
“Ermənistanı yeni hərbi təxribata cəlb etməyə çalışanların bütün planları alt-üst olacaq, müəlliflər isə ciddi şəkildə cəzalandırılacaq…”
“Əslində, artsaxın kapitulyasiyasına imza atan, bütün döyüş sursatı və texnikasını düşmənə bağışlayan, Ermənistanı müharibəyə cəlb etmək cəhdinə töhfə verən artsax prezidenti və onun “məmurları” ilk növbədə maaş almadıqlarına üzülürlər. İrəvanda, sonra isə Ermənistan Respublikasının daxilində bəzi institutların yaradılmasından danışırlar. Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın? İrəvanda və Ermənistanda yalnız və müstəsna olaraq Ermənistan Respublikasının qanuni rəhbərliyinin fərman və qərarları qüvvədədir”.
Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, bunu Ermənistanın hakim “Vətəndaş aszişi” partiyasının parlamentdəki fraksiyasının katibi Artur Ovanisyan öz “Facebook” səhifəsində gorbagor(!) separatçı-terrorçu rejimin sonuncu “prezident”i Samvel Şahramanyanın guya sentyabrın 28-də həmin rejimin qondarma qurumlarının ləğvi haqda verdiyi “fərman”ın qüvvədən düşməsi barəsində “fərman” imzalaması ilə bağlı xəbərlərə münasibət bildirərkən yazıb.
“Ermənistan Respublikasında hakimiyyət xalqa məxsusdur, xalq özünün legitim parlamentini, Baş Nazirini seçib, təsisatları formalaşdırıb və Ermənistanda bir hökumət var və o hökumət Ermənistanın qanuni hökumətidir.
Buna qarşı çıxan və ya mübarizə aparan istənilən təşəbbüs dövlət əleyhinə fəaliyyət kimi qiymətləndiriləcək, qanundan kənarlaşdırılacaq və dövlət tərəfindən buna qarşı ən sərt tədbirlər görüləcək.
Ermənistanı yeni hərbi təxribata cəlb etməyə çalışanların bütün planları alt-üst olacaq, müəlliflər isə ciddi şəkildə cəzalandırılacaq”, – deyə davamında Paşinyanın partiyasından olan erməni deputat vurğulayıb.
S.Laçın


