“Sülh sazişi olmur-olmasın, itirən Ermənistandır”

Fəzail Ağamalı: “Zəngəzur dəhlizinin açılmasına ən ciddi maneçilik 2020-ci ilin 10 noyabrında imzalanmış bəyannamənin 9-cu bəndidir”

2023-cü ilin sonlarına doğru Azərbaycan və Ermənistan arasında sülh anlaşmasının imzalanacağına dair ümidlər elə də yüksək deyil. Rəsmi İrəvanın qeyri-konstruktiv davranışları, həmçinin Qərbdəki havadarlarının bölgədə gərginliyi tətikləyə biləcək davranışları prosesin uzanmasına rəvac verən amillərdəndir. Deputat Fəzail Ağamalı “Yeni Müsavat”a geniş müsahibəsində əvvəlcə sülh gözləntisi ilə bağlı sualı cavablandırıb.

FEZAİL.jpeg (84 KB)

– Fəzail bəy, Bakı ilə İrəvan arasında yekun sülh sazişinin yaxın perspektivdə imzalanacağına inamınız nə qədərdir? Proseslər özünün məntiqi sonluğuna çatmalı olduğu halda, qarşı tərəfin davranışları qeyri-müəyyən vəziyyət yaradıb. Zəhmət olmasa bu barədə fikirlərinizi bölüşərdiniz.

–  Mən bu yaxınlarda bir statusla çıxış etdim, internet mediası da dərc elədi. Mənim gümanım belədir ki, Tiflis platforması daha ağlabatandır, daha ümidvericidir. Mənim söykəndiyim arqument budur ki, hazırda bəlli olduğu kimi, Rusiya ilə Ermənistan arasında münasibətlər kifayət qədər gərgindir. Ermənistanın baş naziri Rusiyanın olduğu yerdə görünmək istəmir və görünmür də. Belə olduğu halda onun Rusiyanın moderatorluğu ilə hər hansı sülh müqaviləsinin bağlanmasına razılıq verəcəyinə inanmıram. Brüssel də bir platforma idi, müəyyən zaman kəsimində özünü bitərəf qurum kimi göstərməyə çalışdı. İlk dövrlərdə həqiqətən bu baxımdan müəyyən müsbət görüntülər və konkret addımlar müşahidə olundu. Lakin son vaxtlar Avropa İttifaqı da birmənalı olaraq Ermənistanın yanındadır. Xüsusilə  Qranadada Azərbaycanın iştirakı olmadan, Fransa və Almaniyanın Azərbaycanın maraqlarına uyğun olmayan addımlar atması və eyni zamanda ən müxtəlif şəkildə hətta Şarl Mişelin də onlara qoşularaq Ermənistanın tərəfini tutması ondan xəbər verir ki, artıq Brüsel də tərəfsiz moderator olaraq sıradan çıxır. Azərbaycan təbii olaraq buna getməyəcək, necə ki, oktyabrın sonlarında Brüssel görüşü nəzərdə tutulurdu, Azərbaycan imtina etdi və bu görüş baş tutmadı. Ancaq Azərbaycanın təşəbbüsü ilə Tiflisdə ölkə prezidenti səviyyəsində Tiflis platformasının mümkünlüyü və Gürcüstanın baş nazirinin də bu məsələyə xüsusi həssaslıqla yanaşması prosesin müsbət tərəfidir. Daha sonra elə bu yaxınlarda Azərbaycanın baş naziri Əli Əsədovun Tiflisdə Paşinyanla keçirdiyi görüş də mühüm məsələdir. O görüşdə nələr müzakirə olundu, bu, mətbuata məlum olmadı. Ancaq mənə elə gəlir ki, xoşagəlməz vəziyyət, tərəflər arasında ciddi anlaşılmazlıq olsaydı, heç şübhəsiz, mətbuata sızardı. Deməli, söhbət normal gedib, ümumən belə razılaşıblar ki, danışıqlar və nəticələr haqqında mətbuata məlumat verməsinlər və tərəflərin hər ikisi buna əməl etdi. Mən Əsədovun çıxışını normal qiymətləndirirəm. Xüsusilə də onun Azərbaycanın Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında oynadığı rol və ona sadiq olduğu konkret arqumentlərlə önə çəkməsi diqqətdən yayınmalı deyil. Beləliklə, son vaxtlar daha çox Tiflis platforması önə çıxır və bu ətrafda bir nikbinlik yaranır. Güman edirəm ki, bu baş verəcək.

MUSAHİB.jpeg (75 KB)

– Bəs Rusiya Tiflis platformasına kənardan baxmağa razı olacaqmı?

– Bir tərəfdən Rusiya, ola bilsin, Qərb də bir tərəfdən təzyiqlərini edəcək. Rusiya Ermənistana, Brüssel Azərbaycana təzyiq göstərəcək. Burada əsas moderator ABŞ-dır.

– Amma ABŞ-ın mövqeyi də qaneedici deyil, son zamanlar davamlı şəkildə Ermənistanın ərazi bütövlüyünü qətiyyətli dəstəklədiyini bəyan etsə də, Azərbaycana münasibətdə fərqli davranışları müşahidə edirik. Bəs, Ağ Evin bu siyasətinə etibar etmək olarmı?

– Bəli, ABŞ son vaxtlar daha çox erməninin yanındadır. Amma digər tərəfdən onlar ikitərəfli görüşü dəstəklədiklərini ifadə edirlər. İndi sülh sazişi olmursa da, olmasın, biz nə edəcəyik ki? İtirən Ermənistandır. Təmkinli hərəkət edirik. Ölkə prezidentinin çıxışları, davranışları çox unikaldır və Azərbaycanın dövlət maraqlarını tam şəkildə ifadə edir.

– Fəzail bəy, Azərbaycandan könüllü şəkildə gedən ermənilərin, guya, qovulması iddiaları əsasında BMT Təhlükəsizlik Şurasında müzakirələrə, onların geri qaytarılması barədə qətnamə qəbul olunmasına yönəlik cəhdlər hələ də davam edir. Bu istiqamətdə cəhdlərin yekununu necə görürsünüz?

Fezail Agamali.jpg (81 KB)

“Zəngəzur dəhlizi ya Azərbaycanın və Türkiyənin olduğu şəkildə olacaq, ya da olmayacaq”

– Mənə elə gəlir ki, Fransa bunu BMT Təhlükəsizlik Şurasına çıxartmağa çalışacaq. Necə ki, əvvəllər bir neçə dəfə buna cəhd edib, fiaskoya uğrayıb. Bunun da baş tutacağına inanmıram. Əslində Fransa bu məsələni TŞ-yə çıxartmaqla Kosova variantını Azərbaycanda tətbiq etməyə çalışır, ancaq bu, alınmayacaq, çünki ortada faktlar var. Kosovadan fərqli olaraq, Azərbaycanda dinc erməni sakinlərinə qarşı hər hansı qətliam törədilməyib, təzyiq edilməyib, onlara güllə atılmayıb, o cümlədən mülki obyektlərə ziyan dəyməyib. Dünyanın da etiraf və qibtə etdiyi zərgər dəqiqliyi ilə antiterror əməliyyatları aparılıb. Eyni zamanda Ermənistanın baş naziri də o hadisələr zamanı etiraf etdi ki, orada hər hansı bir problem yaşanmayıb, təzyiqlər olmayıb. Ancaq Paşinyan indi dediklərini unudaraq ermənilərə qaçqınlıq statusu verir, halbuki bunun da heç bir əsası yoxdur. Ermənistanın Fransa, ABŞ-la sinxron fəaliyyəti göz önündədir. Ancaq çox möhtərəm dostumuz, Türkiyə dövlətinin başçısı cənab Ərdoğanın dediyi kimi, dünya 5 dövlətdən ibarət deyil axı. Ona görə də bu məsələ BMT TŞ-yə çıxarılarsa…Birincisi, qurumun qeyri-daimi üzvləri var, onların əksəriyyəti Qoşulmama Hərəkatının üzvləridir, Azərbaycana onların rəğbəti də var, münasibətlərimiz də yüksək səviyyədədir. Digər tərəfdən, Britaniya var. Ümidvaram ki, bundan sonra da Britaniya Azərbaycanın haqlı mövqeyini müdafiə edəcək. Başqa bir tərəfdən Rusiyaya sərf edərmi ki, Kosova variantı Azərbaycanla tətbiq olunsun və Qərbin, NATO-nun silahlı qüvvələri bu vasitə ilə gəlib Rusiyanın dövlət sərhədlərinin beş addımlığına? Məncə, Rusiya da buna razı olmayacaq. Ona görə də BMT müzakirəsinə çıxarılsa da, məncə, fiaskoya uğrayacaq və alınmayacaq. Ancaq bizə qarşı təzyiqlər davam edir, olacaq. Ancaq güman edirəm ki, bu, onların sonuncu şansı, təzyiqidir. Məncə, bununla da məsələyə nöqtə qoya biləcəyik.

– Bəs Zəngəzur dəhlizi ilə bağlı proqnozlarınız necədir? Prezidentin köməkçisi Hikmət Hacıyev İranla anlaşmanın ardınca “Zəngəzur dəhlizi layihəsi artıq Bakı üçün cəlbedici deyil”-deyəndən sonra İrəvanda aşkar narahatlıq müşahidə etməkdəyik. Ancaq Paşinyan hökuməti hələ də Mehri yolundan bəhs edir…

– Zəngəzur dəhlizi ya Azərbaycanın və Türkiyənin olduğu şəkildə olacaq, ya da olmayacaq. Çünki bizim alternativimiz var. Naxçıvanla Azərbaycanın əsas hissəsinin, eyni zamanda Türkiyə ilə Azərbaycanın quru və dəmir yollarının birləşməsi üçün artıq alternativ mövcuddur, bu, İranın ərazisindən keçən yoldur. Oradan həm dəmir yolu, həm də avtomobil yolu çəkilir, layihələşdirilib, vəsait ayrılıb, körpülər salınır. Ona görə də biz mövqeyimizdə axıra kimi dayanacağıq ki, Zəngəzur dəhlizi açılsın, oradan həm quru yolu, həm də dəmiryolu olsun. Ola bilsin ki, bu məsələ Ermənistan tərəfindən qəbul olunacaq. Zəngəzur dəhlizinin açılmasına ən ciddi maneçilik 2020-ci ilin 10 noyabrında imzalanmış bəyannamənin 9-cu bəndidir. Orada dəhlizin açılması ilə bağlı Rusiyanın xüsusi üstünlükləri qeyd olunub. Həmin əraziyə Rusiyanın sərhəd qoşunları, FTX-si nəzarət edəcək. Nəzərə alsaq ki, Ermənistanın dəmiryolu da Rusiyanın dəmiryolunun bir parçasıdır, faktiki olaraq Rusiyanın dəmir yolu, həm torpağı, bütün hər şeyi artıq Rusiyanın nəzarətinə keçib. Ermənistan bunu özünün suverenliyi üçün təhdid hesab edir. Ona görə son vaxtlar Ermənistan rəhbərliyi 9-cu bənddən imtina etmək haqqında fikirlər söyləyir. Məncə, Ermənistan bu məsələni həll etsə, yəni 9-cu bənddən imtina etsə, Rusiyanın əsas aparıcı qüvvə olduğunu aradan qaldıra bilsə, Milli Təhlükəsizlik Xidmətində yaratmış olduğu qurum vasitəsilə nəqliyyatın fəaliyyətini və oradakı prosesləri tənzimləsə, onda artıq bizimlə Ermənistan arasında, İrəvanın yaratdığı problem aradan qalxacaq. Yəni dəmir yolu ilə bərabər, quru yolu da açılacaq və beləliklə, o dəhliz işləyəcək.

– Ermənistana, onun təhlükəsizlik qüvvələrinə etimad etməkdə yanılmarıq ki?

– Bizimçün o dəhlizin işləməsi həm də ona görə vacibdir ki, o dəhliz şərqlə qərbi birləşdirən “Bir kəmər, bir yol” layihəsinin, Ortaq dəhlizin bir parçasıdır. Bu layihədə Çinin də ən çox önəm verdiyi Zəngəzur dəhlizidir. Ermənistan Azərbaycanın qarşısında zəlil vəziyyətə düşüb, o dəhliz açılandan sonra Çinin qabağında neyləyəcək? Yaxud bu layihənin reallaşmasında böyük maraqları olan Türk mərkəzlərinin, Avropanın, eyni zamanda bu yolun keçmiş olduğu bütün dövlətlərin qarşısında Ermənistan dayana bilərmi? Təbii ki, dayan bilməz. Onun yeganə himayəçisi ABŞ, bir də Hindistan ola bilər. Ancaq yol işə düşəndən sonra Ermənistan məcbur olacaq ki, orda artıq beynəlxalq səviyyədə, standartlara uyğun olaraq dəhlizin yüksək səviyyədə işləməsini təmin etsin. Ermənistan buna məhkumdur, başqa çıxış yolu da yoxdur. Çünki əgər bu yol açılmasa, Ermənistan yenə qapalı bir ölkə olacaq, blokadada yaşayacaq. Zəngzur dəhlizi açılmadan da Türkiyə ilə sərhəd açılmayacaq, sülh sazişi imzalanmadan Türkiyə bu addımı atmayacaq. Onda belə çıxır ki, Ermənistan yenə həmin vəziyyətdə qalacaq. Biz yenə də Gürcüstan vasitəsilə layihələrimizi reallaşdıracağıq, iqtisadi, ticari əlaqələr güclənəcək, ölkəmizə valyuta axını çoxalacaq, Ermənistan yenə həmin vəziyyətdə qalacaq. Necə ki, 30 il “izqoy” bir ölkə kimi qalmışdı. Ona görə Ermənistanın özü də maraqlıdır ki, bəli, Zəngəzur açılsın, onun vasitəsilə Türkiyəyə və Avropaya, həm İran vasitəsilə Yaxın Şərqə və digər ölkələrə, eyni zamanda Azərbaycan vasitəsilə, ölkəmizə, həmçinin Orta Asiyaya və Çinə doğru marşrutlar əldə edir. Məncə, Ermənistan bu razılaşmaya məcbur olacaq, onun başqa çıxış yolu yoxdur. Nəzərə alsaq ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlərindəki gərginliyi Moskva ilə İrəvanı birləşdirən yeganə yolun – Gürcüstandan keçməklə –  bağlanmasına da səbəb ola bilər. Yəni Rusiya Ermənistanı elə-belə buraxmayacaq. Rusiya Ermənistanı zəlil günə qoyub, Ermənistanın Rusiyanı təhqir etməsinin dərsini verəndən sonra onu buraxacaq. Yəni Rusiya ağ bayrağını götürüb, Ermənistandan çıxsın, düşünmürəm ki, Rusiya kimi qürurlu bir dövlət buna getmiş olsun.

– Bəs, Rusiyanın Qarabağdakı hərbi kontingenti tezliklə ölkəmizi tərk edəcəkmi?

– Tərk edir artıq. Nə qalıb ki? Xeyli hissəsi tərk edib. Həm canlı qüvvə, həm texnikanın xeyli hissəsi ölkəmizdən çıxarılıb. Çox məhdud sayda Rusiya sülhməramlı qüvvələri qalıb. Bu da Azərbaycanın maraqlarına uyğundur. Biz bu məsələni həll edənədək, son nöqtəni qoyanadək Rusiyanın sülhməramlı qüvvələri burda qalmalıdır. Bu, Avropanın, Qərbin təkidlərinin qarşısında bizim üçün bir qalxandır.

Mənbə

Share: