
SİZ Adəm və Həvva, həmçinin Eden bağı haqqında hekayələri eşitmisinizmi? Bu hadisə dünyada bir çox insanlara tanışdır. Bəs nəyə görə bu haqda məlumatı oxumayasınız? Bu hadisəni Müqəddəs Yazıların «Yaradılış» kitabının 1-ci fəslinin 26-cı ayəsindən 3-cü fəslinin 24-cü ayəsinə qədər olan hissəsindən açıb oxuya bilərsiniz. Onu qısaca olaraq belə nəql etmək olar:
Yehova Allaha insanı torpaqdan yaradıb adını Adəm qoydu və onu Eden adlanan ərazidəki bağda yerləşdirdi. Bu bağı Allah salmışdı. Bağ yaxşı suvarılırdı və orada çoxlu gözəl meyvə ağacları var idi. Bağın ortasında isə Allah «xeyirlə şəri bilmə ağacını bitirdi». O, insanlara həmin ağacın meyvəsindən yeməyi qadağan edərək xəbərdarlıq etdi ki, itaətsizlik ölümlə nəticələnəcək. Müəyyən vaxtdan sonra Yehova Adəm üçün həyat yoldaşı Həvvanı yaratdı; Allah onu Adəmin qabırğasından yaratdı. Sonra onlara bağa qulluq etməyi, eləcə də törəyib çoxalmağı və yer üzünü bürüyüb ona sahib olmağı tapşırdı.
Həvva tək olanda ilan onunla danışdı və Allahın onu aldatdığını, yəni ondan yaxşı bir şeyi (onu Allah kimi edəcək bir şeyi) gizlətdiyini deyərək qadağan olunmuş ağacın meyvəsindən yeməyə təhrik etdi. Həvva bu təsirə uyub ağacın meyvəsindən yedi. Sonra da Adəm Allaha itaətsizlikdə ona qoşuldu. Bunun qarşılığında Yehova Adəmə, Həvvaya və ilana hökm kəsdi. Sonra insanlar cənnət bağından qovuldular və girişə mələklər qoyuldu ki, onlar bu bağa girə bilməsinlər.
Bir vaxtlar alimlər, ziyalılar və tarixçilər arasında Müqəddəs Kitabın «Yaradılış» kitabında yazılan hadisələrin həqiqi və tarixi olduğunu iddia etmək geniş yayılmışdı. Bizim günlərdə isə bu kimi şeylərə şəkk-şübhə etmək daha populyardır. Bəs «Yaradılış» kitabında yazılan Adəmlə Həvva və Eden bağı haqqındakı məlumatı şübhə altına almağa hansı əsaslar var? Gəlin insanların bununla əlaqədar irəli sürdükləri dörd etirazı nəzərdən keçirək.
1. Eden bağı, həqiqətən də, mövcud olubmu?
Bu şübhələr nədən irəli gəlir? Ola bilsin, bunda fəlsəfənin rolu olmuşdur. Əsrlər boyunca ilahiyyatçılar Allahın yaratdığı bağın haradasa mövcud olduğunu təsəvvür etmişlər. Lakin kilsə yer üzündə heç nəyin mükəmməl ola bilməyəcəyini iddia edən Platon və Aristotel kimi yunan filosoflarının təsiri altında olmuşdur. Bu filosofların fikrincə, yalnız göylər nöqsansız və mükəmməl ola bilərdi. Buna görə də ilahiyyatçılar belə qənaətə gəldilər ki, Cənnət səmaya daha yaxın olmalıdırb. Bəziləri deyirdi ki, bu bağ korlanmış planetin təsiri olmayan yerdə — uca bir dağın zirvəsində yerləşir; başqalarının sözlərinə görə, bu bağ Şimal və ya Cənub qütbündə olub; digərləri isə, onun Ayda və ya ona yaxın bir yerdə yerləşdiyini söyləyirdilər. Buna görə də təəccüblü deyil ki, Eden bağının mövcudluğu çoxlarına nağıl kimi görünür. Bu gün bəzi alimlər Eden bağının heç vaxt mövcud olmadığını iddia edərək onun coğrafi məkanı haqqındakı məlumatı mənasız hesab edirlər.
Lakin Müqəddəs Kitabda bu bağ bu cür təsvir edilmir. Yaradılış 2:8—14 ayələrindən bu yerin bəzi səciyyəvi xüsusiyyətləri haqda öyrənmək olar. Bu bağ Eden adlanan ərazinin şərqində yerləşirdi. Bağın suvarılması üçün Edendən dörd qola ayrılan bir çay axırdı. Kitabda bu dörd çayın hər birinin adı çəkilir və hansı məcrada axdıqları barədə qısa məlumat verilir. Uzun müddətdir ki, bu təfərrüatlar alimləri narahat edir. Onlardan çoxları həmin qədim ərazinin indiki dövrdə harada yerləşdiyini tapmaq üçün Müqəddəs Kitabın bu parçasını araşdırırlar. Bununla belə, onlar bir-birinə zidd saysız-hesabsız fikirlər irəli sürürlər. Bu o deməkdirmi ki, Eden bağı və oradan axan çaylar haqqında məlumat yalan və ya əfsanədir?
Gəlin bir şeyi nəzərdən keçirək: Eden bağındakı hadisələr təxminən 6000 il əvvəl baş verib. Çox ehtimal ki, bu hadisələr Musa tərəfindən qələmə alınmışdı; bu zaman o, şifahi məlumatlardan, yaxud mövcud olan sənədlərdən istifadə etmişdi. Lakin Musa bu hadisələri onlar baş verdikdən təxminən 2500 il sonra qələmə almışdı. O zaman artıq Eden tarixə çevrilmişdi. Ola bilərmi ki, əsrlər ərzində landşaft, məsələn, çayın istiqaməti dəyişilsin? Yerin səthi daima dəyişikliyə uğrayır. Eden bağının yerləşdiyi ərazi tez-tez zəlzələlərə məruz qalır; bir hesablamaya əsasən, dünyanın ən böyük zəlzələlərinin təxminən 17 faizi bu əraziyə düşür. Bu ərazilərdə tez-tez dəyişikliklərin baş verməsi adi haldır. Bundan əlavə, Nuhun günlərində baş vermiş Daşqın nəticəsində bu yerlərin relyefinin nə dərəcədə dəyişdiyi bizə məlum deyilc.
Lakin əlimizdə yalnız bir neçə fakt var: «Yaradılış» kitabı həmin bağ haqqında, həqiqətən də, mövcud olan bir məkan kimi bəhs edir. Kitabda adı çəkilən dörd çaydan ikisi — Dəclə və Fərat — hələ də axar çaylardır və onlardan bəzilərinin mənbəyi bir-birinə çox yaxındır. Orada hətta həmin çayların axdığı torpaqların adları və həmin ərazidə geniş yayılmış təbii resursların səciyyəvi xüsusiyyətləri haqda xəbər verilir. Bu yazıları ilk oxuyan qədim İsrail xalqı üçün bu təfərrüatlar sadəcə məlumat xarakteri daşıyırdı.
Əfsanə və ya nağıllarda belə dəqiqliyə rast gəlmək olurmu? Yoxsa təsdiq və ya təkzib edilməsi mümkün olan detallar buraxılır? Nağıllar əksər hallarda belə başlayır: «Günlərin bir günü, uzaq bir diyarda…» Lakin Eden bağı ilə bağlı məlumatda olduğu kimi, tarixi sənədlərdə də, adətən, işlə bağlı təfərrüatlar yer alır.
2. Allahın Adəmi torpaqdan, Həvvanı isə Adəmin qabırğasından yaratması nə dərəcədə həqiqətə uyğundur?
Müasir alimlər əmindirlər ki, insan bədəni hidrogen, oksigen və karbon kimi müxtəlif elementlərdən təşkil olunub — bu elementlərin hamısı torpağın tərkibində də var. Bəs bu elementlər insanda necə cəmlənib?
Bir çox alimlər belə bir fərziyyə irəli sürürlər ki, həyat milyon illər ərzində sadə bir formadan tədricən daha mürəkkəb formaya keçərək öz-özünə yaranıb. Lakin buradakı «sadə» sözü aldadıcı ola bilər, çünki bütün canlı varlıqlar, hətta birhüceyrəli mikroskopik orqanizmlər belə həddən artıq mürəkkəbdir. Hər hansı həyat növünün nə vaxtsa təsadüfən peyda olduğuna, yaxud belə bir şeyin baş verə biləcəyinə heç bir dəlil yoxdur. Əksinə, bütün canlı məxluqlar aydın şəkildə sübut edir ki, onlar bizim ağlımızdan qat-qat üstün olan ali müdrikliyin məhsuludur (Romalılara 1:20).
Qulaq asdığınız gözəl simfoniyanın, baxdığınız heyrətamiz şah əsərin, yaxud da gördüyünüz hər hansı texnoloji yeniliyin müəllifinin olmadığını və ya onu heç kimin yaratmadığını iddia edərdinizmi? Əlbəttə, yox! Lakin bu şah əsərlərdən heç biri öz mürəkkəbliyi, gözəlliyi və qeyri-adiliyi ilə seçilən insan bədəni ilə müqayisəyə gəlməz. Bəs belə bir şeyin Yaradanının olmadığını necə düşünmək olar? Üstəlik, «Yaradılış» kitabında izah olunur ki, yer üzündəki canlılardan yalnız insan Allahın surətində yaradılıb (Yaradılış 1:26). Münasib olaraq, yer üzündə yalnız insanlar musiqi, incəsənət və texnologiya sahəsində heyrətamiz işlər görməklə Allahın yaratmaq istəyini əks etdirmək qabiliyyətinə malikdir. Allahın yaratmaq qabiliyyətinin bizimkindən qat-qat üstün olması bizi təəccübləndirməlidirmi?
Allah üçün qadını kişinin qabırğasından yaratmaq heç də çətin deyildid. Allah istəsəydi, onu başqa cür də yarada bilərdi. Lakin qadının belə yaradılmasının dərin mənası var. O istəyirdi ki, kişi ilə qadın nikahda birləşsinlər və «bir bədən» kimi, onların arasında sıx münasibət olsun (Yaradılış 2:24). Qadınla kişinin bir-birini necə tamamlaması, eləcə də aralarında daimi və sevinc gətirən münasibətlərinin olması müdrik və məhəbbətli Yaradanın mövcudluğuna dəlalət edir.
Bundan əlavə, müasir genetik-alimlər bütün insanların bir kişi və qadından törəməsi ehtimalını qəbul edirlər. Beləliklə, demək olarmı ki, «Yaradılış» kitabında deyilənlər həqiqətə uyğun deyil?
3. Bilik və həyat ağacı əfsanəyə bənzəyir.
Əslinə qalsa, Müqəddəs Kitaba əsasən, bu ağaclarda qeyri-adi və ya fövqəltəbii bir şey yox idi, onlar adi ağaclar idi. Yehova Allahın bitirdiyi bu ağacların hər biri müəyyən simvolik məna daşıyırdı.
Adətən, insanlar da müəyyən şeylərə simvolik məna verirlər. Məsələn, bəzən insanları dövlət bayrağına hörmətlə yanaşmağa çağırırlar. Bu zaman hamı başa düşür ki, hörmət sadəcə hansısa parçaya yox, dövlət rəmzi olan bayrağa göstərilməlidir. Müxtəlif monarxlar da əsadan və tacdan öz hökmranlıqlarının rəmzi kimi istifadə etmişlər.
Bəs yaxşı, bu iki ağac nəyi təmsil edirdi? Bu barədə çoxlu mürəkkəb fərziyyələr irəli sürülür. Bu sualın cavabının sadə olmasına baxmayaraq, onun mənası çox dərindir. Xeyirlə şəri bilmə ağacı nəyin pis, nəyin yaxşı olduğunu müəyyən etmək ixtiyarının yalnız Allaha məxsus olduğunu təmsil edirdi (Yeremya 10:23). Təəccüblü deyil ki, bu ağacın meyvəsindən oğurlamaq cinayət idi! Həyat ağacı isə ancaq Allahın bəxş edə biləcəyi ənamı — əbədi həyatı təmsil edirdi (Romalılara 6:23).
4. İlanın danışması nağıla bənzəyir.
Əgər Müqəddəs Kitabın başqa yerlərində yazılanları nəzərə almasaq, «Yaradılış» kitabında nəql olunan bu hadisə insanı çaşdıra bilər. Lakin Müqəddəs Yazılar bu maraq doğuran sirrə tədricən aydınlıq gətirir.
İlanı danışdıran kim və ya nə idi? İsrail xalqına ilanın burada hansı rolu oynadığına daha çox aydınlıq gətirən başqa faktorlar da məlum idi. Misal üçün, onlar heyvanların danışmadığını bilirdilər, bununla belə başa düşürdülər ki, ruhani varlıqlar heyvanları danışdırmağa qadirdir. Musa peyğəmbər həmçinin Bilam haqqında hadisəni də qələmə almışdır; Allah Öz mələyini göndərmişdi ki, Bilamın eşşəyini insan kimi dil açıb danışmağa məcbur etsin (Saylar 22:26—31; 2 Peter 2:15, 16).
Allahın düşmənləri də daxil olmaqla, bütün mələklər möcüzələr edə bilirmi? Musa Misir sehrbazlarının əsalarını ilana çevirərək Allahın bəzi möcüzələrini təkrarladıqlarının şahidi olmuşdu. Bu kimi möcüzələrin arxasında yalnız və yalnız Allahın ruhani aləmdəki düşmənləri durur (Çıxış 7:8—12).
Bildiyimiz kimi, «Əyyub» kitabını da Allahdan ilham alaraq qələmə alan Musa peyğəmbər olmuşdur. Bu kitabda Yehovanın bütün xidmətçilərinin nöqsansızlığını yalandan şübhə altına alan Allahın baş düşməni Şeytan haqqında daha çox məlumat verilir (Əyyub 1:6—11; 2:4, 5). Qədim israillilər Eden bağında ilandan istifadə edərək onu danışdıranın və Həvvanı aldadaraq Allah qarşısında nöqsansızlığını məhv edənin Şeytan olduğu qənaətinə gələ bilərdilərmi? Görünür, bəli.
İlanın arxasında duran qüvvə Şeytan idimi? Sonralar İsa Şeytanı ‘yalançı və yalanın atası’ adlandırmışdı (Yəhya 8:44). Belə bir nəticəyə gəlmək məntiqə uyğun deyilmi ki, ən birinci yalanın müəllifi də məhz «yalanın atasıdır»? İlk yalanı Həvvaya söyləyən də ilan olmuşdu. Allahın qadağan olunmuş ağacın meyvəsindən yeməyin ölümlə nəticələnəcəyinə dair verdiyi xəbərdarlığa zidd olaraq Şeytan dedi: «Əsla ölməzsiniz» (Yaradılış 3:4). Aydındır ki, ilanın arxasında duranın Şeytan olduğunu İsa çox gözəl bilirdi. İsanın həvari Yəhyaya verdiyi vəhydə Şeytan «qədim ilan» adlandırılmaqla hər şeyə aydınlıq gətirilir.