
Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub.
Belə mühüm günlərdən biri də 2003-cü il oktyabrın 15-nə təsadüf edir. Həmin gün ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi.
2008-ci ilin oktyabrında xalq yenə də “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”, – deyən Prezident İlham Əliyevə səs verdi. 2008-ci ilin prezident seçkiləri ölkədə və dünyada böyük rezonans doğurdu. Çünki xalqın yenidən İlham Əliyevə etimad göstərməsi onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı idi. İkinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin fəaliyyəti, əslində, müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrildi.
2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq öz seçimini etmək üçün kütləvi şəkildə yenidən məntəqələrə axın etdi. Vətəndaşların səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı.
Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur.
Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi, xalqımızı ordumuzun etibarına inandırdı.
2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarını yüksək səviyyədə qəbul etdi. İctimai-siyasi sabitliyin, iqtisadi inkişafın hökm sürdüyü Azərbaycan cəmiyyətinin tolerantlığı belə mühüm tədbiri həyata keçirmək üçün siyasi iradəyə, iqtisadi qüdrətə və zəruri infrastruktura malik ölkəmizin sahib olduğu güclə vəhdət təşkil etdi. Azərbaycan qədim və zəngin mədəniyyətini, modern və sivil ölkə olduğunu təqdim etmək üçün mühüm beynəlxalq arena qazandı.
2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın gücünü, onun müsəlman dünyasında oynadığı rolu göstərdi.
Beləliklə, güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev 200 illik tarixi gedişi dəyişdirib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam təmin edib, xalqımızın ən böyük arzusunu reallaşdıraraq Xankəndidə Azərbaycan bayrağını ucaldıb.
Ümummilli Liderimiz Heydər Əliyev kimi Azərbaycan xalqının inamını özünə qaytarıb, xalqı bir yumruq kimi birləşdirməyə nail olub. Bunun nəticəsində də tarixi torpaqlarımız düşmən tapdağından azad edilib. Prezident İlham Əliyev bu gün müstəqil siyasət yürüdən, dünyada heç bir qüvvənin təsir edə bilmədiyi Azərbaycanı qüdrətli dövlətə çevirib. Müdrik lider İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə Azərbaycan üçün tək döyüşüb, mübarizə aparıb, bütün haqsız təhdid və təzyiqlərə dözüb. Onun yeganə dayaq nöqtəsi xalqıdır. Millətindən güc alan Ali Baş Komandan dünyada heç bir liderin edə bilmədiyini edib, heç kimin göstərə bilmədiyi cəsarət nümayiş etdirib.
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi məqbul idi və bu dəfə də Azərbaycan xalqı öz prezidentini referendum yolu ilə seçdi. Daha bir tarixi hadisəyə imza atdı. Xalqımızın bayram əhval – ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. 7 fevral seçkiləri sıradan bir seçki prosesi deyildi. Müstəqillik tariximizdə ilk dəfə olaraq suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə vətəndaşlar növbəti 7 il üçün dövlət rəhbərini seçirdilər. Bu baxımdan növbədənkənar prezident seçkiləri 44 günlük Zəfər savaşının və uğurlu antiterror tədbirlərinin xalq iradəsi ilə təsdiqlənəcək möhürü oldu və bu səbəbdən 7 fevral seçkiləri Zəfər seçkisi kimi tarixə yazıldı. Prezident seçkilərində seçici fəallığı -76,3 faiz oldu.Əliyev İlham Heydər oğlunun lehinə verilən səslər 4 milyon 567 min 458 səs təşkil etdi və 200 illik tariximizi şərəfləndirərək Vətəni bütövləşdirən xalqın mütləq qəhrəmanına çevrilmiş cənab İlham Əliyev böyük səs çoxluğu ilə qalib gəldi.
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi:
– Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!
Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi:
– Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.
Cənab Prezident öz nitqində seçkilərində böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürünü bildirdi.
Cənab İlham Əliyev vətəndaşın marağını hər şeydən üstün tutaraq daim xalqın içində olub, qayğılarını, problemlərini onların dilindən eşidib.
Məhz bu alicənablıq, böyüklük, Vətəninə bağlılıq kimi ali dəyərlər Prezident İlham Əliyevi xalqın namizədi kimi yüksək məqama çatdırdı. Xalqımız, dövlətimiz İlham Əliyevin liderliyi ilə ən qüdrətli dövrünün xoşbəxtliyini yaşayır.
Sevinc BahadurluŞ
Bərdə rayon N.Hüseynov adına Alpout kənd tam orta məktəbin informatika müəllimi