Elxan Mehdiyev: “İndi Azərbaycanın hüquq sistemi döyüşə hazırlaşmalıdır”

Elxan Mehdiyev: “İndi Azərbaycanın hüquq sistemi döyüşə hazırlaşmalıdır”

“Ölərik, Qarabağı vermərik” deyən ermənilərin heç biri nə ölmədi, nə də özünü öldürmədi…”

 

Tədqiqatçı–alim Elxan Mehdiyev gündəmin aktual mövzusu ətrafında Moderator.az-ın bir neçə sualını cavablandırıb.

 

– Elxan bəy, Qarabağdakı liderlərin nəhayət tutulub Bakıya gətirilməsini necə qiymətləndirirsiniz?

 

– Onların tutulub Bakıya gətirilməsi Bakının Qarabağda mütləq hakimiyyətinin nəticəsidir. Ortaya qoyulan siyasi iradənin təntənəsidir. Xüsusi xidmət orqanlarımızın yüksək səviyyəli başarısıdır.

 

Eynilə 35 ildir xalqımıza və ölkəmizə hədsiz məhrumiyyətlər gətirən və ölkənin beşdə birini xarabaya qoyan və yüz minlərlə insanın həyatını məhv edən bir zəhərli ideologiyanın kökünün kəsilməsi və məhv edilməsidir. Bu ideologiya təkcə bizi deyil, eynilə erməni xalqını da fəlakətə gətirmişdir. Bu ideologiya dünyanın yazılı tarixində görünməyən və etnik təmizləməyə söykənmiş etnik nifrət, rasizm və nasizm üzərində qurulmuş zorakı ideologiya idi.

 

Bu ideologiya, eynilə Qarabağın erməni əhalisini qorxu içində girov saxlayırdı və onları “biz olmasaq Azərbaycan sizi buradan etnik təmizləməyə məcbur edəcək” və ya “öldürüb çıxaracaq” təbliğatı son 30 ildə heç bir zaman səngiməmişdir. İşğal dönəmində, Azərbaycan və erməni əhalisinin təmasları ilə bağlı edilən bütün təşəbbüslərin qarşısının alınması da bu məqsədə xidmət edirdi. İndi özləri təslim olurkən, öz ideoloqlarının kəndlərə tökülərək bütün əhalini Qarabağdan çıxartması və bu panikaya yerli erməni əhalisinin asan şəkildə getməsi 30 illik qorxu, nifrət və “ölüm və ya qalım” totalitar tərbiyəsinin nəticəsi idi. Çünki azad olan heç bir toplum bu cür hərəkət edə bilməzdi.  

 

“Biz öləcəyik amma Qarabağı verməyəcəyik”,  deyənlərin heç biri də ölmədi. Heç biri də özünü öldürmədi. İttifaq qüvvələri 1945-ci ildə Almaniyaya girdiyi zaman çox sayda rayonların və şəhərlərin nasist icra başçıları özlərini öldürdü və çoxları öz kabinetlərində oturaq halda özlərini öldürmüşdülər.  “Öləcəyik amma Qarabağı verməyəcəyik” deyən hansı Qarabağdakı və ya ermənistandakı nasist özünü öldürdü? Heç biri?.  “Qarabağı biz aldıq” deyən və  Vanı,Ərzurumu azad etməyi də gənc ermənilərə vəsiyyət edən serj sarkisyan özünü öldürdümü?… Heç birinin nə hünəri,nə də cəsarəti buna yetmədi…

 

Onların son dönəmdə ideoloqluğunu etməyə çalışan və Qarabağın Gebbelsi sayılan yaxşı tanıdığım david babayan özünü öldürdümü? Əksinə ən birinci təslim oldu. Xaricdəki görüşlərdə  üzumə dirənərək histerik şəkildə “biz öləcəyik, amma Qarabağ Azərbaycanın olmayacaq”, “Qarabağ heç bir zaman Azərbaycanın olmaycaq, bu mümkün deyil” deyirdi. “Müharibədə biz səni öldürəcəyik və Qarabaq Azərbaycanın olacaq və sən heç onu görməyəcəksən” – ona dediyim sözlər idi. Müharibə zamanı da qaçıb gizləndi. İndi də,qorxudan yalvarıb təslim oldu İndi Bakıda onu görsəm deyərdim, Qarabağ Azərbaycandır, bəs sən niyə ölmədin?  Məncə onun cəzası ən yüksək olmalıdır,çünki o Qarabağdakı erməni əhalisinin çıxmasının günahgarlarından ən öndə gedənidir. 24 Sentyabrda yerli radioda çıxış edərək əhalini Qarabağdan çıxmağa təbliğ edirdi. Yerli əhalinin əksəriyyətinin yeganə arzusu Azərbaycan vətəndaşlığnı qəbul edib öz yurdlarında yaşamaq idi. Onları yerlərindən edən babayan kimilər və kəndlərdəki onların nümayəndələri idi. Əslində ona qarşı qoyilan ittihamlara bu məsələ ilə bağlı da cəza maddəsinin tətbiq edilməsi lazımdır. babayan Qarabağ Azərbaycandır qəbul etmirsə, demək bütün əhali də onu arxasına düşüb evlərini tərk etməliydi? Bütün bunlar oradakı əhalinin necə əsir saxlandığının bariz nümunəsidir. 

 

On illərlə təmasda olduğum çox sayda erməni eksperləri, alimləri və parlament üzvləri də bu düşüncənin aparıcıları idi. 44 günlük savaşdan sonra bir qismi daha ağıllı çıxıb özünə uyğun işlərlə məşğuı olmağa başladı.  Biri üzüm alıb şərab çəkməklə məşğuldur, digəri çomağnı götürüb qoyununu otarır. Bir qismi isə tam da səsini kəsib deməyə sözü yokdur. Bir qismi hələ də ortada tülkü cildinə girib təlxəklik edir. “ Azərbaycan müharibə edərsə, 7 rayonu da gedəcək” deyənlər isə indi “gəl sülh üçün çalışaq” deyir. 

 

– Erməni əhalisi çıxarıldı, yoxsa özləri çıxdılar?

 

– Əhalinin bu cür panika içərisində çıxmasında Paşinyan hökümətinin də günahları çoxdur. Qarabağ erməniləri üçün yeni yolun çəkilməsi və eynilə Laçında və onun kəndlərində yaşayan ermənilərin danışıqlar yolu ilə köçürülməsi Azərbaycanın həqiqətən heç bir zaman bu cür niyyətinin olmadığının açıq nümayişı idi. Ancaq keçən ilin dekabrından başlayaraq erməni rəsmi və qeyri rəsmi dairələri etnik təmizləmə terminini dövriyyəyə salmışdı və Laçın sərhəd məntəqəsinin etnik təmizləmə üçün açıldığını deyərək dünyaya car çəkirdilər və beləliklə Qarabağda  yaşayan erməni əhalisini qorxu içində saxlayırdılar. Mən özüm də ermənilərlə yayda olan son Tbilisi görüşundə onların Qarabağdakı erməniləri qorxuzduqları və onların orada yaşamasına dəstək yox əksinə oranı tərk etməsinə kömək edən təbliğat apardıqları haqda mübahisələr etdik. Azərbaycanın suverenliyi erməni əhalisinin getməsi üçün niyə arqument olmalıdır ki? Əksinə Azərbaycanının suverenliyi onların öz yurdlarında daimi yaşamasına təminat verir. Onlar isə Hadrutu misal çəkərək başqa yerlərdə də belə olacağını iddia edirdilər. Hadrut əhalisi müharibə zamanı oranı tərk edib. İndi isə Azərbaycan sərhəd məntəqəsi qoyursa, ermənilərin niyə etnik təmizlənməsi olmalıdır ki. Gürcüstana sərhəd məntəqəsini keçib gəlmədinizmi?  Əksinə sərhəd məntəqəsi Ermənistanın da dövlət kimi tanınmasına gətirir. 

 

– Sizcə, indiki tarixi zamanda Azərbaycanın növbəti addımları necə olmalıdır?

 

– Ədalət olmayan yerdə sülh olmaz. Hərbi cinayətgarlar həbs olunmasa və Azərbaycana vurulmuş təzminat ödənməsə sülh də soyuq sülh və ya gövrək sülh olacaq. Azərbaycanın növbəti addımları R. Koçaryan və Serj Sarkisyanın Ermənistandan tələb edilməsi olmalıdır. Onun da mexanizmləri vardır. Biz onu edə bilərik. Bunun üçün öncə Azərbaycan Ermənistanın üzərinə on milyardlarla ölçülən ağır təzminat qoymalı və beynəlxalq məhkəmələri işə salmalıdır. Əslində bu iş sülh müqaviləsinin danışıq mövzusu olmalıdır. Azərbaycana qarşı yönəlmiş indiki beynəlxalq hücum kontekstində, Azərbaycan bü təşəbbüslə qısa zamanda əlində olan mübahisəsiz arqumentlərlə beynəlxalq instansiyala müraciət etməlidir. Bu iş kənara qoyulmamalıdır. Məncə, sülh müqaviləsinə sadəcə 5 prinsipin daxil edilməsi ilə kifayətlənməli deyilik, buraya həm təzminat və həm də hərbi cinayətgarların təhvil verilməsi daxil olmalıdır.

 

İkincisi, Paşinyanla qarşıdakı görüşlərdə Azərbaycan tərəfi erməni əhalisinin könüllü şəkildə Qarabağa geri dönməsi ilə bağlı təşəbbüslər etsə və bəlkə də ikitərəfli birgə bəyənatlar vasitəsilə müraciətlər edilsə çox faydallı olardı. Birgə komissiyaların müraciətləri formasında da müraciətlər edilə bilər. Bu cür təşəbbüslər Azərbaycanın zərərinə deyil,əksinə tam maraqlarına xidmət edir və beynəlxalq təxribatçı qrupların və təşkilatların həmlələrini heçə endirir. Azərbaycan bu addımları atmaqla, öz erməni vətəndaşlarına sahib çıxır və özünün bəyan edilmiş siyasətini ortaya qoymuş olur və digər tərəfdən beynəlxalq səhnədə də daha da əminliklə hərəkət etmiş oluruq. 

 

Önəmli məsələlərdən biri də, həbsə alınmış keçmiş DQ liderlərinin və R. Vartanyanın işi ilə bağlı məşğul olan Azərbaycan məhkəmə və prokurorluq sisteminin çevik və  çox hazırlıqlı olması məsələsidir. Burada sadəcə Azərbaycanın qanunları deyil, bu cür işlərlə bağlı aparılan beynəlxalq təcrübə də öyrənilməlidir. Bura həm beynəlxalq hüququn,o cümlədən, beynəlxalq humanitar hüququn müddəaları, milli azadlıq hərəkatları, üsyan edən və ya vuruşan tərəfin beynəlxalq hüquqda təsbit edilən müddəaları, bu cür hallarda üsyançı tərəfdəki mülki əhalinin statusu və mərkəzi hökümətin öhdəlikləri, milli müqəddəratın təyin edilməsi mexanizmləri və suverenlik və ərazi bütövlüyü və s. daxildir. Bütün bunları əhatəli şəkildə araşdıran qrup olursa məhkəmə prosesində büdrəmələr ilə rastlaşmarız.

 

Hesab edirem ki, erməni tərəfi R. Vartanyan və digər keçmiş “liderlər” üçün Avropa və ya Amerikadan təcrübəli vəkil gətirəcəklər və onlar bu məhkəmələri siyasi səhnəyə çevirməyə və öz əməllərini əsaslandıran və Azərbaycanı məhkum edən iddialarla çıxış etməyə çalışacaqlar. Ola bilsin ki, ABŞ-dan Kerakos kimi millətçi erməni vəkillər də gəlsin. Buraya yəqin ki, Avropa və Amerikadan siyasi liderlər və ya parlamentarlar və beynəlxalq təşkilatlardan missiyalar gəlməyə çalışacaqlar. Ermənilərin bu işlərdə təcrübələri böyükdür. Onlar Soğomon Teyleryandan tutmuş ASALA-nın terrorçularına qədər, hamısı üçün nüfuzlu vəkillər tutub bu işləri siyasi səhnəyə çevirmiş və bir çox hallarda uğur qazanmışlar. Onların əlaqələri böyük və mediaya çıxışları genişdir. Elə son zamanlara qədər Fransada ad qazanan və Sarkozi dönəmində onun partiyasının liderlərindən olan Fransa parlamenti üzvü Patrik Deveciyan Türk diplomatlarına qarşı terror edən ASALA terrorçusunun vəkilliyini etdiyinə görə Fransada erməni dairələrində ad qazanmıış,parlamentə keçmiş və sonralar Fransa dövlətində kabinet üzvü olan nazir səviyyəsinə yüksəlmişdir.  Bu baxımdan, indiki dönəmdə artıq Azərbaycanın hüquq sistemi döyüşə hazırlaşmalıdır.Biz torpağımıza bağlı barışmaz mübarizəmiz hesabına qalib gəlmişik.

Mənbə

Share: