Türkiyədə və bir sıra Avropa ölkələrində ödəniş etməklə həqiqi hərbi xidmət keçməmək mümkündür. Şəxs hərbi xidmət keçməsə belə, yenə də, orduya xidmət etmiş olur. Belə ki, onun hərbi xidmətə getməmək üçün verdiyi pul ordunun müəyyən təchizatlarının alınmasına və digər məsələlərə sərf olunur.
Azərbaycanda da son illərdə bu barədə müzakirələr aparılır. Müzakirələr, xüsusilə Qarabağın tam azad olunmasından sonra intensivləşib.
Ödənişlə hərbi xidmət keçməmək qaydasını Azərbaycanda tətbiq etmək olarmı? Ümumiyyətlə buna ehtiyac varmı?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, dünya praktikasına diqqət etmək lazımdır:
“Azərbaycanda hazırda ödənişlə müddətli həqiqi hərbi xidmət keçməmək məsələsi yoxdur. Bu məsələnin müzakirəsi ilə bağlı qanunda dəyişikliklərlə bağlı məsələ yoxdur.
Ümumiyyətlə, biz bütün dünya praktikasına baxmalıyıq. Psixoloji faktorlar, bütün proeslər nəzərə alındıqdan sonra bununla bağlı müəyyən dinləmələr keçirmək olar. Yaşadığımız regionun xüsusiyyətləri də nəzərə alınmalıdır. Əgər biz türk dövlətlərinin ordu formasına, NATO standarlarına keçiriksə, bütün standartlardan yararlanmaq lazımdır. Bununla bağlı müvafiq müzakirələr aparmaq olar. Bugünkü vəziyyət üçün isə bu, elə də əlverişli variant deyil”.
Hərbi ekspert Ədalət Verdiyev isə vurğulayıb ki, ödənişlə hərbi xidmət keçməmək məsələsi 5-10 il sonra müzakirə oluna bilər:
“Azərbaycadan məcburi hərbi xidmətdən ödəniş qarşılığında azad olunma məsələsi rəsmi formada, parlament səviyyəsində müzakirə olunmur. İctimai müzakirələrin keçirilməsi üçün də hələlik erkən olduğunu düşünürəm. Ortada nə Ermənistanla sülh müqaviləsi, nə sərhədlərin delimitasiya və demarkasiyası var. Eyni zamanda düşmənin bundan sonra təxribat törətməyəcəyinə dair real zəmanətlər mövcud deyil. Ona görə də bu məsələlərin müzakirəsi yaxın 5-10 ildən sonra mümkün ola bilər”.