“Toyumu, övladımı görməyi arzulayırdı, təəssüf ki qismət olmadı”-Ələsgər Məmmədoğlunun oğlu-FOTO+ÖZƏL

“Toyumu, övladımı görməyi arzulayırdı, təəssüf ki qismət olmadı”-Ələsgər Məmmədoğlunun oğlu-FOTO+ÖZƏL

Əməkdar artist Ələsgər Məmmədoğlunun oğlu Ceyhun Məmmədov Moderator.az-ın suallarını cavablandırıb.

 

-Bu gün atanız Ələsgər Məmmədoğlunun anım günüdür. Atanızın bu gün yanınızda olmaması sizi həyatda nələrdən məhrum edir?

 

-Hər mövzuda onunla həyat rahat idi. Övladlarına ata sevgisi, qayğısı göstərirdi. İnsan özünü onunla daha güvəndə hiss edirdi. O həyatda olanda evimiz də isti idi. Dünyasını dəyişməsi ilə evimizi də soyutdu.

 

-Səhv etmirəmsə uşaqlıq illəri çox ağır keçib. Hətta tum belə satıb…

 

-Babam dünyasını erkən dəyişib. Ailədə atamdan başqa bir kiçik əmim və 4 bibim olub. Evə demək olar ki, atam baxıb. Çətin dövrlərdə zavodda da işləyib, peraşki və tum da satıb. Evə çox böyük köməyi dəyib. Bacısı və qardaşı universitetdə oxuyanda da onlara çox kömək edib. Həmişə o illəri, günləri xoş xatirələrlə yada salırdı. 

-Sizinlə bağlı arzuları nələr idi?

 

-İlk növbədə toyumu görmək istəyirdi. Arzulayırdı ki, ailə sahibi olum, nəvə görsün. Qismət olmadı. O dünyasını dəyişəndən sonra mən ailə həyatı qurdum.

 

-Atanızın adını hansısa nəvəsi daşıyır?

 

-Xeyr. Oğlum dünyaya gələndə mən atamın adına müraciət etmədim. Atamın öz adı var, onun adını sənəti yaşadır. Uşaqdır, adam əsəbləşəndə ona nəsə acı söz deyir. Mən belə şeyləri sevmədiyimə görə atamın adını övladıma qoymadım. Onun adı bizim adımızdan da çox yaşayacaq. Atamın adı hər zaman mənə kömək olub.

 

 

-Sizcə sənət yoldaşları bu gün Ələsgər Məmmədoğlunu layiqincə yada salırmı?

 

-O nəsil aktyorların əksəriyyəti dünyasını dəyişib. Bir-iki aktyoru çıxmaq şərtilə zəng edib bizi axtaran yoxdur. Bəlkə də yolda görəndə, tanıyanda hal-əhval tuturlar. Amma mütəmadi olaraq sırf atamı yada salıb, bizə zəng edənlər yoxdur. Bu günlərdə aktyor Əlvida müəllim zəng etmişdi. Sağ olsun televiziya işçiləri hər il doğum və anım günlərində atamı unutmurlar.

 

-Özü ilə, sənəti ilə bağlı arzuları nələr idi?

 

-Aktyorun arzusu nə ola bilər? Əlbəttə ki, yeni filmlərdə çəkilmək, tamaşalarda rol almaq istəyirdi. Tək komik yox, dramatik və faciəvi rollarda da özünü sınamağı düşünürdü. Son zamanlar çox böyük layihələrə çağırmırdılar, amma arzuları bu idi. Daim sənətinin keşiyində idi. 

-Bu sənətdə uğur qazanmaq üçün istedadın olması vacibdir yoxsa?

 

-Həyatda iki cür insanlar olur. Biri var gördüyü işə iş kimi yanaşanlar, biri də var gördüyü işə aşiq olanlar. Mənim atam gördüyü işə aşiq olanlardan idi. Sənətdə olmağı onun ən böyük uğur idi. Əlbəttə ki, o illərdə istedad önəmli idi. İndi zəmanə dəyişib. İstedadsızları daha çox filmlərdə çəkirlər.

 

-Bir müddət avtomobillərdə atanızın səsini siqnal əvəzi qoymudşular. Buna münasibəti necə idi?

 

-Qətiyyən pis olmurdu. Hətta sevinirdi. Ümumiyyətlə sənəti ilə bağlı hər bir şeyə sevinirdi. Mən də sevinirdim.

-Bu gün ən böyük təsəlliniz nədir?

 

-Ən böyük təsəllimiz atamın qoyub getdiyi təmiz ad və qazandığı hörmətdir. O tək sənəti ilə yox, həm də insanlığı ilə hamıya örnək idi. Bir həyat yoldaşı, ata, baba kimi möhtəşəm idi. Bütün insani keyfiyyətlər ondan cəmlənmişdi. Biz xoşbəxt bir ailə olmuşuq. Fəxrlə hər yerdə deyə bilirəm ki, mən Ələsgər Məmmədoğlunun oğluyam.

Mənbə

Share: