Fərqanədə Azərbaycan-Özbəkistan dostluq gecəsi

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti Fərqanə vilayətinin Kokand şəhər parkında olub, bağda tanınmış şair və yazıçıların abidəsi önünə çiçək dəstələri qoyub. Sonra qonaqlar parkdakı “Böyük şəxsiyyətlər” muzeyi ilə tanış olublar. Bundan sonra Kokand şəhər teatrında Azərbaycan-Özbəkistan dostluq gecəsi keçirilib.

Milletinsesi.az xəbər verir ki, Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri, şair Enaxon Suddikova xalqlarımız arasındakı tarixi dostluq əlaqələrindən danışıb.

Tədbirdə çıxış edən Qənirə Paşayeva deyib: “300-dən artıq böyük şair, alim yetişdirmiş Kokand torpağına Azərbaycandan salam gətirmişəm. Ölkəmizdə Özbəkistanı çox sevirlər. Tarixən bütün türk dövlətləri böyük tarix və mədəniyyət yaradıb. Biz bir az əvvəl Əl-Biruni, Əl-Xarəzmi, İbn Sina və digər mütəfəkkirlərin irsini yaşadan muzeyə baxdıq. Özbəkistanda tarixi şəxsiyyətlərə və tarixi məkanlara böyük hörmət və ehtiram gördük. Özbək xalqının öz köklərinə belə sayğı və məhəbbətlə yanaşması əlbəttə bizi sevindirir. Əminəm ki, bundan sonra da xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələri davam edəcək və möhkəmlənəcək”.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan arasında dostluq əlaqələrindən danışıb, bu il sentyabrın 15-də Kokand şəhərində keçirilən I Beynəlxalq Tətbiqi Sənət Festivalında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyətinin, habelə sənətkarlarımızın aktiv iştirak etdiyini bildirib. Vilayətin Kokand və Riştan şəhərlərinin daim öz sənətkarlıqları ilə məşhur olduğunu və ötən il Özbəkistanın Riştan şəhəri ilə Azərbaycanın İsmayıllı şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” haqqında sənədin imzalandığını, qarşılıqlı səfərlərin reallaşdırıldığını qeyd edib.

Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzetinin baş redaktoru, şair Xasiyyət Rüstəm deyib ki, dostluq əlaqələrinin möhkəmlənməsində bizim qəzetin də müəyyən rolu var. Belə ki, qəzetin demək olar ki, hər nömrəsində Azərbaycanın şair və yazıçılarının, alimlərinin məqalələri, şeirləri çap olunur.

Sonra geniş konsert proqramı olub, Qənirə Paşayevanın sözlərinə bəstələnən mahnılar ifa edilib.

Xatırladırıq ki, dostluq gecəsi Özbəkistan Yazıçılar İttifaqının Fərqanə şöbəsi, “Kitob dunyasi” qəzeti, AMM-in təşkilatçılığı ilə keçirilib.

 

Share: