BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə , Oktyabr 23 2019

Quranın “Fəcr” surəsində İmam Hüseynə işarə


Hədislərin birində oxuyuruq ki, İmam Sadiq (ə) buyurur: “”Fəcr” surəsini vacib və müstəhəb namazlarınızda oxuyun. Çünki bu mübarək surə İmam Hüseynin (ə) şəni haqqındadır. İmam Hüseyn (ə) – əmin nəfs sahibi idi. Allah ondan razı idi və o, Allahdan razı idi”.

Əgər “Fəcr” surəsinə nəzər salsaq, görərik ki, Ad, Səmud və Fironun fəsadlarından bəhs edir. Sonra da onların ağrılı cəzalarını bəyan edir.

Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, əslində Ad, Səmud və Firon deyildikdə, Bəni-Üməyyə də diqqətə gəlir. Çünki Bəni-Üməyyə də onlar kimi İlahi dinin aradan getməsi üçün çalışır və bu yolda fəsadlar törədirdi. Həmin dövrdə İslam dinindən demək olar ki, heç bir şey qalmamışdı. Çünki hökumətin başında dayananların özləri – dindən qaçan insanlar idi. Zülm etməkdən qorxmayan zalım insanlar.

Aşura hadisəsi İslam dininin qalmış kiçik toxumlarını dirçəltdi və dinin əvvəlki halına gəlməsinə yardım etdi. İmam Hüseyn (ə) çalışırdı ki, cəddi Həzrət Peyğəmbərin (s) dinini bərpa etsin və cahiliyyət dövründə yaşayan, amma adını müsəlman qoyanları qəflət yuxusundan ayıltsın. Buna görə də İmamın (ə) qanı töküldü və ailəsi əsir düşdü. Əziz övladları və tərəfdaşları şəhid oldu. Kiçik körpəsinə belə rəhm olunmadı.

Bu səbəbdən də deyə bilərik ki, İmam Hüseyn (ə) qiyamının əsil hədəfi – Quranı qorumaq və İlahi sünnəti dirçəltmək idi. Peyğəmbərin (s) gətirdiyi din, nəvəsinin qanı sayəsində yenidən kök saldı və budaqlanmağa başladı. Əgər İmamın (ə) əmin nəfsi olmasaydı, öz mübarək qədəmləri ilə bilə-bilə şəhadətə doğru getməzdi. İmam (ə) bilirdi ki, Yezidin (lən) ordusuna qalib gələ bilməyəcəkdir. Ancaq saylarının az olmasına baxmayaraq, bu müqəddəs insanlar dini dirçəldə bildilər.

Əmin nəfsi sayəsində qanını Allah yolunda fəda etdi, ailəsinin əsir düşməsinə razı oldu və behiştə qanad açıb uçdu. Allah onun bu şəhadətindən razı qaldı, İmam (ə) da Allahdan razı qaldı. Çünki İmamın (ə) qiyamı, Qiyamətə qədər yanacaq bir atəş icad etmişdi.

Həzrət Peyğəmbərin (s) də buyurduğu kimi, bu atəş möminlərin qəlbindədir və Qiyamətə qədər sönməyəcəkdir.

Bu həqiqətin hər birimiz şahidiyik. Elə ki, Məhərrəm ayı gəlir, insanların qəlblər hüznlənir və qəmlənir. Səbəbi də İmamın (ə), özünü müsəlman adlandıran canilər tərəfindən vəhşicəsinə və məzlumcasına öldürülməsidir.

Allah Təala bizləri İmam Hüseyni (ə) sevənlərdən və o Həzrətin (ə) məktəbini yaşadanlardan qərar versin!