Ermənistan Putinin həbsinə order verən məhkəmənin Roma Statutunu təsdiq edib

Ermənistan Putinin həbsinə order verən məhkəmənin Roma Statutunu təsdiq edib

 

“Bu, Ermənistanın təhlükəsizlik məsələlərinə aiddir və Ermənistan- Rusiya münasibətlərilə heç bir bağlılığı yoxdur…”

 

“Biz Rusiyada neqativ və həyəcanlı kontekstin formalaşdığını anlayırıq, lakin tərəfdaşlarımız qarşısında öz öhdəliklərimizi dondura bilmərik…”

 

İrəvan Rusiyanı qıcıqlandıracaq yeni addım atıb

 

İrəvan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun tam şəkildə təsdiq edilməsi barədə qərar verib.

 

Moderator.az xəbər verir ki, bu barədə “unian.net” nəşri yazıb.

 

“Hökumət Roma Statutunu ölkə parlamentinə göndərib, mənim mövqeyim və bizim fraksiyanın mövqeyinə görə, o, tam təsdiq ediləcək.

 

Bunun Ermənistan-Rusiya münasibətlərinə heç bir bağlılığı yoxdur, bu, Ermənistanın təhlükəsizlik məsələlərinə aiddir”, – bunu Paşinyan parlamentdə hökumət saatında çıxışı zamanı deyib, məlumatı “Armenpress” agentliyi yayıb.

 

Paşinyan xatırladıb ki, Ermənistan Roma Statutunun təsdiqi prosesinə hələ 2022-ci ilin dekabrında başlayıb.

 

“Təəssüf ki, bu, Rusiya ilə münasibətlər kontekstində üst-üstə düşüb və uğursuz alınıb. Biz neqativ və həyəcanlı kontekstin formalaşdığını anlayırıq, lakin biz digər tərəfdaşlarımız qarşısında öz münasibət və öhdəliklərimizi dondura bilmərik”, – Paşinyan deyib.

 

Onun fikrincə, bu, “KTMT-nin respublika qarşısında öz öhdəliklərini  icra etmədiyi şəraitdə ölkənin təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli təsir göstərə bilər”.

 

Agentliyin məlumatında deyilir ki, hökumət Roma Statutunun tanınmasını “Azərbaycanı məsuliyyətə cəlb etmək” üçün hüquqi imkanlar kimi nəzərdən keçirir.

 

Roma Statutu Beynəlxalq Cinayət Məhkəməsini (MCM) təsis edən müqavilədir.  Bu müqavilə 137 ölkə tərəfindən imzalanıb, 120-dən artıq ölkə tərəfindən isə artıq təsdiq edilib.

 

2023-cü ilin martında BCM Rusiya prezidentinin həbsinə order verib. O, Ukraynanın işğal edilmiş ərazilərindən uşaqların qanunsuz deportasiya edilməsində ittiham edilir.

 

Sentyabrın 8-də Rusiya XİN nümayəndələri Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyana ölkəsinin “bir sıra dost olmayan addımları ilə bağlı” etiraz ifadə edilib. 

 

O cümlədən, Moskva Roma Statutunun təsdiq edilməsi prosesinin başlanması, Ermənistan baş nazirinin həyat yoldaşının Kiyevə səfəri və Ukrayna dövləti nümayəndələrinə humanitar yardım verməsindən narazıdır.

 

Bundan başqa, səfirə Ermənistan ərazisində ABŞ hərbi qulluqçularının iştirakı ilə keçirilən hərbi təlimlərindən narazılıq ifadə edilib.

 

Ermənistanda 11-20 sentyabrda “EAGLE PARTNER 2023” Ermənistan-Amerika birgə hərbi təlimləri keçiriləcək.

 

Ermənistan Rusiya, Belarus və bir neçə ölkə ilə bərabər KTMT hərbi blokuna daxildir. 2022-ci ilin noyabrında KTMT-nin İrəvanda keçirilən sammitində İrəvan yekun Bəyannaməsini imzalamaqdan imtina edib.

 

Bu zaman sənəddə “Azərbaycanın təcavüzünə dəqiq siyasi qiymət” verilməməsinə istinad edilib. Sonradan Ermənistan ölkədə KTMT-nin 2023-cü ildə keçirilməsi planlaşdırılan hərbi təlimlərini ləğv edib.

 

2023-cü ilin may ayında Paşinyan Ermənistanın KTMT-dən çıxa biləcəyini istisna etməyib. Paşinyan bu zaman Putin tərəfindən qonşu Azərbaycanla davam edən münaqişədə dəstəyin olmamasına istinad edib.

 

Bir neçə gün öncə Paşinyan Ermənistanın təhlükəsizlik sahəsində Rusiyadan tam asılılığı “strateji səhv” adlandırıb və Rusiyanın Cənubi Qafazdan gedə biləcəyi təəssüratının yaranmasını qeyd edib.

 

Bu yaxınlarda Ermənistan özünün KTMT-dəki daimi və səlahiyyətli səfiri Viktor Biaqovu geri çağırıb. Müvafiq fərman baş nazir Nikol Paşinyanın təqdimatı üzrə ölkə prezidenti Vaaqn Xaçaturyan tərəfindən imzalanıb.

Mənbə

Share: