
Azərbaycan millisinin sabiq futbolçusu Mirbağır İsayevin bu gün yubileyidir.
Qısa futbolçu karyerasında həm “Neftçi”, həm də “Qarabağ”ın formasını geyinmiş mütəxəssis 50 yaşını qeyd edir.
Hazırda “Səbail” akademiyasının koordinatoru vəzifəsində çalışan Mirbağır İsayev “Report”a müsahibəsində həm şəxsi, həm də futbol həyatından danışıb.

– Əvvəla, yüzilliyi yarıladığınız üçün təbrik edirik. 50 yaşda özünüzü necə hiss edirsiniz?
– Təbrikə görə təşəkkür edirəm. Bu günümüzə şükür, 50 illiyimi yaxınlarımla, evdəki və işdəki ailəmlə qeyd edirəm. Yaşın üstünə yaş gəlir. Yaş artdıqca da insan özünə daha çox vaxt ayırmalı və sağlamlığına diqqət yetirməlidir. Gücümüz yerində olsun ki, işimizi davam etdirək və bacardığımız sahədə xeyir verək.
– İlk təbrik kimdən gəldi?
– Birinci ailəm, övladlarım təbrik etdilər. Həmçinin yaxınlarım, dostlarım da təbrik mesajları göndərdilər.
– Futbol camiəsində sizi kimlər unutmadılar?
– Futbol camiəsində ilk təbrik “Səbail”in icraçı direktoru Firuz Abdulladan gəldi. “Neftçi” rəhbərliyi də çağırdı, diqqət göstərdi. Həmçinin AFFA-dan, vaxtilə birgə çalışdığım futbolçulardan, məşqçilərdən, “Səbail”in oyunçularından da təbriklər aldım. Təbrik edən hər kəsə minnətdarlığımı bildirirəm.
– Doğum günlərinizi təmtəraqlı qeyd edirsiniz?
– Xeyr. Ancaq ailəm, övladlarım, yaxınlarımla evdə qeyd edirik. Hansısa məkanda yığıncaq təşkil etməyin heç vaxt tərəfdarı olmamışam.
– Ən gözəl yubiley hədiyyəsi nə oldu?
– Mənim üçün ən gözəl hədiyyə “Neftçi”də oynadığım zaman geyindiyim forma oldu. Gənc vaxtlarımda “Neftçi”də olmuşam, futbolçu kimi orada püxtələşmişəm, dahilərin yanında böyümüşəm. Məşqçi kimi də “Neftçi”də əziyyətim olub. “Neftçi” bizim tariximizdir.

– Doğum gününüzü ailənizdən uzaqda keçirdiyiniz vaxt olub?
– Bəli, çox olub. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çalışanda birinci mərhələni keçmişdik. II elit-raundu da keçsəydik, Avropa çempionatına vəsiqə qazanacaqdıq. 2014-cü ilin bu gününə təsadüf etdiyindən, 40 yaşımı millinin düşərgəsində qeyd etmişəm. Futbolçu dönəmimdə də ad günümü ölkə xaricində keçirdiyim anlar olub.
– Geriyə boylanıb baxanda həyatınızdan razısınız?
– Allah hər şeyi bizim xeyrimizə edir. Heç nə yarımçıq qala bilməz. Zədələrlə əlaqədar 25 yaşımda futbolçu karyeramı bitirmişəm. Uşaqlıq illərini də saysaq, ömrümün yarısını futbol oynamaqla keçirmişəm. Ondan sonra da bu sahə üzrə fəaliyyət göstərməyə davam etmişəm.
– “Kaş” dediyiniz bir an varmı?
– Xeyr, heç bir peşmanlığım yoxdur. 50 yaşa çatmışamsa, buna görə şükür edirəm.
– Hələ də həyata keçməyən arzunuz var?
– Arzular bitmir, onu gerçəkləşdirmək lazımdır. İş olan yerdə məqsəd də olur. “Səbail”in həm U-19 komandasının məşq prosesində yaxından iştirak edirəm, həm də akademiyasında koordinator kimi fəaliyyət göstərirəm. Hədəfimiz hər yaş qrupundan 2-3 uşaq yetişdirib Azərbaycan futboluna qazandırmaqdır.

– Azərbaycan futbolu deyəndə ilk növbədə milli komanda yada düşür. Yığmanın isə yeni baş məşqçisi hələ bəlli deyil. Siz yerli, yoxsa əcnəbi mütəxəssis tərəfdarısınız?
– Mənim bir fikrim var. Millinin baş məşqçisi Qurban Qurbanov olmalıdır. Özünü sübut etmiş, Azərbaycan futbolunu çiyinlərində daşımış bir məşqçi var, o da Qurban Qurbanovdur. İkincisini hələ görmürəm.
– Uzun müddətdir yığmada əcnəbi mütəxəssislər bir-birilərini dəyişirlər. Əcnəbi baş məşqçilər bizə nə veriblər?
– Şəxsən mən bundan sonra əcnəbi gətirilməsini istəmirəm. Bura gələnlər futbolumuza nə veriblər? Çox adamın adını çəkmək olar, amma ortaya nəticə qoymaq lazımdır. Milli komanda beynəlxalq arenada mübarizə aparır. Avropada da yalnız “Qarabağ” yüksək nəticələr qazanır. Bunun memarı isə Qurban Qurbanovdur. Buna görə də yeganə namizədim odur.

– Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində sabah Almaniyada “Bayer 04”ün qonağı olacaq. Bakıdakı ilk matçda 2:2 hesabı qeydə alınmışdı. Həmin görüş sizdə hansı təəssüratı yaratdı?
– “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matçın birinci hissəsini yüksək səviyyədə keçirdi. “Qarabağ”ın Azərbaycan, “Bayer 04”ün Almaniya çempionatında çıxış etdiyi hiss olunmurdu. Birinci hissəyə əsasən adama elə gəlirdi ki, bunun əksidir. Ancaq 60-cı dəqiqədən sonra güc baxımından hər şey göründü. Bu da komandaların iştirak etdikləri çempionatların fərqinin göstəricisidir.
– “Bayer 04” cari mövsüm hələ də məğlub olmayıb. Leverkuzen təmsilçisinin uğurlu seriyasını qırmaq nə dərəcədə real görünür?
– Ümid var. Komandaların şanslarını yenə də yarı-yarıya görürəm. Düzdür, “Bayer 04”ün seriyasını Bakıda qırmağa çox yaxın idik. Ancaq 2:2 hesabı da bizim üçün böyük uğurdur. “Bayer 04”ün Almaniya Bundesliqasının lideri olduğunu unutmayaq. Almaniya çempionatında olan sürət, intensivlik, təzyiq bizim Premyer Liqa ilə müqayisə oluna bilməz. Bunun fonunda “Qarabağ” rəqibi ilə başabaş mübarizə aparırsa, Azərbaycanı layiqincə təmsil edirsə, başda Qurban Qurbanov olmaqla, bu kluba təşəkkür etməliyik.