
“Bu sahəni başlı-başına buraxmaq olmaz. Deyə bilmərəm ki, gənclər istedadsızdır. Onların əksəriyyətindən razıyam. Yaxşı oynayırlar. Söhbət seriallardakı aktyorlardan gedir. Hamı çəkir, yaxşı seriallar da var, filmlər də. Təəssüf ki, yaxşıların sayı azdır. Kinoteatrlarda komediya filmi adı altında kinolar nümayiş olunur. Mən onlara, Fərdaya baxa bilmirəm. İnsanların zövqünü korlayırlar, onları aldadırlar ki, bu komediyadır. Kinoya ümidim yoxdur. Hələ çox illər keçəndən sonra bəlkə özünə gələ bilər. Təkcə Azərbaycanda yox, bütün dünyada vəziyyət belədir. Kino odur ki, sən nə demək istəyirsən?! İnsanlara necə kömək etmək istəyirsən?! Bütün bunları göstərməlisən. Kinoteatrlara gedə bilmirəm, amma əlbəttə ki, mütləq kinoteatrlar işləməlidir. Biri var kinoya evdə baxasan, biri də var ekranda, qaranlıqda, bütün fikrin-zikrin orada olsun və hadisələri yaşayasan. Bizim xalq kinonu çox sevir”
Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, sevilən aktrisa Elmira Şabanova deyib. O daha sonra əlavə edib.

“Məni narahat edən bir məqam da odur ki, efirlərdə yalnız eyni filmləri göstərirlər. Maraqlısı da burasındadır ki, bu sualla bir çox tamaşaçı mənə müraciət edir. Elə bil ki, kinostudiyada ancaq o filmlər çəkilib. Məsəl üçün ən çox gördüyümüz “Bəyin oğurlanması”, “Əhməd haradadır?” və s.filmlərdir. Maraqlısı da budur ki, o filmlər o vaxtı, Sovet dövründə bizim korifeylərimizin qiymətləndirdiyi filmlər arasında deyildi. Bu filmlər “polkada” qalmışdı” deyə sənətkar bildirib.
Xalq artisti kinoittifaqların birləşməsini istəyir.
“İki kinoittifaq bizə lazım deyil. Birinə Şəfiqə Məmmədova, o birinə Rasim Balayev rəhbərlik edir. Mən və yoldaşım uzun illər Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi ittifaqda olmuşuq. Orada kino günləri çox maraqlı qeyd olunurdu. Xarici aktyorları, rejissorları dəvət edirdilər. Mənə elə gəlir ki, bir kinoittifaq işləməlidir. Bu da Rüstəm İbrahimbəyovun uzun illər rəhbərlik etdiyi ittifaqdır. Orada Rasim Balayev, Əli İsa Cabbarov kimi peşəkarlar var” deyə sənətkar bildirib.
Xalq artisti nadir hallarda müsahibə verməsinə belə aydınlıq gətirib.
“Mən dürüst danışan insanam. Yalanım yoxdur. Tez-tez jurnalistlər məndən müsahibə almaq istəyir. Əksər hallarda çıxış etmirəm. Niyə? Çünki yalandan danışa bilmirəm. Düzünü də deyəndə kimlərsə inciyir. Onlara görə xasiyyətimi dəyişə bilmərəm” deyə sənətkar bildirib.
Elmira Şabanova plastik əməliyyat etdirən sənət adamlarından da danışıb.
“Baxırsan ki, aktrisadır, müğənnidir, amma hamısı bir-birinə oxşayır. Seçmək olmur ki, kim kimdir?! Eyni həkimin yanına gedirlər. Plastik əməliyyat hamıya yaraşmır axı. Təbiilik başqa şeydir. Həkimə nə var ki? Doğrayıb tökür, pulunu alır. Kino sahəsində çalışan aktrisalar ümumiyyətlə plastik əməliyyat etdirməli deyillər. Çünki kino təbiiliyi tələb edir və sevir” deyə sənətkar bildirib.
Xalq artisti oynamaq istədiyi rollardan da danışıb.
“Ömür boyu fədakar qadın, ana rollarını oynamışam. İndi çəkilsəydim mafiya qadın rollarını oynayardım. Öz xarakterimə tamamilə yad, oxşamayan obrazlar istəyirəm. Özünü oynamağa nə var ki? Əsas odur ki, özün olmayanı oynayasan” deyə aktrisa bildirib.