
“Ölkə başçısı görkəmli mütəfəkkir və ziyalılarımızla bağlı sərəncamlar verib və bu, cəmiyyətdə məmnunluqla qarşılanıb. Tariximizdə önəmli rol oynamış şəxsiyyətləri də, tarixi hadisələri də yaşatmağı bacarmalıyıq…”
“Bəli, 2024-cü ildə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 ili tamam olur. Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevə rəsmi müraciət ünvanlamışam. Və həmin müraciəti poçt xidməti vasitəsi ilə Prezident Administrasiyasına çatdırmışam”.
Tanınmış araşdırmaçı və tarixçi, professor Nəsiman Yaqublu bunu Moderator.az əməkdaşının “2024-cü ildə xalqımız üçün bir əlamətdar hadisə gözlənilir: sizin irsini araşdırmağa, demək olar ki, ömrünüzü həsr etdiyiniz Azərbaycanda müstəqil və demokratik dövlətçiliyin banisi Məhəmməd Əmin Rəsulzadənin yanvarın 31-də tamam olan 140 illiyi… Bu yubileyə rəsmi səviyyədə hazırlıq işləri gedirmi?” sualını cavablandırarkən söyləyib.
“Düşünürəm ki, Prezidentin Məhəmməd Əminin yubileyi ilə bağlı müvafiq sərəncamı olacaq. Bunu onunla əsaslandırıram ki, ölkə başçısı görkəmli mütəfəkkir və ziyalılarımızla bağlı sərəncamlar verib və bu, cəmiyyətdə məmnunluqla qarşılanıb. Tariximizdə önəmli rol oynamış şəxsiyyətləri də, tarixi hadisələri də yaşatmağı bacarmalıyıq. Bu əslində milli-mənəvi dəyərlərə söykənən cəmiyyət quruculuğunun əsasını təşkil edir”,- deyə Rəsulzadə irsinin araşdırmaçısı vurğulayıb.
Sultan Laçın