Bu gün Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilir. Saat 08:00- da başlayan səsvermə 19:00-da başa çatacaq. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir.
Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparır.
Modern.az-a seçki prosesi ilə bağlı danışan deputat Rüfət Quliyev artıq səsvermə hüququndan istifadə etdiyini söyləyib:
“Üç dəfə cəhd göstərdikdən sonra səs verə bildim. Televiziyalarda çıxışlarım olacağı üçün məcburiyyət qarşısında xahiş etdim ki, məni növbədən kənar buraxsınlar. Mən 2008-dən bütün MDB ölkələrində dəfələrlə seçkilərdə olmuşam. Heç birində belə aktivlik görməmişəm. İnsanlarda yüksəs abu-hava var. Aparıcı, demokratik ölkələrdə maksimum 25-30 % seçici seçkiyə gəlir, yaxud da elektron səsvermədə iştirak edir. Mən düşünürəm ki, bu gün 90-95 faiz seçici səs verəcək. Ona görə ki, böyük aktivliyin olduğunu gördüm. Səhər saat 10 üçün 19% seçici iştirak edib. Bu çox möhtəşəm bir rəqəmdir”.
Deputat Naqif Həmzəyev seçki ilə bağlı müşahidələrini bölüşüb:
“Səsvermədə iştirak etdim. Əvvəlki dövrlərdən fərqli olaraq, seçki məntəqəsinin qarşısında böyük növbə ilə qarşılaşdım. Bu səbəbdən də xeyli gözləməli olduq. Hətta ərazidə yerləşən digər məntəqələrdə də seçicilərin növbədə olduğunu müşahidə etdim. Bu onu deməyə imkan verir ki, növbədənkənar Prezident seçkilərinə çox böyük maraq var.
Seçicilərimiz elə ilk saatlardan gəlib, öz səsvermə hüquqlarından istifadə etmək istəyirlər. Bu həqiqətən bizi sevindirir. Çünki növbədənkənar Prezident seçkiləri çox ələmatdar və tarixi bir gündür. Bu bizim zəfər seçkimizdir”.
Deputat seçkinin çox aktiv keçdiyini söyləyib:
“Biz ilk dəfədir ki, bütün ərazilərimizdə səsvermə keçirdirik. Hər bir Azərbaycan vətəndaşının arzusu çin olub.
Mən həm də seçkidə müşahidəçiyəm. Müşahidələrimə davam edirəm. Günün sonunda da məntəqələrin birində səslərin sayılması prosesini müşahidə edəcəm. Bu saata olan müşahidələrim nəticəsində onu deyə bilərəm ki, aktivlik var. İnanıram ki, seçicilərimizin böyük əksəriyyəti səsvermə hüquqdan istifadə edəcək. Düşünürəm ki, bu seçkilər demokratik və azad keçiriləcək. Azərbaycanın gələcəyi üçün xeyirli-uğurlu olacaq”.
Deputat Azər Badamov da səsvermə hüququndan istifadə etdiyini deyib:
“Xalq bu seçkidə böyük aktivlik nümayiş etdirir. Ölkədə bir bayram əhval ruhiyyəsi var”.