
Xalq artisti Brilliant Dadaşova Qarabağda açılacaq televiziyaya rəhbərlik etmək istədiyini bildirib.
O gələcəkdə Qarabağda, istər Şuşada, istərsə də Laçında, harada olursa-olsun, televiziya açılmasını və ora sədr olmaq istədiyini bildirib.
Maraqlıdır, Qarabağda ayrıca televiziya kanalının açılması üçün müsabiqə elan edilməsi gözlənilir?
Məsələ ilə bağlı Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Qarabağ bölgəsində regional televiziya və ya radio yayımçısı üçün lisenziyasının verilməsi məqsədilə müsabiqənin elan olunması hazırda müzakirə olunmur:
“Qarabağ iqtisadi rayonunun ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının (11 TV kanal) proqramlarının yayımı tam olaraq, ümumölkə yerüstü radio yayımçılarının isə əksəriyyətinin proqramlarının yayımı həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamı ilə ölkədə radioyayımın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur ki, bu layihənin icrası başa çatandan sonra (2024-cü ilin sonu) Qarabağ bölgəsində bütün ümumölkə yerüstü radio yayımçılarının (16 radio kanal) proqramlarının yayımı təmin olunacaqdır”.
O qeyd edib ki, Azərbaycan Respublikası Audiovizual Şurasının verdiyi müvafiq lisenziyalara uyğun olaraq Qarabağ bölgəsində “CBC TV” televiziya kanalı və “CBC FM” radio kanalı (yayım müxtəlif dillərdə aparılır) regional yayımçı kimi fəaliyyət göstərir.