“Artıq Azərbaycanla Ermənistan arasında postkonflikt münasibətləri gündəmdədir…”

“30-32 il ərzində Azərbaycana qarşı işğal siyasəti tətbiq olunub, etnik təmizləmələr baş verib və beynəlxalq qanunları pozan belə siyasətə bir siyasi qiymət verilməlidir.  Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bundan irəli gələn mənəvi və iqtisadi, maliyyə və s. təzminatlar təmin olunmalıdır…”

 

Milli Ordumuzun Azərbaycanın Yuxarı Qarabağ ərazisindəki  32 illik separatçı-terrorçu rejimin və onun qondarma “müdafiə ordusu”nun bircə sutkaya yox edilməsi ilə nəticələnmiş son lokal hərbi əməliyyatlardan  və həmin torpaqlarımızdakı ermənilərin könüllü şəkildə Ermənistana köçməsindən bir aya yaxın vaxt keçir. Bəs bu müddətdə dövlətimiz ətrafında hansı yeni geo-siyasi durum formalaşıb?..

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov bunları söyləyib:

 

“Əlbəttə, hazırda, ölkəmiz ətrafında və regionda yeni bir geo-siyasi vəziyyət yaranıb. Əslinə qalsa, həmin bir ay öncəki günlərdə Ermənistan bir dövlət olaraq Azərbaycan ərazisindən özünün həm hərbi, həm də mülki işğalçı qüvvələrini çıxardı. O günədək Qarabağda faktiki Ermənistan büdcəsindən maliyyələşən erməni məmurlar, qanunsuz olsa da, faktiki bir “administrasiya” vardı. Və bununla Ermənistan tərəfindən, Naxçıvandakı 1 və Qazaxdakı 7 kənd istisna olmaqla, Azərbaycan ərazilərinin işğalının sona çatdığını söyləmək olar. Artıq iki ölkə arasında yeni münasibətlər, daha doğrusu, postkonflikt münasibətləri gündəmdədir. Və hər bir tərəfdən onlara aid müxtəlif fikirlər səslənir. Hamı anlayır ki, əsas  məsələ indi Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi mövzusudur. Nəyə görə? Çünki digər postsovet ölkələrindən fərqli olaraq Almatı bəyannaməsində bəyan olunmuş prinsiplər Azərbaycanla Ermənistan arasında tətbiq oluna bilməz. Ona görə ki, həmin vaxtda artıq Ermənistan öz qərarıyla keçmiş Dağlıq Qarabağ ərazisini öz ərazisinə birləşdirmişdi. İndi isə, təbii ki, yeni bir yanaşma olmalıdır. Yəni deyilən ərazini özünə birləşdiribsə, deməli, Ermənistan sərhədləri fərqli olmalıydı. Hazırda isə Azərbaycan o status-kvonu dəyişdirib. Odur ki, Ermənistan baş naziri də belə bir fikir səsləndirir ki, biz respublikamız üçün yeni kadastr almalıyıq və müxtəlif rəqəmlər söyləyir. Bəzi məqamlarda Almatı bəyannaməsinə istinad edir, digər məqamlarda  1975-ci ilin xəritələrini əsas götürməyə çağırır. Bir sözlə, gələcəkdə sərhədlər barəsindəki müzakirələr böyük yer tutacaq…

 

İkinci bir əsas mövzu isə Ermənistanın Azərbaycana qarşı Qarabağdan könüllü köçmüş ermənilərə aid hansısa beynəlxalq siyasi təzyiq təşkil etmək istəyidir. Rəsmi İrəvan iddia etməyə çalışır ki, həmin ermənilərin hansısa yolla qayıdışı təmin olunmalıdır, buna beynəlxalq missiya nəzarət etməlidir. Və s.

 

Bəhs edilən mövzuda Ermənistan tərəfdən qeyri-məntiqi bir yanaşma mövcuddur. Çünki hamı bilir ki, məlum münaqişədən öncə Ermənistanda da müvafiq  milli azlıq, yəni 300 minə yaxın azərbaycanlı olub və onların da hüquqlarını qabartmadan yalnız Qarabağdan köçmüş ermənilərdən danışmaq doğru deyil. Odur ki, Ermənistan və onun havadarlarının belə cəhdləri bu baxımdan da məntiqsiz və qəbulolunmazdır…

 

Üçüncü mövzu kommunikasiyaların bərpasıdır. Azərbaycan razıdır ki, onun digər tərkib hissəsi olan Naxçıvanla təhlükəsizliyi mütəmadi olaraq təmin edilən bir əlaqə yaradılsın…

Ermənistan isə buna getmir. Təbii ki, bu, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir məsələdir və dövlətimiz bu istiqamətdə öz siyasətini  davam etdirəcək. 

 

Dördüncüsü,  təxminən 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycana vurulan ziyanla bağlı təzminat ödənilməsi məsələsidir. Ancaq hesab edirəm ki, təzminatdan öncə bir siyasi məsuliyyət mövzusu da gündəmdə olmalıdır.  Çünki Azərbaycana qarşı işğal siyasəti tətbiq olunub, etnik təmizləmələr baş verib və beynəlxalq qanunları pozan belə siyasətə bir siyasi qiymət verilməlidir.  Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bundan irəli gələn mənəvi və iqtisadi, maliyyə və s. təzminatlar təmin olunmalıdır… 

 

Nəhayət, beşinci mövzu dördüncü mövzudan irəli gəlir ki, bu da Ermənistan tərəfindən işğalçı siyasəti həyata keçirmiş siyasətçilərin məsuliyyətə cəlb olunmasıdır. Həm insanlığa qarşı, həm də hərbi cinayətlər törədən ünsürlər mütləq cəzalandırılmalıdır…

 

Təxminən sadaladığımız bu məsələlər gündəmdədir və hesab edirəm ki, Ermənistanla gələcək təmaslar da bu istiqamətdə olacaqdır…

“Bəs Ermənistan kapitulyasıya aktını imzalamadan onun təzminat ödəməsi hüquqi baxımdan mümkün olacaqmı? Beynəlxalq hüquqda belə bir praktika mövcuddurmu?” sualına isə keşmiş xarici işlər naziri belə cavab verib:

 

“İndiki durumda da Ermənistan tərəfindən Azərbaycana təzminat ödənilməsinin mexanizmi mövcuddur, əlbəttə. Çünki  Azərbaycan və Ermənistan bir sıra beynəlxalq təşkilatların, o cümlədən beynəlxalq məhkəmələrin üzvüdür. Bu baxımdan həm Azərbaycanın ayrı-ayrı vətəndaşları, həm də Azərbaycan dövləti beynəlxalq qurumlardan yararlanaraq təzminat məsələsini qaldırmalıdır və son 30 ildə ayrı-ayrı vətəndaşlar bu məsələni qaldırıblar da… Belə proseslər artıq gedir…”

 

S.Laçın

 

Mənbə

Share: