin aprel ayında isə ukraynalı uşaqların işğal edilmiş ərazilərdən deportasiyasını soyqırım adlandırıb.