İran Hörmüz boğazını bağlaya bilər

İran milli maraqlarını qorumaq məcburiyyətində qalaraq Hörmüz boğazını bağlaya bilər.

AZƏRTAC İranın “Press” TV kanalına istinadən xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun admiralı Əlirza Tənsirri deyib. Onun sözlərinə görə Fars körfəzi və Hörmüz boğazları İranın nəzarətindədir.

İranlı admiralın bu sözləri beynəlxalq mətbuatın gündəmindədir. BBC-nin redaksiya məqaləsində bildirilir ki, vəziyyətin bu həddə çatması hərbi qarşıdurma ehtimalını artırır. Xatırladaq ki, ABŞ-ın müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə yanaşı, Fars körfəzi sahilindəki digər ölkələr də məhz Hörmüz boğazı vasitəsi ilə istehsal etdikləri nefti dünya bazarına çıxarırlar.

Qeyd edək ki, ötən gün ABŞ administrasiyası İranla əməkdaşlığı davam etdirmək üçün 8 ölkəyə verdiyi 180 günlük güzəşt müddətini uzatmayacağını bəyan edib. Bu ölkələr Çin, Yunanıstan, Hindistan, İtaliya, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyədir. ABŞ bu dövlətlərə mayın 2-dək İrandan neft almağa icazə vermişdi.

Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, rəsmi Ankara ABŞ-ın İrandan neft idxalına görə bir sıra ölkələrə verdiyi möhləti uzatmamasına mənfi yanaşır. Onun sözlərinə görə, möhlətin başa çatması qərarı regionda sülh və sabitliyə xidmət etmir, İran xalqına da ziyan vuracaq.

Yaponiyanın Xarici İşlər Nazirliyi isə bəyan edib ki, möhlətin daha da uzadılması üçün ABŞ ilə danışıqlar aparacaq.

ABŞ-ın qərarı dünya bazarında neftin qiymətinə təsir göstərib. Bu gün Nyu-York və Londan birjalarında neftin 1 barrelinin qiyməti 2 dollara yaxın yüksəlib.

 

Share: