Sentyabrın 15-də İrəvan Ağsaqqallar Şurasına seçkilərlə bağlı təşviqat kampaniyası başa çatıb. Artıq sentyabrın 16-da gecə yarısı səsvermədən bir gün əvvəl hər hansı təşviqat növünü qadağan edən Sükut günü elan edilib.
Moderator.az xəbər verir ki, bu haqda “Kavkazskiy uzel” nəşrinin müxbiri məlumat yayıb.
Məlumatda deyilir kii, “Gallup International Association” “Qallup beynəlxalq assosiasiyasının sorğusuna əsasən, respondentlərin 22,5%-i hakimiyyətdə olan partiyanın namizədi Tiqran Avinyana səs verməyə hazırdır. İkinci yerdə 14,3% səslə “Milli tərəqqi” partiyasının namizədi, İrəvanın keçmiş meri Hayk Marutyandır. Respondentlərin 7,8%-i “Ana Ermənistan” blokunun namizədi Andranik Tevanyana səs verməyə hazırdır. Respondentlərin 5,7 faizi “Həyat ölkəsi” partiyasının namizədi Mane Tandilyana, 5,2 faizi isə “Respublika” partiyasının namizədi Artak Zeynalyana üstünlük verib. Respondentlərin 9,9%-i kimə səs verəcəyini cavablandırmaqda çətinlik çəkib, 11,6%-i isə cavab verməkdən imtina edib. Sorğu sentyabrın 12-dən 13-dək telefon vasitəsilə aparılıb və 802 respondent iştirak edib.
Politoloq Armen Vardanyan hesab edir ki, əsas mübarizə hakimiyyətdə olan partiyanın namizədi Tiqran Avinyanla keçmiş mer Hayk Marutyan arasında gedəcək. Lakin onun fikrincə, onların heç biri 50%-dən çox səs toplaya bilməyəcək.
Seçki Məcəlləsinə əsasən, İrəvan Ağsaqqallar Şurasına seçkilər proporsional sistem üzrə keçirilir. Seçicilərin 50%-dən çoxunun səsini toplayan siyasi qüvvənin meri seçmək hüququ var. Əgər siyasi qüvvələrdən heç biri 50%-dən çox səs toplaya bilməsə, paytaxt deputatları mer seçmək üçün koalisiya yaratmalıdırlar. Partiyalar üçün giriş maneəsi 4% səs, bloklar üçün isə 6% müəyyən edilib.
“Siyasi qüvvələr paytaxtda hakimiyyət formalaşdıqmaq üçün koalisiya müttəfiqləri axtarmalı olacaqlar. Giriş baryerini aşmaq şansı olan “Respublika” partiyası iqtidar partiyasının ortağı ola bilər. Hayk Marutyan “Həyat ölkəsi” partiyası ilə koalisiya yaradacaq. “Ana Ermənistan” blokunun, məncə, keçmək şansı minimaldır”, – deyə politoloq bildirib.
O hesab edir ki, Ermənistan paytaxtında müxalifətin hakimiyyəti ələ keçirmək şansı yüksəkdir. Onun sözlərinə görə, 2021-ci ilin son parlament seçkilərində İrəvanda seçicilərin ümumi sayının təxminən 40%-i hakim qüvvəyə səs verib. “Bundan başqa, hakimiyyətdə olan partiyanın namizədi Paşinyanınkı qədər reytinqə malik deyil. Parlament seçkilərində hakim qüvvənin xeyrinə oynayan digər amil Robert Köçəryan amilidir. Cəmiyyət onun qayıtmasını istəmədi və bu, hakim partiyanın çoxluğu ələ keçirməsinə imkan verdi. Hökumətyönlü media Hayk Marutyanı keçmiş prezidentlə necə əlaqələndirməyə çalışsa da, ictimaiyyət ikinci dəfə bu texnologiyaya uymayacaq”, – deyə Vardanyan qeyd edib.
Politoloq hakimiyyətin səsvermənin nəticələrini saxtalaşdıracağına da şübhə ilə yanaşır. “Ümumilikdə saxtalaşdırma imkanları azalıb. Üstəlik, Paşinyan buna razı olmayacaq. Şəffaf seçkilər onun üçün cəmiyyətlə ünsiyyətdə mühüm aspekt idi və o, bu cəhəti itirmək istəməzdi”, – deyə ekspert ehtimal edib.
Sultan Laçın