
Xəbər verdiyimiz kimi, Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində rektor Azərbaycan müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Kərim Vəliyev, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.
Modern.az-ın məlumatına görə, görüşlərdə Azərbaycan Milli Müdafiə Universitetinin yeni rektoru polkovnik Gündüz Əbdülov da iştirak edib. Bu, onun ilk görüşüdür.
Qeyd edək ki, bir neçə gün öncə Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev vəzifəsindən azad edilib. Onun əvəzinə polkovnik Gündüz Əbdülov gətirilib. Şuşa şəhərində anadan olan 48 yaşlı Gündüz Əbilov 2000-ci ildə Türkiyədə Milli Müdafiə Universitetində “sistem mühəndisliyi” ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib.
2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlayıb, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb.