Yay aylarında Türkiyədə 608 terrorçu zərərsizləşdirilib

Bu ilin yay aylarında Türkiyədə həyata keçirilən antiterror əməliyyatları nəticəsində ümumilikdə 608 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Daxili İşlər nazirinin köməkçisi İsmail Çataklı keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu il aprelin 16-dan sentyabrın 30-dək ölkədə həyata keçirilən antiterror əməliyyatları nəticəsində 608 terrorçu zərərsizləşdirilib. Hazırda PKK-nın dağlıq ərazilərdəki düşərgələrindəki terrorçuların sayı 600-dən azdır.

Türkiyədə müvəqqəti məskunlaşan suriyalıların İstanbuldan qeydiyyatı ünvanları üzrə geri qaytarılması prosesinin davam etdirildiyini deyən İ.Çataklı Yaxın Şərqdə qeyri-sabitliyin, terrorizm və zorakılığın davam edəcəyi təqdirdə qeyri-qanuni miqrasiyanın da davamlı olacağını bildirib.

Qeyd olunub ki, ölkədə terrorizmlə mübarizə istiqamətində əməliyyatlar fasiləsiz həyata keçirilir. Ölkə daxilində təhlükəsizlik əməliyyatları çərçivəsində sentyabrda kənd yerlərində 10 min 38, şəhərlərdə isə 357 min əməliyyat həyata keçirilib. Təkcə sentyabrda təşkil olunan əməliyyatlar nəticəsində 184 terrorçu zərərsizləşdirilib. Onlardan doqquzu Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.

İ.Çataklı Türkiyə tərəfindən aparılan “Kıran” antiterror əməliyyatları nəticəsində 63 terrorçunun və onlara kömək edən 19 nəfərin zərərsizləşdirildiyini bildirib.

Məlumat verilib ki, sentyabrda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı 13 min 513 əməliyyat keçirilib. Bu əməliyyatlar nəticəsində saxlanılan 18 min 824 nəfərdən 919-u haqqında həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar nəticəsində 10 tona yaxın narkotik maddə müsadirə edilib. (AZƏRTAC)

Share: