“3 yaşında “mən” anlayışına sahiblənən övladlarımızı 18 yaşında da sərbəst görmək istəmirik”

Ofelya Məmmədova: “Valideyinlər nəzərə almalıdır ki, uşaqları özlərinə görə yox, cəmiyyətə görə yetişdirməlidirlər”

 

Ailənin hər bir xalqın və cəmiyyətin həyatında həlledici rol oynadığı birmənalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də cari ilin 14 fevral tarixində nadiçmə məraisimindəki çıxışında ailənin roluna toxundu, milli-mənəvi dəyərlərə malik vətənpərvər gəncliyin yetişdirilməsində ailə faktorunun həlledici rol oynadığını qeyd etdi.

 

Moderator.az-a açıqlamasında valideyn və uşaq arasındakı münasibətlər sisteminə toxunan psixoloq Ofelya Məmmədova qeyd edib ki, cəmiyyətə yararlı, sağlam gəncliyin yetişdirilməsi üçün bəzi məqamlara diqqət yetirmək vacibdir:

 

“Hər bir uşağın şəxsiyyət kimi formalaşmasında ailədə ana və atanın uşağa münasibəti və davranışları əhəmiyətli dərəcədə təsir edir. Uşaqlar əvvəl ailənin, sonra cəmiyyətin güzgüsüdür. Onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafını, hərəkətlərini, şəxsiyyət kimi formalaşmasını təmin edir. Nəzərə alsaq ki, uşağın 3 yaşında artıq “mən” anlayışı yaranır. 3 yaşlı uşaqda “mən ” formalaşmağa başlayır. O, özünü sübut etməyə  çalışır. “Mən” ifadəsi ilə artıq “məni görün”, “mən özüm edərəm”, “mənə sərbəstlik verin” mesajlarını verir. Bu dövr “3 yaşın böhranı” adlanır. Bu dövrdə böyüklər uşağın müstəqilliyini, özünəgüvəni, sərbəstliyini lazımi şəkildə təmin edərlərsə, çətinliklər aradan qaldırıla bilər.

 

Uşaq anlamalıdır ki, siz onu bir insan kimi qəbul edir, istəklərinə, tələbatlarına önəm verirsiniz. Lakin biz övladlarımızı heç 18 yaşında da sərbəst görmək istəmirik, onlarla hesablaşmır, fikirlərini önəmsəmirik. Axı o əşya deyil, niyə bunu anlamırıq? Bəyənmədiyimiz hərəkətlərini gördükdə misallar gətiririk: “Biz atamız evə gələndə bunu edərdik”, “Biz valideynimizin yanında bunu etməzdik”. Deməli, biz özümüz kimi davranmırıq. Atamızı necə görmüşüksə, özümüz də elə ata olmaq istəyirik. Hətta çox zaman bundan narazı olsaq belə.

 

Çox az hallarda valideyn öz düşüncəsi, şəxsi təcrübəsi əsasında tərbiyə üsulu seçir.Valideynlər uşaqlarına çərçivədən çıxmamaq şərti ilə, cəmiyyətin qayda-qanunlarına zidd gəlməyən şəkildə sərbəstlik verməlidir. Onlarla hər yaşda necə davranmalı olduğuna diqqət yetirməlidir. Uşaqların 3 valideyni olur. Ata,ana və ata ananın arasındakı münasibət. Onların münasibətindəki xoşagəlməz davranış uşağın psixikasına mənfi şəkildə təsir edir.

 

Uzun müddət cinayətkarlıq edən, deviant davranış nümayiş etdirən, həmçinin cəmiyyətə ziyan vuran insanların həyatını araşdırdıqda belə nəticəyə gəlmək olur ki, onlar öz uşaqlıq dövrlərində hər hansısa travmayla, həyatları boyu unudulmayacaq bir hadisəylə qarşılaşıblar. Bu, natamam ailədə böyüyən uşaqdan tutmuş, düzgün tərbiyə almayan ailənin övladlarına şamil olunur. Heç bir şey səbəbsiz deyildir. Mütləq onun görünən, bilənən və ya gizli tərəfləri olur.

 

Valideyinlər nəzərə almalıdır ki, uşaqları özlərinə görə yox, cəmiyyətə görə yetişdirməlidirlər”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: