Körpə nərələr Kürə buraxıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Az Varvara” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə Neftçala rayonunda nərə balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib.

Nazirlikdən Milletinsesi.az-a verilən məlumata görə, təşkil olunan mərasimdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin, “Az Varvara” MMC-nin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

“Az Varvara” MMC-nin Balıqyetişdirmə Təsərrüfatında yetişdirilmiş çəkisi 40 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsilə çaya ötürülüb.

Qeyd edək ki, oktyabr ayının sonunadək, ümumilikdə 30 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Bu cür tədbirlərin keçirilməsində məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarını əhalinin tələbatına uyğunlaşdırmaq və onların qorunmasının vacibliyini təşviq etməkdir.

Nazirlik vətəndaşları balıq ehtiyatlarının qorunmasında yaxından iştirak etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş üsullarla balıq ovlamamağa, onları qorumağa və sivil qaydalarla balıq ovlanmasının təşviqinə dəstək verməyə çağırır.

 

Share: