Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK matçı başlandı.
Moderator.az xatırladır ki, oyun 35 il sonra Xankəndi şəhər stadionunda keçirilir.
Matçdan öncə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Qarabağ” – MOİK oyununu izləmək üçün Xankəndi şəhər stadionuna gəliblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.
Bundan sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stadionda çıxış edib.
Sonra “Qarabağ” – MOİK oyununa Prezident İlham Əliyevin topa ilk toxunuşu ilə start verilib.
13:11
Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – MOİK matçının başlamasına sayılı dəqiqələr qalır.
Hər iki komandanın oyunçuları Xankəndi şəhər stadionunda isinmə hərəkətləri edirlər.
13:01
Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” – MOİK matçını idarə edəcək hakimlərlə bağlı maraqlı məlumatlar var.
Qol.az-ın əldə etdiyi xəbərə görə, AFFA və Peşəkar Futbol Liqası təyinatlar zamanı müəyyən həssas məqamları nəzərə alıb.
Belə ki, Xankəndi şəhər stadionunda keçiriləcək qarşılaşmanın referisi Əli Əliyev 44 günlük Vətən müharibəsinin fəal iştirakçılarından olub. Bundan başqa, matçın dördüncü hakimi Kamal Umudlu və yan xətt hakimi Taleh Məmmədov da İkinci Qarabağ müharibəsinin veteranlarındandır.
Matçın hakim-inspektoru Munis Abdulayev isə bir vaxtlar Xankəndinin “Qarabağ” komandasında oynayıb. O, daha sonra Azərbaycan çempionatlarında hakimlik edib. Hazırda isə M.Abdullayev hakim-inspektor kimi fəaliyyət göstərir.
12:52
Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində bu gün üz-üzə gələcək “Qarabağ” və MOİK klublarının start heyətləri açıqlanıb.
Moderator.az-ın məlumatına görə, komandalar Xankəndi şəhər stadionunda oynanılacaq matçda meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 20. Riçard Almeyda, 90. Nəriman Axundzadə, 19. Redon Cica, 17. Hamidu Keyta, 18. Juninyo
Baş məşqçi: Qurban Qurbanov
MOİK: 1. Zeynal Əhmədzadə, 97. Fərid Abbaslı, 3. Nicat Əskərov, 20. Nurlan Bayramov, 4. Ülvi İbazadə, 6. İsa Zeynallı, 8. Ramil Orucov, 10. Xəyal Bədirov, 11. Elvin Vəliyev, 77. Elmir Rəhimzadə, 17. Sabir Allahquliyev
Baş məşqçi: Qəzənfər Abbasov
Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.
11:59
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununun keçiriləcəyi Xankəndi stadionu tarixi matça hazırlanır.
Oxu.Az stadiondan son görüntüləri təqdim edir:
10:34
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununun təyinatları açıqlanıb.
Moderator.az-ın məlumatına görə, qarşılaşma hakimlər Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudluya tapşırılıb. VAR-da Cavid Cəlilov, AVAR-da Kamran Bayramov məsul olacaqlar.
Hakim-inspektor Munis Abdullayev, AFFA nümayəndəsi isə Emin Cəfərovdur.
10:19
Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” komandası ilə MOİK klubunun görüşünü izləyəcək azarkeşlər Xankəndi şəhərinə çatıblar.
Oxu.Az xəbər verir ki, azarkeşləri daşıyan avtobus karvanı bu səhər saat 4-də Bakıdan yola düşmüşdü. Xankəndiyə aparan yoldan görüntüləri təqdim edirik:


