
Qarabağın azad edilməsi uğrunda başlayan Vətən Müharibəsində Azərbaycan hərtərəfli birlik nümayiş etdirdi. Dövlət və millət birlikdə qeyri-adi zəfər qazandı. Bu gün cənab İlham Əliyev qalib komandandır.
Bu barədə Türkiyənin “haber7” portalı yazıb.
“Qurucu lider Heydər Əliyevin yolu ilə dövləti addım-addım quran İlham Əliyev indi seçkilərdə 30 illik erməni işğalına son qoyan qalib sərkərdə kimi yenidən Azərbaycan xalqının qarşısına çıxır. Azərbaycanda qələbədən sonra bir çox islahatlar aparıldı. Camaatın rifah halı günü-gündən yaxşılaşır”, – deyə məqalədə bildirilib.
Xüsusi vurğulanıb ki, dünyada iqtisadi durğunluğa baxmayaraq, Azərbaycan ildən-ilə inkişaf edir: “Neft və təbii qazla yanaşı, kənd təsərrüfatında və digər sahələrdə də irəliləyir. Özəl sektor informatikadan bank işinə qədər hər sahədə inkişaf edir. Bu arada işğaldan azad edilmiş Qarabağda quruculuq, məskunlaşma və məşğulluq sahəsində aktiv işlər aparılır. Belə bir şəraitdə Azərbaycanda Prezident seçkiləri bir il irəli çəkildi və fevralın 7-də seçkilər keçirəcək”.
Məqalədə daha sonra bildirilir ki, İlham Əliyev də daxil olmaqla, indiyədək 7 namizəd var: “Azərbaycandakı dostlarımızla görüşümüzdən də başa düşürük ki, “müharibənin qalib komandiri Əliyev də seçkinin mütləq qalibi olacaq”.
“Ümid edirəm ki, mərhum Heydər Əliyevin məşhur “İki dövlət, bir millət” kəlamını yerinə yetirmək üçün Türkiyə-Azərbaycan əlaqələri daha da möhkəmlənəcək”, – deyə məqalədə qeyd edilib.


