Azərbaycan Beynəlxalq Bankının filial və şöbələrinin yenilənməsi, müştərilərə xidmətin müasir bankçılıq standartlarına uyğun qurulması prosesi davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq bankın Mərdəkan şöbəsinin binası da əsaslı təmir və yenidənqurmadan sonra müştərilərin istifadəsinə verilib.
Milletinsesi.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsi Mərdəkan qəsəbəsi, Almaz İldırım küçəsi – 8A ünvanında xidmət göstərir. Bankın vahid korporativ üslubuna uyğunlaşdırılaraq müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.
Fərdi və korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankının Mərdəkan şöbəsində kassa-hesablaşma əməliyyatları, pul köçürmələri, əmanətlər, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.
Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib: “Filial və şöbələrimizin yenilənməsi prosesi davam etdirilir. Yenilənmə tədbirləri bankın bir çox xidmət ofislərini də əhatə edəcək. Məqsədimiz müştərilərimiz üçün ən yüksək xidmət səviyyəsini təmin etmək, onların məmnunluğuna nail olmaqdır”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.