“Bilirsiniz ki, Şəfiqə Axundova Şərqin ilk opera yazan qadın bəstəkarıdır. O dövrdə Şəfiqə xanımın özünə, bu gün isə ruhuna diqqətsizlik, hörmətsizlik edirlər. Şəfiqə xanım 2-ci Fəxri Xiyabanda dəfn olunub. 10 ildir ora gedib-gəlirəm. 2-ci Fəxri Xiyabana nəzarət edən Sabir müəllimə də şikayətimi, gileyimi bildirmişəm. Şəfiqə xanımın qəbirüstü abidəsinin yan tərəfindəki divar pis gündədir, uçulub. Həmin müraciətimin üstündən 5 il keçib, hələ də bir xəbər yoxdur. Şəfiqə xanımın məzarının yanında heç kimin qəbirüstü o cür deyil”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, görkəmli bəstəkar Şəfiqə Axundovanın qohumu, bacısının gəlini Svetlana Nəzərli deyib. O daha sonra əlavə edib.
“Məzarın yanındakı torpaq sahəyə bir neçə dəfə gül əkmişəm. Güllər də quruyub. Çünki torpağı yaxşı deyil. O gün başqa qohumlarımız da deyir ki, o məzara niyə baxmırlar?! 10 ildir necə dəfn olunubsa, məzar da o gündədir. Şəfiqə xanımın məzarı da taleyi kimi oldu. Şəfiqə xanım həyatı çox sevən qadın idi. Diqqəti sevirdi! O pulu sevməzdi, mənəvi keyfiyyətlərlə xoşbəxt olurdu. Zəng edib ona deyirdilər ki, mahnıların əladır, gözəldir. Sevindiyindən az qalırdı ki, uçsun. İstəyirdi ki, onu unutmasınlar. Əbülfəs Qarayev Mədəniyyət Naziri olanda hər şey edirdi, yeni nazirimizi tanımırıq, bilmirik. Onlar özləri diqqət göstərməlidirlər. Sizin vasitənizlə Mədəniyyət Nazirliyinə də müraciət edirik. Bir məzarıdır, ona diqqət istəyirik” deyə sənətkarın bacısının gəlini deyib.
Qeyd edək ki, Şəfiqə Axundova 2013-cü ildə 2-ci Fəxri Xiyabanda dəfn olunub.





