Borclu vergiödəyicilərinin əmlakı siyahıya alınıb

Vergilər Nazirliyi vergiödəyiciləri tərəfindən vergilərin düzgün hesablanması, hesablanmış vergilərin tam və vaxtında dövlət büdcəsinə köçürülməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən Milletinsesi.az-a bildirilib ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan 3 vergiödəyicisinin dövlət büdcəsinə yaranmış 491 min 683,87 manat dəyərində vergi borcu ilə bağlı əmlakı siyahıya alınıb. Çıxarılmış qərarlara uyğun olaraq, 2 vergiödəyicisində 472 min 914,91 manat dəyərində vergi borcuna görə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib və ümumilikdə 505 min 200 manat dəyərində əmlak siyahıya alınıb.

Vergi orqanları tərəfindən Bakı şəhərinin Nizami rayonunun Rüstəm Rüstəmov küçəsi, 72A ünvanda yerləşən, “Park City” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikilidə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib, 457 min 432,91 vergi borcu müqabilində 480 min manat məbləğində əmlakı (obyekti) siyahıya alınıb.

Bakı şəhərinin Nərimanov rayonu, 2095-2096-cı məhəllə, ev 9c, 507-ci küçədə yerləşən “Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr” Açıq Səhmdar Cəmiyyətinə məxsus mebel sexi və beton sexinin fəaliyyəti araşdırılarkən, onun 15 min 482 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Bu barədə vergiödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, 25 min 200 manat dəyərində dəzgah və digər avadanlıqlar müvafiq qaydada siyahıya alınıb.

Bundan əlavə, fiziki şəxs Hüseynov Alqayıt İlham oğlunun dövlət büdcəsinə yaranmış 18 min 768,96 manat borcuna görə əmlak siyahıya alınması barədə qərar çıxarılıb. Lakin nəzarət tədbiri zamanı vergiödəyicisi tərəfindən borc məbləğinin tam şəkildə büdcəyə ödənilməsini təsdiq edən sənədlər təqdim edildiyindən, onun barəsində əmlak siyahıya alınma tədbirləri həyata keçirilməyib.

Vergilər Nazirliyi vergiödəyicilərinin nəzərinə çatdırır ki, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərilməli məbləğə nisbətən azaldan və büdcəyə ödənilməli vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri tətbiq olunur. Vergi orqanları belə halların qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcək.

Share: