
Gürcüstan hakimiyyəti “Ukrayna ssenarisi”ndən ehtiyat edərək vətəndaşların etiraz hüququnu məhdudlaşdırmağa tələsir. Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, müxalifətin rusiyayönlü adlandırdığı “Yığıncaqlar və nümayişlər haqqında” qanun prezident Salome Zurabişvilinin imzası olmadan qüvvəyə minəcək.
Moderator.az xəbər verir ki, Kobaxidze bunu “İmedi” telekanalına müsahibəsində söyləyib.
O bildirib ki, “çadırlar haqqında” qanun prezidentin imzalamasını gözləmədən dərhal qüvvəyə minəcək.
“Parlament bu qanunu Gürcüstan Konstitusiyasının 45 və 46-cı maddələri əsasında deyil, 36-cı maddəsi əsasında qəbul edib. Buna görə də prezidentin imzası olmayan qanun dərhal qüvvəyə minəcək”, – o, belə deyib.
Qeyd edək ki, 36-cı maddədə parlamentin ölkə prezidentinin imzası olmadan qanunlar qəbul edə biləcəyi ilə bağlı heç bir müddəa yoxdur.
Prezident Salome Zurabişvilinin administrasiyası bildirib ki, bu cür hərəkətlər “qeyri-ciddi və rüsvayçılıq”, həmçinin “cəmiyyətə hörmətsizlik”dir.
“Gürcüstan prezidentinin 22 iyun 2022-ci ildə elan etdiyi kimi, o, ölkənin demokratik quruculuğuna və Avropa İttifaqının tövsiyələrinin ruhuna zidd olan bütün qanunlara veto hüququndan istifadə edəcək. Buna uyğun olaraq sərbəst toplaşmaq və fikirləri ifadə etmək azadlığını məhdudlaşdıran “Yığıncaqlar və nümayişlər haqqında” qanuna veto qoyacaq”, – Zurabişvilinin mətbuat xidmətinin bəyanatında deyilir.
“Yığıncaq və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərdə hakimiyyət mitinqlər zamanı həm çadırların, həm də çıxışlar üçün səhnələrinin quraşdırılmasını qadağan etmək istəyir. Qadağa bunun guya dövlət orqanlarının və hüquq-mühafizə orqanlarının işinə mane olması və ya toplantı iştirakçılarına “təhlükə törətməsi” əsasında tətbiq edilə bilər.
Təşəbbüsçülər qanunun qəbuluna tələsməyi onunla izah ediblər ki, guya onlar dövlət qurumları və vətəndaşların “təhlükəsizliyinə təminat” vermək istəyirlər, çünki məqsədi güc yolu ilə hakimiyyəti dəyişmək olanmüəyyən qrup insanlar ölkədə “Ukrayna ssenarisi” üzrə sabitliyin pozulması və iğtişaşlar hazırlayırlar.
Xatırladaq ki, bundan əvvəl Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Ukraynanı Maydan ssenarisi üzrə ölkədə “çevrilişə hazırlaşmaqda” ittiham etdiyi bildirilmişdi.
Daha sonra Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko bildirmişdi ki, Gürcüstan hakimiyyəti öz daxili siyasi problemlərini həll etmək üçün Ukraynanı “iblis” rolunda təqdim etməyə çalışır…
Sultan Laçın