Bu müsabiqə hekayə janrına marağı artıracaq- Mir Cəlal adına IV Hekayə Müsabiqəsi

Bu müsabiqə hekayə janrına marağı artıracaq- Mir Cəlal adına IV Hekayə Müsabiqəsi

 

Noyabrın 1-dən etibarən “Ədibin Evi” Mir Cəlal adına IV Hekayə Müsabiqəsini elan edib. Gələn ilin martın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır.

Hekayə mövzusu sərbəstdir.

Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin şərtləri dəyişməz qalır:

təqdim edilən hekayələr

-Azərbaycan dilində yazılmalı

-həcmi 1500 (min beş yüz) sözdən çox olmamalı

-yeni olmalı-əvvələr çap və ya elektron şəkildə yayılmamalı

-müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə 2024-cü il martın 1-dək elektron şəkildə  [email protected] ünvanına göndərilməlidir.

Müsabiqəyə yekun 2024-cü ilin aprelin sonunda vurulacaq.

Müsabiqənin əhəmiyyəti ilə bağlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid fikirlərini Moderator.az saytı ilə bölüşüb.  

“Mir Cəlal adına IV hekayə müsabiqəsinin münsiflər heyəti bu günlərdə toplaşdı. Artıq 26 hekayə daxil olub. Münsiflər artıq o hekayələri oxumağa başladılar. Münsiflər heyəti bizim 10 nüfuzlu yazarımızdan ibarətdir. Gənc yazarlardan Aqşin Yenisey də münsiflər heyətinə daxil oldu. Bu hekayə müsabiqəsi həm ədəbi irsə ehtiram və təbliği baxımından mühüm rol oynayır. Mən artıq neçə ildir ki, “Ədibin evi”nin ədəbi fəaliyyətlərini izləyirəm, orda iştirak edirəm. Ədəbiyyatın təbliği istiqamətində çox mühüm işlər görürlər. Bu hekayə müsabiqələri də Azərbaycanda hekayəyə marağın artırılmasında müəyyən rol oynayır. Elə hesab edirəm ki, keçən ildən sonra bu müsabiqə artıq hər il keçirilməyə başlayıb. Hər il belə müsabiqənin həm də sanballı mükafat fondu ilə keçirilməsi yeni yaradıcı qüvvələrin üzə çıxmasına səbəb olacaq”.

 

 

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə isə Moderator.az saytına müsahibəsində gənc yazarlar arasında hekayə janrına marağının azaldığını vurğuladı. Belə müsabiqələrin hekayə janrının inkişafına təkan verəcəyinə ümid etdiyini bildirdi.

“Hekayə janrı nəsrin ən çox oxunan, ən çox sevilən janrlarındandır. Əsrlərlə dünya ədəbiyyatında bu janrın böyük ustaları olub. Məsələn, Avropada Gi de Mopassan, bizdə Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev, sonralar İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, Salam Qədirzadə və başqaları. 60-cı illərdə “60-cılar” adı ilə yeni nəsil yazıçılar meydana gəldi. Onlardan Anar, Elçin, Əkrəm Əylisli, Sabir Əhmədov- bunlar hamısı gözəl hekaylər yazıblar. Amma bu gün biz təəssüf hissi ilə qeyd etməliyik ki, hekayə janrında geriləmə var. Ümumiyyətlə, nəsrimizdə durğunluq hiss olunur. Bugünkü gənc yazıçılar hətta roman yazmağa meyillidir. Özü də tarixi romanlar yazmağa. Nəzərə alsaq ki, hekayə janrı çox maraqlı, oxunaqlı janrdır, həm də povestə, romana aparan yoldur, onda onun əhəmiyyəti daha aydın görünür. Bütün bunları nəzərə alaraq, görkəmli yazıçı, böyük pedaqoq, alim Mir Cəlal Paşayevin vaxtilə yaşadığı evində bu gün “Ədibin evi” adı altında ədəbiyyat mərkəzi təşkil olunub. Çox gözəl bir mərkəzdir. Ədəbiyyatın inkiaşfı naminə burda gözəl, əhəmiyyətli tədbirlər keçirilir. Belə tədbirlərdən biri də “Ədibin evi”nin təşkil etdiyi hekayə müsabiqəsidir. Bu müsabiqə artıq 4-cü dəfədir ki, elan olunub. Mart ayına kimi hekayələr təqdim olunacaq. Sonra isə qiymətləndirilərək qaliblər müəyyən ediləcək. Şərtlərə görə qaliblərə pul mükafatından əlavə həm də “Azərbaycan” jurnalında çap olunmaq hüququ verilir. Qaliblərin hekayəsi toplanıb, hamısı bir nömrədə çap olunacaq. Bu əməkdaşlıqdan şəxsən mən- “Azərbaycan” jurnalının baş redaktoru kimi məmnunluq duyuram və hesab edirəm ki, müsabiqə hekayə janrının inkişafına təkan verəcək.”

 

Yazıçı, şair Aqşin Yenisey isə münsiflər sırasına gənc nəsil yazıçıları təmsil edərək, qatılıb. O, müsabiqədə iştirak edəcək yazarları əmin edir ki, şəffaflıq maksimum səviyyədə təmin edilib. Yetər ki, göndərilən hekayə dünyəvi standartlara cavab versin.

“”Ədibin evi”nin keçirdiyi hekayə müsabiqəsi müəlliflərin deyil, əsərlərin yarışdığı müsabiqədir. Müsabiqədə yaş məhdudiyyətinin qoyulmaması da buna işarədir. Münsiflərə təqdim olunan hələ ki, 36 hekayənin müəllifləri onlara məlum deyil. Hekayələri dəyərləndirmək üçün ədəbi meyarlardan başqa heç bir xüsusi ölçü müəyyən edilməyib. Yetər ki, təqdim olunan əsər hekayə janrının dünyəvi standartlarına cavab versin. Müəlliflərin münsiflətə hansı yollasa təsir göstərmək imkanları da sıfıra bərabərdir. Çünki sonda qalibi münisflərin əsərə verdiyi balların ümumi həddi üzə çıxaracaq. Yəni müsabiqənin şəffaflığına kölgə sala biləcək hər hansı cəhdin baş tutması texniki baxımdan, sadəcə, mümkün deyil. İstedadına güvənən hər kəs önyarğılı davranmadan müsabiqədə iştirak edə bilər.”

 

Qeyd edək ki, 2017-ci ildə təsis edilən Mir Cəlal adına Hekayə Müsabiqəsinə bu günə qədər 1100 dən çox hekayə təqdim olunub. Ədəbiyyatda qısa hekayəçilik janrına son zamanlar artan marağı nəzərə alaraq, iki ildən bir keçirilən müsabiqə bu ildən başlayaraq illik keçiriləcək.

Onu da əlavə edək ki, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olur.

 

Moderator.az 

Mənbə

Share: