Radiologiya sahəsindəki ən son yeniliklər, süni intellekt və Köln komandası

Radiologiya sahəsindəki ən son yeniliklər, süni intellekt və Köln komandası

Dünən Almaniyanın Köln şəhərində 40 illik ənənənin davamı olaraq “RSNA Update – onkoloji xəstələrdə diaqnostik və invaziv müayinə, eləcə də müalicə metodları” adlı iki günlük beynəlxalq konfransı bitirdik.

 

Radiologiya sahəsindəki ən son yenilikləri əhatə edən elmi və praktik çıxışlarda yeniliklərin, xüsusən də gündəlik tətbiq etdiyimiz süni intellektin Almaniyanın səhiyyə sisteminə, eləcə də radiologiya sahəsində rolunu birgə müzakirə etdik. 

 

Ən son elmi nəticələr çox maraqlıdır və müzakirələrin, eləcə də yeni elmi tədqiqatların aparılmasına zəmin yaradır. Kölndə etdiyimiz tədqiqatlarla da elmi əsaslı qısa deyə bilərəm ki, tibb sahəsində radiologiya süni intellektin ən çox istifadə edildiyi sahələrdən biri olsa da, keyfiyyətə məsuliyyətli nəzarəti və xəstəyə göstərilən keyfiyyətli xidməti qarşıdakı 10 ildə əvəz edə bilməyəcək. Amma həkim üçün önəmli sayılan bir çox önəmli məsələləri öz üzərinə götürəcək. Bundan başqa, süni intellekt hər zaman ciddi dəstəkləyici vasitə olaraq özünü inkişaf etdirəcək.

 

Tədbirin bizlər – Köln komandası üçün başqa bir mənəvi dəyəri də var. Belə ki, bizlər – illərlə Kölndə bir yerdə çalışan və hazırda isə Almaniyanın fərqli şəhərlərində klinika rəhbərləri olan dostlar məhz bu tədbirdə Kölndə bir araya gəldik. 

 

Birlikdə keçən illəri, yuxusuz gecələri, yorğun səhərləri xatırladıq, bizdən sonra gələn Köln komandasına nümunə kimi danışdıq. Fərqli hisslər idi…

 

Mənim üçün böyük fəxr idi ki, bu cür beynəlxalq tədbirdə çox önəmli sessiyalarda sədrlik mənə də həvalə edilmişdi. İlk sessiyada kompütertomoqrafiya təqdim edən dünyanın ilk ən böyük 4 şirkəti önümüzdəki 5 ildə planladıqları yenilikləri açıqladılar. Digər sessiyada isə onkologiya sahəsində ən yeni müayinə və invaziv müalicə metodları tədbir iştirakçılarına təqdim edildi.

 

Dostlar, bir daha əmin oldum ki, innovasiyalar innovativ düşünən insanlarla olur. Zamanında qazandığınız dostluqlar da, yaşamağı seçdiyiniz fərqliliyə dəyər verən cəmiyyət kimi doğru olmalıdır. Bunları bacarsanız istədiyiniz hər bir böyük uğuru qazana bilərsiniz.

 

Kölndən sevgilərlə!

 

Nuran Abdullayev
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri, tibb elmləri doktoru, dosent

Mənbə

Share: