Bal yarmarkası başa çatıb, 110 tona yaxın arıçılıq məhsulu satılıb

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 28 sentyabr – 18 oktyabr tarixlərində Bakıda keçirilmiş Arıçılıq məhsullarının 20-ci Respublika sərgi-satış yarmarkası başa çatıb.

ASC-dən verilən məlumata görə, builki yarmarkada ölkənin 37 rayon və regionu üzrə 321 arıçı iştirak etdi. Yarmarkada iştirak edən hər arıçıya satışa hər arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququ verilib. Yarmarkaya təqdim edilən bütün arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.

Ümumilikdə, bal yarmarkasına təqdim etmək üçün anbara 127,5 ton bal və 8,6 ton arı şanı olmaqla 136,1 ton arıçılıq məhsulu qəbul edilib. AQTA tərəfindən 3 241 nümunə götürülüb və laboratoriyada yoxlanılıb. Qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri uyğun olan 122,2 ton arıçılıq məhsulu satışa buraxılıb. Yarmarka müddətində ümumilikdə 109,7 ton arıçılıq məhsulunun – 102,6 ton bal və 7,1 ton arı şanının satışı həyata keçirilib.

Share: