Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qalibiyyətə yönəlmiş fəaliyyəti…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qalibiyyətə yönəlmiş fəaliyyəti…

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdaraq ölkənin parçalanmasının qarşısını alması, baş verən siyasi hərc-mərcliyə son qoyması ilə ölkəmiz inkişaf yoluna qədəm qoydu. Məhz 1993-cü ildə Ümummilli Liderin əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu inkişafı özü ilə gətirəcəyi xoş günlərin anonsunu verdi. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı bugünkü qüdrətinə çatdırdı. İyirmi il bundan əvvəl Ulu Öndər xalqımıza səslənərək qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, onun siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Heydər Əliyev İlham Əliyevin siyasi konturlarını müəyyən edərək, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu qeyd etdi. Müraciətində həm də Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görüləcəyini bildirdi. O qeyd edib ki, Azərbaycan xalqı Ulu Öndərin bu çağırışını qəbul edərək seçkilərdə öz gələcək Liderini seçdi. O Lider xalqımızın taleyüklü məsələlərinin həllində bir daha öz mövqeyini göstərdi. Prezident İlham Əliyev Ümummilli Liderin xalqa müraciətində qeyd etdiyi axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri başa çatdırdı. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətində bildirmişdi.

 

Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransı tarixi hadisə idi. Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Yəni, budur 1992-ci ilin noyabr ayında ölkəmizdə yaranmış vəziyyət əlbəttə ki, torpaqlarımızın işğal altına düşməsi vəziyyətimizi daha da ağırlaşdırırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi həm mənəvi cəhətdən, eyni zamanda, hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə idi. Çünki beləliklə, o vaxt “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. Hər kəs yaxşı görürdü ki, əgər işlər belə davam etsə, Kəlbəcərin də işğalı qaçılmaz olacaqdır. Əfsuslar ki, belə də oldu. Yəni, 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxmışdı.

 

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi. 1918-ci ildən başlanan 105 illik Respublika tariximizə ən möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi. 21-ci əsrdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin əsəri olan güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün ordu quruculuğuna, silahlı qüvvələrimizin ən müasir silah, sursat, hərbi texnika və texnologiyalarla təchiz olunmasına yönələn kompleks tədbirlər  həyata keçirilmişdir. Cənab İlham Əliyev prezidentlik dövrünün 17 ilini torpaqlarımızın azad olunması məqsədilə hazırlıq işlərinə yönəltmiş, ordumuzu Qələbəyə hazırlamış, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırmışdır. Prezident İlham Əliyevin dünya miqyasında yüksək nüfuzu sayəsində 2011-ci ilin oktyabrında Azərbaycan gərgin mübarizə şəraitində keçən səsvermədə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının iki il müddətinə qeyri-daimi üzvü seçilmişdir. Məhz İlham Əliyevin diplomatik məharətinin və dünyadakı nüfuzunun nəticəsidir ki, 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunmuş Azərbaycan artıq 2019-cu ildə bu təşkilatın sədri seçilmiş və uğurlu sədrliyinə görə sədrlik səlahiyyəti daha 1 il artırılmışdır. Prezident İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir. Möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq.

 

İradə İmanova,

Bərdə rayon Heydər Əliyev Mərkəzinin kargüzarı

Mənbə

Share: