
“Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurub: “Bədəndə bir parça ət var. O sağlamdırsa, bütün bədən sağlamdır. Sağlam deyilsə, bədən də xəstədir. Həqiqətən də, bu ət parçası – ürəkdir”…”
“Fikirləriniz sözlərinizə çevrilir. Sözləriniz əməllərinizə çevrilir. Əməlləriniz dəyərlərinizə çevrilir. Dəyərləriniz taleyinizə çevrilir…”- Mahatma Qandi
“Biz ruhla bədəni ayırmağa, birincini psixoloqlarla, ikincini isə həkimlərlə müalicə etməyə öyrəşmişik. Ancaq adətən yalnız fiziki simptomları müalicə etmək xəstəliyi aradan qaldırmır – bir müddət sonra simptomlar yenidən qayıdır. Səbəb?..”
“Ürək, qəlb bizim düşüncələrimizdən, inanclarımızdan, şüurlu arzularımızdan deyilsə, haradan başlayır? Əgər insan sağlam olmaq istəyirsə, o zaman ilk növbədə qəlbinin sağlamlığının, düşüncələrinin saflığının qayğısına qalmalıdır…”
Yaşadığımız “müasir” dediyimiz bu dövrdə bəşəriyyəti narahat edən əsas problemlərdən biri getdikcə sağalmaz xəstəliklərin artması və həm də ildən-ilə müxtəlif yeni mərəzlərin peyda olmasıdır. Bəs elmin, texnologiyanın, tibbin, səhiyyənin ən yüksək inkişaf nöqtəsinə çatmasından bəhs edildiyi, artıq insan beyninə adekvat olması nəzərdə tutulan süni intellektin yaradıldığı belə bir zamanda insanın xəstəliklər qarşısında aciz qalmasına səbəb nədir? Sən demə, səbəb çox sadədir: məhz süni texnologiyalar çoxaldıqca insan get-gedə Allahdan, Yaradandan və deməli, təbiilikdən uzaqlaşır, nəticədə onun düşüncə və həyat tərzi mənfi istiqamətdə dəyişir. Xəstəliklərin çoxu da məhz bu iki amildən qaynaqlanır: qeyri-sağlam düşüncə və həyat tərzi… Həyat tərzini, mənfi və ya müsbət davranışları, vərdişləri formalaşdıran da məhz düşüncə tərzidir…

Moderator.az-ın dəyərli oxucularına təqdim etdiyimiz psixoloq-məsləhətçi, “transaksiya təhlili” istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının (ATAA) üzvü Asya Qagiyevanın “Düşüncələr necə xəstəliklərə çevrilir” məqaləsi bəhs edilən mövzunun bir çox tərəflərini açıqlayır:
“Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Mahatma Qandinin məşhur kəlamlarından biri belədir: “Fikirləriniz sözlərinizə çevrilir. Sözləriniz əməllərinizə çevrilir. Əməlləriniz dəyərlərinizə çevrilir. Dəyərləriniz taleyinizə çevrilir…”
Transaksiya təhlilində belə bir “inam” var – insanın inanclarına görə insanın həyat ssenarisini, onun həyatdan uğurlu və razı qalacağını, yoxsa bədbəxt və “məğlub” olacağını “proqnozlaşdırmaq” olar. Düşüncələr insanın qərarlarına, vəziyyətinə və… orqanizminə təsir göstərir. Və məzmunundan asılı olaraq, onlar ya şəfa, ya da xəstəlik gətirə bilər…
Düşünmə prosesi vakuumda baş vermir, bədəndə (beyində) baş verir və bütün orqanizmə təsir göstərir. Bəs bu, necə baş verir? ” Bədəndə “liqandlar” (“ligare” sözündən – bağlamaq) adlanan beyin və bədən arasında əlaqəni təmin edən “kuryer”lər yaşayır. Onların köməyi ilə beyin hüceyrəyə təsir edir və bu proses saniyənin mində birində baş verir. Liqandlar üç növə bölünür: beyin-zehin agentləri (neyrotransmitterlər, yaxud neyromediatorlar), beyin-bədən agentləri (neyropeptidlər) və bədən səviyyəsində hisslər yaradan hormonlar…
Bir insanın düşüncəsi yarandıqda beyində müəyyən bir kimyəvi maddə istehsal olunur – sanki bədənə “sifariş” verilir. Neyrotransmitterlər – beyindən şüura xəbər aparanlar sinir əlaqələrini aktivləşdirir, nəticədə əvvəlki düşüncəyə uyğun gələn zehni təsvirlər yaranır. Neyrotransmitterlər “estafet”i hormonlara ötürür – onlar toxumalara yapışaraq hormon istehsal prosesini işə salırlar. Hormonlar isə öz növbəsində müəyyən hisslərin yaranmasından məsuldur. Başqa sözlə desək, bundan öncə fikrin, düşüncənin verdiyi “sifariş”i icra edir. Yəni insan rəngbərəng fikirlər, sevgi və minnətdarlıq düşüncələri ilə dolu olduqda, onun bədəni bu düşüncələrə uyğun maddələr istehsal edir. İnsanın beyni qorxu və neqativ düşüncələrlə dolu olanda bədəndə dərhal narahatlıq, həyəcan və qıcıqlanma yaranır. Proses o qədər tez baş verir ki, insanın bədəndəki bu dəyişiklikləri izləməyə vaxtı olmur…

Bəs xəstəlik niyə yaranır?..
Əksər insanlar hiss etmirlər ki, emosional yüklü bir hadisə haqqında düşünmək hadisənin özü ilə paralel eyni neyron ardıcıllığını aktivləşdirir. Beyin keçmiş üçün proqramlaşdırılır və neyron əlaqələri daim gücləndirilərək getdikcə daha güclü neyron şəbəkəsi əmələ gətirir. Bundan əlavə, düşüncələrin təsiri altında beyində və bədəndə real hadisə zamanı olduğu kimi eyni maddələr (müxtəlif konsentrasiyalarda) əmələ gəlir. Və bu maddələr bədənə duyğuları daha da möhkəm xatırlamağa kömək edir. Təkrarlanan fikir və hisslərin kimyəvi təsiri və eyni sinir əlaqələrinin aktivləşməsi və güclənməsi zehni və bədəni məhdud proqramlar dəstinə bağlayır…
Biz hadisələri təkrar-təkrar – həyatımızda bir neçə min dəfə yaşamağa qadirik. Bədənin müxtəlif emosional vəziyyətləri xatırlamasına səbəb olan məhz şüursuz təkrardır (onun təsirləri ağıldan üstün olmadığı halda onunla müqayisə oluna bilər). Bədən ağıldan daha yaxşı bir şeyi xatırladıqda – başqa sözlə, bədən ağıl olduqda – vərdiş dediyimiz şey formalaşır…
Psixoloqlar deyirlər ki, insan şəxsiyyətinin formalaşması təxminən 35 yaşında tamamlanır. Bu o deməkdir ki, aramızda 35 yaşdan yuxarı olanlarımız bizim şüuraltı proqramlarımıza çevrilmiş bir sıra davranışlar, inanclar, dünyagörüşü, emosional reaksiyalar, vərdişlər, bacarıqlar, assosiativ xatirələr, şərtləşdirilmiş reaksiyalar və qavrayışlar toplusunu öyrənmişik. Və bu proqramlar bizə rəhbərlik edir, çünki bədənimiz ağıl rolunu öz üzərinə götürüb…
Alimlər müəyyən ediblər ki, bir çox xəstəliklər orqanizmdə xəstəliyin ilk əlamətləri görünməzdən bir neçə onillik əvvəl yaranır. Biz ruhla bədəni ayırmağa, birincini psixoloqlarla, ikincini isə həkimlərlə müalicə etməyə öyrəşmişik. Ancaq adətən yalnız fiziki simptomları müalicə etmək xəstəliyi aradan qaldırmır – bir müddət sonra simptomlar yenidən qayıdır. Səbəb? Xəstəlik kökündən sağalmayıb; düşüncə, inanc, həyat tərzi, özünə və başqalarına münasibətlə bağlı heç bir iş görülməyib. Axı, bəzən ciddi bir xəstəliyin əsası insanın qanının kimyəvi tarazlığını dəfələrlə pozan, onun sağalmasına mane olan tutqun, “gəmirici”, dərin düşüncədir…
Mənim praktikamda elə hallar olub ki, ıncidən şəxsin bağışlanması, keçmiş münasibətlərdən müdrik şəkildə ayrılma, qəzəbi minnətdarlığa çevirmək fiziki sağalmağa təkan verib – müştərilərimə əzab verən bədən xəstəlikləri geri çəkilib. Bəzən bu, möcüzə təsiri bağışlayırdı. Lakin genişmiqyaslı artımdan sonra belə hallar tamamilə təbii görünürdü…
Peyğəmbərimiz- Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurub:
“Bədəndə bir parça ət var. O sağlamdırsa, bütün bədən sağlamdır. Sağlam deyilsə, bədən də xəstədir. Həqiqətən də, bu ət parçası – ürəkdir”.
Ürək, qəlb bizim düşüncələrimizdən, inanclarımızdan, şüurlu arzularımızdan deyilsə, haradan başlayır? Əgər insan sağlam olmaq istəyirsə, o zaman ilk növbədə qəlbinin sağlamlığının, düşüncələrinin saflığının qayğısına qalmalıdır…Və o halda sağlam ruh sağlam bədən doğuracaq. Bu həm təcrübədə, həm də elmi laboratoriyalarda dəfələrlə müşahidə edərək əmin olduğumuz bir şeydir…”
Tərcümə və təqdim etdi:
Sultan Laçın