Qurani-Kərimin 26-cı surəsi “əl-Şüəra” (Şairlər) adlanır. Bu surənin son ayələri şairlərdən bəhs edilir. Əvvəlcə şairlər ciddi şəkildə məzəmmət edilir, hər vadidə sərgərdan gəzib-dolaşmaqda və etmədiklərini deməkdə (yazmaqda) ittiham olunurlar (Şüəra, 224-226). Lakin son ayədə bunların içindən bir dəstə istisna ediir: “Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa” (Şüəra, 227).
Milletinsesi.az islam.az-a istinadən bildirir ki, İslam dininin şeirə və şairlərə münasibəti birmənalı deyil. Belə ki, müqəddəslərimiz gözəl ideyaları təbliğ edən, İslama dəstək verən, əxlaqlı və imanlı şairləri tərif etmiş, əksinə, əxlaqsızlığı, küfrü yayan şairləri şiddətlə qınamış, hətta onlarla ciddi mübarizə aparmışlar. Həzrət Peyğəmbərin (s) və imamların zamanında onları mədh edən şairlər də olmuşdur, onları tənqid edənlər də. Müqəddəslərimiz müsbət şairlərə hədiyyələr vermişlər. Hətta bəzi müqəddəslərimizin şeir demələri də məlumdur. Məsələn, İmam Əlinin (ə) şeir divanı, Həzrət Fatimənin (ə) Peyğəmbərin (s) vəfatı zamanı söylədiyi şeirlər, eləcə də, İmam Hüseynə (ə) aid edilən şeir nümunələri məşhurdur.