Bilik Günü – tədris ilinin başladığı tarixdə qeyd olunur. Bir sıra ölkələrdə xüsusi ada malik olmasa da, bütün dünyada təhsil mövsümünə start verilməsi əlamətdar tarixlərdən biridir. Həmin gün həm də akademik təqvimin başlanğıcı hesab olunur. Dərslərin adətən sentyabrda başlamasına öyrəşsək də, şimal yarımkürəsində avqust və ya sentyabr ayları, cənub yarımkürəsində isə fevral və ya mart ayları tədrisin ilk günüdür. Konkret tarix isə ölkədən ölkəyə dəyişir.
Məlum olduğu kimi, ölkəmizdə Bilik Günü bu gün – 15 sentyabrda qeyd olunur və dərslər bu tarixdən başlayır. 15 sentyabr həftə sonuna təsadüf edərsə, dərs günü növbəti bazar ertəsi olur. 2004-cü ilə qədər Azərbaycanda Bilik Günü 1 sentyabr tarixində qeyd olunurdu. Sonradan son zəngin də vaxtı 31 maydan 14 iyuna keçirildi.
Modern.az ölkələr üzrə Bilik Gününün, yaxud bu adda olmayan tədris ilinin başlanğıc gününün nə vaxta təsadüf etməsini araşdırıb.
Məsələn, Rusiyada məktəblər tarixən sentyabrın 1-dən başlanır. 1935-ci ildə SSRİ Xalq Komissarları Sovetinin Fərmanı ilə bu tarix müəyyən olunub və Ali Sovet tərəfindən rəsmi olaraq təsis edilib. 1984-cü ildə 1 sentyabr rəsmi olaraq Bilik Günü elan edilib. ABŞ-da təhsil siyasəti ilk növbədə dövlət səviyyəsində, sonra isə ayrı-ayrı ştatlar səviyyəsində müəyyən edilir. Buna görə də, bütün məktəblərin başladığı vahid tarix yoxdur. Əksər ştatlarda tədris sentyabrın əvvəli start götürsə də, avqust və iyulda da dərslərin başladığı ştatlar var.
Fransada da tədris ilinin müəyyən bir tarixi yoxdur, lakin sentyabrın ilk 2 həftəsindəki günlərdən birində başlayır. Dərslər iyulun əvvəlində başa çatır, təxminən 2 aylıq yay tətili olur. Koreyada dərs ili martın 1-də başlayır, lakin həmin gün dərs olmur. İlk dərs günü martın 2-dir, çünki martın 1-i milli bayramdır. Son dərs günü isə yanvar və ya fevral ayının əvvəlinə təsadüf edir. İndoneziyada ilk dərs günü adətən iyulun ortalarında olur. Misirdə tədris ili adətən sentyabrın sonuncu on günlüyündə başlayır. İranda da ilk dərs günü sentyabrın sonlarına təsadüf edir.
İsraildə ilk dərs günü 1 sentyabrdır. İbtidai siniflər üçün son dərs günü 30 iyun, orta məktəb və liseylər üçün isə 20 iyundur. Yaponiyada ilk dərs günü bütün məktəblər üçün ya aprelin 7-nə, ya da 8-nə düşür. Dərslər adətən martın 24-də başa çatır, cəmi 2 həftəlik tətil olur. Mərakeşdə tədris ili sentyabrda başlayır və iyun/iyulun əvvəlində bitir. Nepalda təhsilin ilk günü aprelin 14-ü və ya 15-i olan əksər məktəblərdə son dərs günü 1 aprelə təsadüf edir. Malayziyada ibtidai və orta məktəblər üçün tədris ili martın əvvəlində başlayır və yanvarın sonunda bitir.
Pakistanda yeni tədris ilinin ilk günü martın sonu və ya aprelin əvvəlinə düşür. Dərslər may-iyun aylarında başa çatır. Qətərdə ilk məktəb günü adətən avqustun sonu və ya sentyabrın əvvəlində olur. Filippində tədris ili avqustun son həftəsində başlayır və iyunun son həftəsində bitir. Sinqapurun bütün ibtidai və orta məktəbləri üçün dərs ili yanvarın əvvəlindən başlayır və noyabrın sonunda bitir. CAR-da tədris ili yanvarın ortalarında başlayır və dekabrın əvvəlində sonlanır. Tunisdə tədris ili sentyabrın 15-də başlayır və orta və ali məktəblər üçün mayın 25-də, ibtidai siniflər üçün isə iyunun 1-də başa çatır. Vyetnamda ilk dərs günü 5 sentyabrdır.
Ermənistanda ilk dərs günü sentyabrın 1-dir. Bu, Milli Bilik Günüdür. Dərslər may ayının sonunda bitir. Belçikada da ilk məktəb günü sentyabrın 1-i olur. Bolqarıstanda ilk dərs günü sentyabrın 15-i, son gün isə ibtidai siniflər üçün mayın 31-i, orta məktəblər üçün isə 15 iyundur. Xorvatiyada tədris ilinin müəyyən bir tarixi yoxdur, lakin adətən dərslər sentyabrın birinci yarısında başlayır, iyunun ortalarında bitir. Türkiyə tədris ilinin sentyabrın əvvəlində başladığı ölkələrdəndir.
Estoniyada ilk dərs günü sentyabrın 1-dir. Yunanıstanda ilk məktəb günü sentyabrın 11-dir. Macarıstan da dərslərin 1 sentyabrda başladığı ölkələrdəndir. İrlandiyada ilk məktəb günü avqustun 23-də başlayır, 30 mayda isə bitir. İtaliyada dərs ili sentyabrın ortalarında başlayır, iyunun ilk həftəsində başa çatır. Latviyada tədris ili həmişə sentyabrın 1-də başlayır. Litvada və Moldovada da belədir. Niderlandda ilk məktəb günü bölgədən asılıdır. Ölkə 3 zonaya bölünür: şimal, orta və cənub. Hər il dəyişən fərqli bir başlanğıc və bitmə tarixi var. Çox vaxt başlanğıc tarixi avqustun ortalarından sentyabrın əvvəlinə qədər olur.
Norveçdə tədris ilinin müəyyən tarixləri yoxdur, lakin avqustun ortalarında başlayır və iyunun ortalarında bitir. Şimali Makedoniyada ilk məktəb günü sentyabrın 1-i olur. Polşada da dərslər 1 sentyabrda başlayır, iyunun 20-dən sonrakı ilk cümə günü sonuncu dərs günüdür. Portuqaliyada məktəb sentyabr ayında, adətən ikinci və ya üçüncü həftədə başlayır. Rumıniyada sentyabrın 15-də və ya 16-da başlayır və iyunun üçüncü həftəsində bitir. Slovakiyada ilk məktəb günü 2 sentyabr və ya 2 sentyabr cümə, şənbə və ya bazar gününə düşərsə, ondan sonrakı ilk bazar ertəsi günüdür. Çünki 1 sentyabr Slovakiyada dövlət bayramıdır – Konstitusiya Günü.
Sloveniyada ilk məktəb günü sentyabrın 1-dir. Dərs ili iyunun 24-də başa çatır. İspaniyada ilk məktəb günü adətən sentyabrın əvvəlindən sentyabrın ortalarına qədər olur, lakin muxtar icmadan asılı olaraq dəyişə bilər. Ukraynada dərs ili həmişə sentyabrın 1-də başlayır. Böyük Britaniyada İngiltərə, Uels və Şimali İrlandiya üzrə ilk dərs sentyabrın birinci həftəsində və ya bəzən ikinci həftədə olur. Şotlandiyada isə məktəblər avqustun ortalarında və ya sonlarında açılır.
Kanadanın əksər yerlərində dərslər sentyabrın ilk çərşənbə axşamı günü başlayır. Bununla belə, bəzi məktəblər avqustda açılır. Avstraliyada məktəbin ilk günü fevralın 1-dir. Yeni Zelandiyada məktəbin ilk günü yanvarın son və ya fevralın ilk həftəsində olur. Dekabrın ortalarında dərslər bitir. Braziliyada ilk dərs günü fevralın ilk cümə axşamı günüdür. Tədris ili adətən noyabrın sonu və ya dekabrın əvvəlində başa çatır. Argentinada məktəb adətən martın ilk günlərində başlayır və dekabrın ikinci həftəsində bitir.
Modern Təhlil və Araşdırma Qrupu